Aytac Vidadiqızı: “Kişilər mənə yaxınlaşmaqdan qorxmasınlar” - Fotolar
Bizi izləyin

Tabloid.az

Aytac Vidadiqızı: “Kişilər mənə yaxınlaşmaqdan qorxmasınlar” - Fotolar

Tabloid.az gənc müğənni Aytac Vidadiqızı ilə eksklüziv müsahibəni təqdim edir.

Tabloid.az gənc müğənni Aytac Vidadiqızı ilə eksklüziv müsahibəni təqdim edir.

- Aytac xanım, heyvanlara xüsusi sevginizin olduğunu eşitmişəm. Hətta evdə ceyran saxlayırsınız. Bu siyahını artırmaq, məsələn, onların sırasına ekzotik canlılar qatmaq istəmirsiniz?

- İnanın ki, şəhərimizdəki heyvan dükanlarından mən daha məşhuram. Heyvan almağım üçün bilirsiniz nə qədər təkliflər gəlir?!

- Ən qeyri-adi təklif hansı olub?

- Bu yaxınlarda mənə timsah təklif ediblər. Hər halda timsah almaq istədiyimi eşidiblər. Çoxdandı bu barədə düşünürəm. Fikrim var ki, balaca timsah alım.

- Bir ara at almaq istəyirdiniz, aldınız?

- Yox, almadım. Mənə qəşəng bir ingilis atı hədiyyə etdilər. Bilirsiniz də, ata xüsusi qulluq lazımdır. Ancaq baxa bilmədim. Ona görə də hədiyyə olunduğu yerə qayıtdı.

- Heyvanlara bu qədər sevgi hardandı?

- Bəzi insanlar var ki, onlara sevgi göstərirsən, amma qarşılığında nifrət görürsən. Heyvanlara isə diqqət göstərdikdə, onlar insana qarşı həddindən artıq sadiq olurlar. Bu səbəbdən heyvanları çox sevirəm. İnsanları daha çox tanıdıqca heyvanlara sevgim artır.

- Aytac xanım, panda almaq istəyiniz də var idi...

- Artıq bu istəyimdən vaz keçmişəm. İtimin adı onsuz da pandadır. Özü də pandaya bənzəyir. Ona xəyanət edib əsl panda almaq fikrindən yayınmışam.

- İlk ev heyvanınız hansı olub?

- Uşaqlıqdan heyvanlara xüsusi sevgim olub. Rəhmətlik atam mənə ev heyvanları gətirsə də, anam onu evdə saxlamağa icazə vermirdi. İlk ev heyvanım isə dovşan olub.

- Aytac xanım, şou biznesdə ən bahalı xobbisi olan müğənnisiniz. Xanımlar arasında elə ən bahalı avtomobil də sizinkidi. Ancaq adınız heç vaxt hansısa sponsorla hallanmayıb. Bu xərclərin öhdəsindən necə gəlirsiniz?

- Çox şükür ki, bu gün mənim səsimə tələbat var. Bəzi müğənnilərin toyu zəifləyəndə, mənim toy bazarım, əksinə, güclü olur. Özümlə fəxr edirəm ki, gündəmdə olan müğənnilərdən çox qazanıram. Bu, mənim şansımdır. Hətta efirə az çıxmağıma baxmayaraq, səsimə tələbat azalmır.

- Aytac xanım, sənətdə vizit kartınız hansı mahnıdır?

- Sənətdə vizit kartım “Sənsizəm” adlı mahnıdır. Bu mahnı mənim atamın da sənətində öz yerini tutub. Düşünürəm ki, elə bu səbəbdən də mənə uğur gətirdi. Əlbəttə ki, bu tam olaraq məni qane etmir. Çünki daha yüksək nailiyyətlər qazanmaq istəyirəm və buna nail olacağam. Bunu sevənlərim də görəcək.

- Əksər həmkarlarınız səs yazma və aranjeman üçün Türkiyəyə üz tuturlar. Sizin belə planınız var?

- Mən də burda aldığım mahnıları Türkiyədə yazdırıram. İfadan tutmuş, alətlər, aranjeman işlərini Türkiyədə etdirirəm. Orada keyfiyyət var. Bu səbəbdən ora üz tuturuq. İnşallah, Azərbaycanda da belə keyfiyyət olar, heç uzaqlara getməyə ehtiyac qalmaz.

- Türkiyədə klip çəkdirmək fikriniz var?

- Türkiyədə yox, Avropada klip çəkdirmək istəyərəm. Aygün Səmədzadədən həzin bir mahnı ifa etmişəm. Mahnı “Unuda bilmirəm” adlanır. Yaxın günlərdə radiolarda səslənəcək. Yaradıcılığımda ilk dəfədir ki, peşəkar bəstəkardan mahnı alıram. O da Aygün Səmədzadə oldu.

- Nə qədər pul xərclədiniz mahnıya?

- Aygün xanım səsimi çox bəyəndiyindən mahnını mənə təmənnasız verdi. Həmin mahnıya Avropada klip çəkdirəcəyəm.

- Aytac xanım, kifayət qədər bahalı xanımsınız. Sizin məşğuliyyətiniz və xərcləriniz çoxdur. Bu əks cinsin nümayəndələrini qorxutmur?

- Bunu düz deyirsiniz. Onlara demək istəyirəm ki, qorxmayın, ürəkli olun (gülür). Kişi ürəkli olar.

- Hansı tip kişilər ürəyinizcədir?

- Özüm qarabuğdayı olduğum üçün qara oğlanları sevmirəm. Bir az sarışın, bir az da alagöz olanları bəyənirəm. Amma əsas odur ki, kişi olsun. Boyu önəmli deyil. Bəstəboy da ola bilər. Özü də, incəsənət aləmindən olmasa yaxşıdır. Qazancı haqqında fikirləşmirəm. Özüm pul qazanıram da. Əsas məsələ odur ki, onu mənim pulum maraqlandırmasın. Hətta qazancı az da ola bilər. Hələlik sevdiyim biri yoxdur.

- Yaradıcılığınızda nə kimi yeniliklər gözlənilir?

- Yayda konsert vermək fikrim var. El şənlikləri də lazımdır. Müğənnilərin çoxu fikirləşmir ki, kənara çıxmaq lazımdır. Türkiyədə müğənnilər hətta kiçik zallarda da olsa, konsert vermək istəyirlər. Bu ənənə bizdə də olmalıdır. Mən də yay aylarında mini konsert təşkil edəcəyəm.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm