PA rəsmisi: “Azərbaycanda jurnalistlər təqib olunmur” – FOTOLAR
Bizi izləyin

Qırmızı.az

PA rəsmisi: “Azərbaycanda jurnalistlər təqib olunmur” – FOTOLAR

Bu gün Bakıda Avropa Birliyi və Avropa Şurasının “Azərbaycanda ifadə azadlığı və media azadlığı” layihəsi çərçivəsində “İfadə azadlığı: Jurnalistlərin təhlükəsizliyi, gender bərabərliyi və media” mövzusunda “Dəyirmi masa” keçirilib.

Publika.az-ın məlumatına görə, tədbir çərçivəsində bu gün “İfadə azadlığı: Jurnalistlərin təhlükəsizliyi”, dekabrın 18-də isə “Gender bərabərliyi və media” mövzusunda sessiyalar keçiriləcək.

Bu gün keçirilən “İfadə azadlığı: Jurnalistlərin təhlükəsizliyi” mövzusunda sessiyada çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov deyib ki, Mətbuat Şurası Avropa Birliyi və Avropa Şurası ilə əməkdaşlığa xüsusi önəm verir: “Belə layihələr Azərbaycan və Avropa Birliyi arasında əməkdaşlığın güclənməsinə, Azərbaycan jurnalistlərinin peşəkarlığının artmasına xidmət edir. Avropa Şurasına və Avropa Məhkəməsinə üzv olan Azərbaycan ifadə azadlığı sahəsində də üzərinə müəyyən öhdəliklər götürüb. Senzuranın yolverilməzliyi Azərbaycan qanunvericiliyində əksini tapıb. Azərbaycanda yeni bir jurnalistika - internet jurnalistikası inkişaf edir. Əgər əvvəllər ictimai fikri telejurnalistika formalaşdırırdısa, indi bu missiyanı internet jurnalistikası öz üzərinə götürüb. Artıq dünyanın əksər ölkələrində ictimai fikir sosial şəbəkələrlə formalaşır. Jurnalistikanın gələcəyi “onlane” jurnalistikadır. Mətbuat Şurası etiraz aksiyaları və müharibə şəraitində jurnalistlərin təhlükəsizliyi, jurnalistlərin davranışlarını diqqət mərkəzində saxlayır”.

Azərbaycanın Şərqdə ilk demokratik respublika qurulduğunu, qadınlara səsvermə hüququ verildiyini xatırladan Ə.Amaşov Azərbaycanda qarşıya çıxan gender problemlərinin aradan qaldırıldığını söyləyib.

Prezident Administrasiyasının (PA) əməkdaşı Vüqar Səlimov bildirib ki, ifadə azadlığı və jurnalistlərin təhlükəsiz fəaliyyəti üçün şərait olmadan demokratik cəmiyyətdən danışmaq olmaz: “Azərbaycanın dövlət siyasətində söz və mətbuat azadlığının təmin olunması, jurnalistlərin sərbəst və azad fəaliyyəti istiqamətində siyasət həyata keçirilir. Bu gün iqtidaryönümlü, müxalifyönümlü və müstəqil media orqanları müxtəlif məsələlərlə bağlı sərbəst şəkildə fəaliyyət göstərir və ictimai rəyin formalaşmasında iştirak edir. Hansı siyasi mövqedən çıxış etməsindən, sosial statusundan asılı olmayaraq Azərbaycanda jurnalistlər mövqelərini ortaya qoya bilirlər. Sosial şəbəkələrdə də bunu görmək olar. Bu gün ölkədə azad fikirlərinə, yazılarına görə dövlət orqanları tərəfindən jurnalistlərə heç bir təzyiq, təqib yoxdur. KİV-lər vətəndaş cəmiyyəti institutlarından biridir və dövlət də KİV-lərin fəaliyyətini belə qiymətləndirir, dövlət KİV-lərin cəmiyyətin inkişafına xidmət edən təşəbbüslərini daim dəstəkləyir”.

PA rəsmisi bu gün KİV-lərin Azərbaycanda ictimai rəyin formalaşmasında əsas rol oynayan institutlardan biri olduğunu vurğulayıb: “Söz və ifadə azadlığının, jurnalistlərinin təhlükəsizliyinin təmin edilməsi Azərbaycan dövlətinin siyasətində prioritet istiqamətlərindən biridir”.

Avropa Şurasının Azərbaycan ofisinin rəhbərinin müavini Teymur Malik-Aslanov “Azərbaycanda ifadə azadlığı və media azadlığı” layihəsində məqsədin Azərbaycan qanunvericiliyini Avropa Şurası standartları səviyyəsində təkmilləşdirmək olduğunu nəzərə çatdırıb: “Media azadlığının qorunması digər insan hüquqlarının qorunmasında böyük əhəmiyyət kəsb edir. Gender bərabərliyi də kişi və qadınların hüquqlarının bərabərliyini əks etdirir. Layihə çərçivəsində keçirilən bu Dəyirmi Masada bu sahədə xarici və yerli peşəkar mütəxəssislər çıxış edəcəklər”.

Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı hər bir vətəndaşın informasiya almaq hüququna malik olduğunu vurğulayıb: “Azərbaycanda bu sahədə qanunvericilik təkmilləşdirilib. Açıq hökumətin təşviqinə dair Milli Fəaliyyət Planı da bu istiqamətdə təşəbbüslərdən biridir. Artıq 13-cü ildir ki, Azərbaycanda ombudsman təchizatı fəaliyyət göstərir, bu təchizat fikir və söz azadlığının təmin edilməsi sahəsində də səlahiyyətlərə malikdir. Bu gün Azərbaycanda 50-dən artıq jurnalist təşkilatı aktiv fəaliyyət göstərir, 30 jurnalist təşkilatı söz və ifadə azadlığının təmin olunması istiqamətində ixtisaslaşıb. Paytaxt və bölgələrdə 23 mətbuat yayımı fəaliyyət göstərir. Bu gün Azərbaycanda hər 100 nəfərdən 20-nin kompüteri var. Geniş zolaqlı internet istifadəçilərinin sayı 55 faizdir ki, bu da dünya göstəricilərindən 2 dəfə çoxdur. Azərbaycanda internet istifadəçilərinin sayı 80 faizdir. 9 milyon əhalisi olan Azərbaycanda 2,5 milyon insan sosial şəbəkələrdən istifadə edir”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elgün Səfərov Azərbaycanda qanunların gender ekspertizasından keçirildiyini açıqlayıb: “Bu gün Bakı şəhəri də daxil olmaqla, Azərbaycan rayonlarında İcra Hakimiyyətlərində 79 qadın müavin var. Naxçıvanda da mədəniyyət naziri qadın təyin edilib. Dövlət Komitəsi tərəfindən gender bərabərliyi və məişət zorakılığı ilə bağlı Milli Fəaliyyət Planı hazırlanıb, Avropa Şurasının tövsiyələri ardıcıl olaraq öyrənilir. Azərbaycanda gender bərabərliyinin təmin edilməsi sahəsində 200-dən çox QHT fəaliyyət göstərir. Ancaq bu sahədə işlərin aparılmasına yenə ehtiyac var”.

Hazırda tədbir ekspertlərin çıxışları ilə davam edib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm