Bu il avtomobil idxalı 4 dəfə azalacaq - Açıqlama
Bizi izləyin

Ekopublika.az

Bu il avtomobil idxalı 4 dəfə azalacaq - Açıqlama

Bu ilin üç ayında 212 974.30 min dollar dəyərində nəqliyyat vasitələri və onların hissələrinin idxalı reallaşdırılıb. Minik avtomobillərinin idxalı 89,5 faiz azalıb. Bu ilin yanvar ayında ölkəyə cəmi 437 ədəd, fevral ayında 384 ədəd, mart ayında isə 541 ədəd nəqliyyat vasitəsi idxal olunub.

Publika.az xəbər verir ki, ilin əvvəlindən 19 ədəd sürücü də daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri (avtobuslar), 1 235 ədəd minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 97 ədəd yük daşımaq üçün motorlu nəqliyyat vasitələri və 11 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitələri idxal edilib.

Hansı ki 2010-cu ildə ölkəyə 51 824, 2011-ci ildə 64 916, 2012-ci ildə 89 652, 2013-cü ildə 94 879, 2014-cü ildə 57 615, 2015-ci ildə isə 23 765 ədəd avtomobil gətirilmişdi. Göründüyü kimi, son 5 ildə ölkəyə ən çox minik avtomobili 2013-cü ildə gətirilib. Ötən il isə həmin illə müqayisədə minik avtomobillərin idxalı 4 dəfəyədək azalıb.

Vəziyyəti şərh edən İqtisadçı-ekspert Qubad İbadoğlu deyib ki, bu iln ilk 3 ayında isə həmin mal mövqeyi üzrə idxal göstəricisi 1235 ədədə düşüb:

“Bu gedişlə cari il ərzində ölkəyə 5 min ətrafında avtomobil gətirilməsi gözlənilir ki, bu da hətta ötən ilin göstəricisindən ən azı 4 dəfə aşağı olacaq. Hazırda ölkə üzrə 1 milyondan çox şəxsi minik avtomobilləri qeydiyyatdadır. Bu göstərici 1990-cı illə müqayisədə 5 dəfə, 1995-ci illə müqayisədə 4 dəfə, 2005-ci il göstəricisi ilə müqayisədə isə 2 dəfədən də çoxdur. Ötən 10 il ərzində avtomobillərin sayı ilə yanaşı, onun modellərində də xeyli dəyişikliklər qeydə alınıb. Belə ki, əgər 10 il bundan əvvəl şəxsi avtomobil parkında rus istehsalı olan "Lada" və digər markalı avtomobilər üstünlük təşkil edirdisə, hazırda alman istehsalı olan "Mersedes-Benz" və digər markalı avtomobillər çoxluq təşkil edir. Son zamanlar avtomobillərin idxalının kəskin azalması maşın-avadanlıq parkının yeniləşməsinə mənfi təsir göstərəcək. Bu isə şəxsi minik avtomobilləri arasında köhnə maşınların xüsusi çəkisini ildən-ilə artıracaq. Belə olan halda da maşınlardan çıxan tullantıların miqdarı çoxalaraq, xüsusilə də Bakı və Gəncə şəhərlərində atmosferi daha da çirkləndirəcək”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm