Tale Bağırzadənin dövlətə sui-qəsd planı: o, niyə Nardaranı seçmişdi?
Bizi izləyin

Nida.az

Tale Bağırzadənin dövlətə sui-qəsd planı: o, niyə Nardaranı seçmişdi?

Polisə silah sıxmaq dövlətə güllə atmaqdır. Bütün ölkələrdə bu belə qəbul olunur, o cümlədən Azərbaycanda. Nardaran hadisələrində atılan güllə də hansısa siyasi partiyaya, yaxud şəxsə qarşı deyil, məhz dövlətə qarşı idi.


Hadisə haqda rəsmi məlumatda deyilir: “Taleh Kamil oğlu Bağırov, Elman Seydəmir oğlu Ağayev, Zülfüqar Sədrəddin oğlu Mikayılov və Əbülfəz Heydət oğlu Bünyatov dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsi, şəriət qanunları ilə idarə edilən dini dövlət qurulması məqsədilə “Müsəlman birliyi” adlı hərəkat yaradıblar... 2015-ci il noyabrın 26-da Daxili İşlər Nazirliyi tərəfindən Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilibdir. Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılıb, əl qumbarası atılıbdır. Hücum edənlərin davamlı atəşinə cavab olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə cinayətkar dəstənin 4 üzvü məhv edilib, daha bir neçə nəfər yaralanıbdır. Əməliyyatın keçirildiyi ərazidə, silahlı cinayətkar dəstənin tərəfdarlarının çoxalmasına baxmayaraq, polis işçiləri öz xidməti vəzifələrini sonadək mərdliklə yerinə yetirib, 2 əməkdaş qəhrəmancasına həlak olubdur”.


Rəsmi məlumatdan da göründüyü kimi, məqsəd dövlətə qarşı qeyri-qanuni əməllərlə hücum etmək olub və bu hadisənin arxasında dayanan məqamlar da diqqətçəkəndir.


Əvvəlcə hadisə haqda: Baş verən silahlı insident bir çox suallar yaradır.


- Bu şəxslərin polisə qarşı istifadə etdiyi hansısa ovçuluq dükanından alınan ov tüfəngi yox, avtomat və əl qumbaraları olub. Azərbaycan ABŞ, yaxud bir sıra ölkələr kimi silahın küçədə satıldığı və ya rahat şəkildə əldə edilə biləcəyi ölkə deyil. Qruplaşma bu silahları haradan əldə edib?

- Hadisənin detalları qruplaşmanın əməliyyat haqda az da olsa məlumatlı olduğunu deməyə əsas verir. Qruplaşmanın lideri Tale Bağırzadənin adına “facebook”da yaradılmış səhifədə noyabrın 17-də yayımlanan videoda adıçəkilən şəxs deyir: “Biz bu gün səhih məlumat əldə etmişik ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən bizə qarşı əməliyyat keçiriləcək”.

T. Bağırzadə bunu publikaya yönəlmiş çıxış üçün də deyə bilərdi. Təbii ki, məsələnin araşdırılması da hüquq-mühafizə orqanlarının işidir. Lakin əməliyyat günü qruplaşmanın silahlı olması və polisə güllə atması həmçinin onu sübut edir ki, qruplaşma fəaliyyət yönlərini dini profil altında gizlədərək, ölkədə silahlı qarşıdurma yaratmaq istiqamətində əvvəlcədən hazırlıq aparıb.


Tale Bağırzadə və qruplaşması necə formalaşdı?


Cəmiyyətin böyük hissəsi “Müsəlman birliyi” hərəkatı adı altında təşkilatlanan bu şəxslər haqda sonuncu Aşura mərasimindən sonra yaranan qarşıdurma və daha sonra Sabunçu polis bölməsinə hücumdan sonra xəbər tutdu. Halbuki, Tale Bağırzadə noyabrın 26-da baş verən hadisəyə zəmin yaradacaq fəaliyyəti intensiv olaraq 2012-ci ildən başlayıb. Həmin ilin 5 oktyabr tarixində keçirilən “Hicab aksiyası”nın təşkilatçılarından biri məhz T. Bağırzadə idi və o, daha sonra bununla bağlı bildirmişdi: “Problemimiz təkcə hicab deyil. Bəzi məsələlər hicabdan da önəmlidir”. Həmin vaxtdan başlayaraq bu qruplaşmanın ölkədə silahlı müqavimət yaratmaq cəhdlərinin ilkin konturları görünürdü. Eyni planın içində olan və T. Bağırzadənin yaxınlığındakı Abgül Süleymanovun həmin ərəfədəki çıxışı da təhlükə anonsunu vermişdi.


Bu gün hadisələrə birdəfəlik son qoymalıyıq. Vəhşi heyvanlar bizi diri-diri parçalasa da, İslamın müdafiəsindən əl çəkməyəcəyik. Ya İslam düşmənlərinin əlini kəsəcəyik, ya da Allaha qovuşacağıq”, - deyə qruplaşmanın əvvəlki liderlərindən olan şəxs bununla sanki cihada çağırış edirdi.


Və heç də təsadüfi deyil ki, 2012-ci ildə Bakıda keçirilən “Eurovision”a-YOX deyək” aksiyasının icraçıları da bu qruplaşma idi. Həmin ərəfədə sosial şəbəkələrdə yaradılan “Eurovisiona-YOX deyək” qrupunda bu çağırış edilmişdi: “Azərbaycan dindarları üçün din uğrunda zindana düşmək qorxusu silinib. Artıq Azərbaycan möminləri şəhadət mədəniyyətini öz ruhlarında tərbiyələndirsinlər”.


Bütün bunlar dövlətə qarşı “cihada” çağırış və Azərbaycanda teokratik quruluş yaratmaq istəklərinin ilkin işartıları olaraq tarixə keçdi. Təbii ki, dövlətin təhlükəsizlik strukturları bu proseslərdən xəbərdar idi. Lakin Azərbaycandakı dini tolerantlıq mühiti bu məsələlərin üzərində getməyə o qədər də ehtiyac yaratmırdı. Hər-halda bu ölkədə hər kəsin dini etiqadı təmin olunub və hər kəs azad şəkildə öz fikirlərini ifadə edə bilər. Bu qruplaşmanın qol-qanad açmasının səbəbi də məhz tolerantlıq mühitindən sui-istifadə etmələri idi. Daha sonra T. Bağırzadə də daxil olmaqla bu şəxslər qanunsuz əməllərinə görə həbs olundu. Bu ilin iyun ayında həbsdən çıxan T. Bağırzadə, görünür, “dövlətə sui-qəsd” planından əl çəkməyibmiş. Onun həbsdə olduğu müddətdə 2015-ci ilin yanvar ayında “Müsəlman birliyi” hərəkatını təsis etməsi də “sui-qəsd” planının başlaması məqsədinə xidmət edirmiş.


“Sui-qəsd” planı


Oktyabrın 24-də Gəncədə keçirilən aşura mərasimində “Müsəlman birliyi” hərəkatı qarşıdurma yaratdı. Məsələ ilə bağlı hərəkatın rəhbərliyi hüquq-mühafizə orqanları tərəfindən saxlanılarkən ciddi qarşıdurma yaşandı. Sosial şəbəkələrdə dövlətə qarşı terror çağırışlar edildi. Polis bölməsinə hücum olundu, dövlət strukturlarının ayrı-ayrı rəhbərləri təhdid edildi. Bunlar daha ciddi qarşıdurma üçün ilk addımlar idi. Nəhayət, noyabrın 26-da ikisi polis olmaqla altı nəfərin ölümünə səbəb olan məlum hadisə baş verdi.

T. Bağırzadə və qruplaşmasının bəzi üzvləri həbs olunandan sonra sosial şəbəkələrdə “ölkədə qan su yerinə axacaq” mesajları verildi və maraqlıdır ki, bu gün Gəncədə “Müsəlman birliyi” hərəkatının bir tərəfdarı polisə qumbara ilə hücum edib. Xoşbəxtlikdən, qumbara partlamayıb. Bu fakt da zəncirvari formada olan bu hadisələrin öncədən planlaşdırıldığını sübut edir. Xüsusilə, T. Bağırzadənin Nardaran kəndinə “sığınması” da bunu deməyə əsas verir.

Niyə Nardaran?

T. Bağırzadə buna qədər müxtəlif məscidlərdə din adı altında siyasi təbliğatını aparırdı. Yəni siyasi təşkilatlanmanı birbaşa məscidlərdən aparmaq fəaliyyəti göstərirdi. Lakin onun Nardaran sakini olmamasına baxmayaraq, bu qəsəbədə təşkilatlanmaya başlaması və məhz silahlı qarşıdurmanı burada törətməsi təsadüf deyil. Çünki hər kəsə bəllidir ki, Nardaran qəsəbəsi din məsələsinə kifayət qədər həssas yanaşır və respublikanın hər yerində olduğu kimi, bu qəsəbənin sakinləri də qapısının döyüb kömək istəyən hər kəsə yardım əlini uzadacaq qədər qonaqpərvərdirlər. T. Bağırzadənin Nardaranı seçməsində əsas səbəb də qonaqpərvərliklə yanaşı, məhz dini həssaslıq olub. Digər tərəfdən, dövlətə məhz Nardarandan silah tuşlamaqla hadisənin daha çox rezonans yaradacağını bilirdi. İlkin mərhələdə T. Bağırzadə və qruplaşmasının istəyi baş tutdu. Lakin Nardaran camaatı əslində din adı altında aparılan siyasi oyunda bilmədən iştirak etdiklərini anladılar.

Biz buranın vətəndaşıyıq. Biz burada yaşayırıq, buranın çörəyini yeyirik, burada da öləcəyik. Vətənimizi sevirik”.


Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimovun bu sözləri də T. Bağırzadə və qruplaşmasının oyunlarının baş tutmadığını təsdiq edir. Heç şübhəsiz ki, bu oyunların arxasında bəzi siyasi dairələr də dayanır. Məqsəd Azərbaycanda xaos yaratmaq və ölkənin inkişaf xəttinin qarşısını almaqdır. Lakin Azərbaycanın bu oyunları pozmağa da, onu oynayanları zərərsizləşdirməyə də yetərincə gücü var.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm