Bakıda özünü yandıran kişinin arvadı DANIŞDI - TƏFƏRRÜAT
Bizi izləyin

Qırmızı.az

Bakıda özünü yandıran kişinin arvadı DANIŞDI - TƏFƏRRÜAT

Bu gün saat 13:00 radələrində “Muğan Bank”ın Binəqədi rayon filialının qarşısında özünü yandıran Malik Hüseynovun intihara cəhd etməsinin təfərrüatı məlum olub.

Publika.az-ın əməkdaşı Malik Hüseynovun müalicə olunduğu xəstəxanada olub. Malik Hüseynovun həyat yoldaşı Aytəkin Hüseynova bildirib ki, şənbə günü onun həyat yoldaşı yol hərəkəti qaydalarını pozduğuna görə yol polisi tərəfindən cərimə olunub və avtomobili cərimə meydançasına aparılıb. Məlum olub ki, o artıq 2 aydır ki, “Muğan Bank”a olan borcunu ödəyə bilmirmiş və bu səbəbdən maşını müsadirə olunub:

“Şıxı adlı bank əməkdaşı bizə vəd verib ki, birinci gün gəlsə, avtomobili sənədlərlə birlikdə Malik Hüseynova təhvil verəcək. O, bu gün banka getsə də, avtomobilin sənədlərini və etibarnaməni ona verməkdən imtina ediblər. O, iki aya yaxın banka olan kreditini ödəyə bilmədiyi üçün bank işçisi ilə aralarında mübahisə yaranıb. Bundan sonra o, üzərinə benzin tökərək yandırıb. Həmin vaxt bank işçilərindən heç kim həyat yoldaşıma kömək etməyib. Yalnız küçədən keçən insanların köməyi sayəsində yanğını söndürmək mümkün olub”.

M. Hüseynovun qardaşı Rəhim Hüseynov isə bildirib ki, qardaşı bankdan 12 min manat kredit götürərək dəfn mərasimi üçün istifadə olunan avtomobil alıb. Lakin kreditin 8 min manatını ödəyib, qalan hissəsini ödəyə bilməyib. Buna səbəb avtomobilin mühərrikində yaranan problem olub. Həmin problemi həll etmək üçün xərcə düşüb və banka borcu yaranıb.

Hazırda Malik Hüseynovun vəziyyəti ağırdır və Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu (ADHTİ) yanıq şöbəsində reanimasiyaya yerləşdirilib.

Xəstəxananın həkimi Şahin Quliyev Publika.az-a bildirib ki, xəstə ikinci dərəcəli yanıq xəsarəti alıb:

“Xəstənin tənəffüs yolları ciddi zədələnib. Azı iki gün reanimasiyada qalmalıdır. Biz onun səhhətinin normallaşması üçün əlimizdən gələni edəcəyik”.

İntihar cəhdi ilə bağlı daha bir maraqlı məqam var. Aznews.az xəbər verir ki, özünü yandıran şəxs banka gəlməzdən əvvəl Binəqədi Rayon İcra Hakimiyyətində olub. O, İcra Hakimiyyəti Ərazi İdarəetmə Orqanları ilə iş şöbəsinin müdiri Ramiz Göyüşovla görüşüb. Banka borclu olan şəxs R.Göyüşovdan “Muğanbank”da işləyən oğlu və Mərkəz filialının sədri Rəşad Göyüşovdan və qardaşı oğlu “Muğanbank” ASC-nin Müşahidə Şurasının üzvü Urfan Göyüşovdan ona güzəşt etməsi üçün xahiş etməsini istəyib. Lakin R.Göyüşov oğlunun, eyni zamanda qardaşı oğlunun işlərinə qarışmadığını bildirib və banka müraciət etməsini məsləhət görüb.Qeyd edək ki, M. Hüseynovun 3 uşağı - iki oğlu və bir qızı var. Keçmiş Kirov qəsəbəsində kirayədə qalır və Göy məsciddə işləyir.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm