Gəgəli, Bico və Qəşəd kəndlərində HƏYAT TƏRZİ - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Gəgəli, Bico və Qəşəd kəndlərində HƏYAT TƏRZİ - FOTOLAR

20-26 iyun tarixlərində MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi Ağsu rayonunun Gəgəli, Bico və Qəşəd kəndlərində "Kənd həyat tərzinin inkişafında qadınların rolu" layihəsinin araşdırma mərhələsini yekunlaşdırıb.

Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir. Layihənin rəhbəri tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli, layihənin eksperti Prof.Dr. Kübra Əliyeva, koordinatoru Şölə Bayramovadır. Layihənin işində MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin üzvləri könüllü kimi yaxından iştirak ediblər.

Layihənin məqsədi Azərbaycanda yaşayan əhalinin ahıl, tənha və aztəminatlı ailələrinin, xüsusilə qadınların sosial vəziyyətinin yaxşılaşması və onların asudə vaxtlarının səmərəli təşkilinə dair təşəbbüslərə dəstək verməkdir. Layihə Ağsu rayonunun Gəgəli, Bico və Qəşəd kəndlərində müxtəlif yaş kateqoriyaları və ictimai durumuna malik olan qadınların ev sənətkarlığı haqqında bilik və təcrübəsinin araşdırılması, həm yerli palaz və xalça toxuma, həm də Şirvan xalça məktəbinə xas olan çeşnilərin özünəməxsusluğunun öyrənilməsi, sahibkarlığın, turizm potensialının inkişafının tədqiqinə yönəlib.

Layihə Ağsu rayonunun qədim Nərgizava abidəsinin qalıqları üzərində axtaçı obası tərəfindən salınmış Gəgəli kəndindən başlayıb. Tədqiqatçılar kənd sakinlərinin evlərində olub, onlara suallar ünvanlayıblar. Gəgəli kəndində keçirilən sorğuda 35 qadın sakin iştirak edib. Evlərdə qorunub saxlanan palaz məmulatı haqqında qeydlər aparılıb və fotoları çəkilib. Respondentlər onlara ünvanlanan sualları özünəməxsus şəkildə cavablandırıblar. Onlar kənddə əvvəllər xalçaçılığın, xüsusilə palaz toxuculuğunun geniş yayıldığını bildiriblər. Lakin son 20 ildə bu sənət sahəsinin tənəzzül etdiyini qeyd ediblər, ənənənin getdikcə unudulduğu bildirilib. Qadınlar kənddə əsas problemin su problemi olmasını, kənddə məscid və xəstəxananın olmamasını, qadınların xalçaçılıq, pambıqçılıq, üzümçülük və mal-qara ilə məşğul olmanın ailənin sosial durumu və rifahı üçün faydalı ola biləcəyini vurğulayıblar. Kəndə turistlərin marağını son illərdə MİRAS İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən Tərəkəmə Çərşənbəsi Folklor Festivalı ilə əlaqələndiriblər. Kənd icra nümayəndəsi Həsrət Quliyev Gəgəlidə pambıqçılığa yenidən marağın artdığı, 100 hektara qədər sahədə pambıq becərildiyi haqqında məlumat verib, qadınların ənənəvi sahə kimi pambıqçılıq sahələrində işləməyə meyl etdiyini vurğulayıb. Kənddə artıq ənənəvi sahələrdən biri sarımsaqçılıqdır. Bütün həyətyanı sahələrdə dəmyə sarımsaqçılığı inkişaf etdirilir və Gəgəli sarımsağı bazarda öz alıcılarını tapır.

Layihə araşdırması Ağsu rayonunun qədim Nərgizava abidəsinin qalıqları üzərində peçoy-peçeneq obalarının məskunlaşdığı Bico kəndində davam edib. Tədqiqatçılar əvvəlcə Bico kənd tam orta məktəbində kənd qadınları ilə görüş keçiriblər. Məktəbin direktoru Yaşar Qarayev, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli və Prof.Dr. Kübra Əliyeva layihə və onun önəmi haqqında danışıblar. Sorğularda 34 qadın iştirak edib. Qadınlar kənddə su problemini, işsizliyi və məktəbin qəzalı vəziyyətdə olmasını xüsusilə qeyd ediblər. Bico qadınları xovlu xalça üzrə ixtisaslaşdıqlarını, qollu, cici, laləli, buta, taygöl, pirəbədil, ulduz, xanlıq adlandırdıqları xalçaları toxuduqlarını bildiriblər. Məşhur xalçaçı qadınların evində çox sayda xalçaçılıq numunələri sənədləşdirilib və fotoları çəkilib.

Bico xalçaçıları Azərbaycanının tanınmış xalçaçı alimi Lətif Kərimovun onlarla keçirdiyi görüşləri də xatırlayıblar. Tədqiqatçılar Bico kənd Sənətkarlıq evində olaraq son zamanlar bir neçə xalça toxumuş Südabə xanım Mikayılova ilə səmərəli söhbətlər aparıblar. Layihənin rəhbəri Fariz Xəlilli Bico Toy Güləşi Folklor Festivalının keçirilməsinin kəndə turistləri cəlb edəcəyini vurğulayıb. Bico kəndindəki araşdırmalar zamanı tədqiqat qrupunun üzvləri Qarabağda aprel şəhidlərimizdən Toğrul Fərəczadənin ailəsi ilə görüşüblər, oğullarının adının əbədiləşdirilməsi üçün Bico Qəhrəmanlıq Parkı salınmasını arzuladıqlarını və ictimailəşməsini istədiklərini bildiriblər.

Layihə araşdırması dağların qaşında yerləşdiyi üçün Qaşkənd adlandırılan, Aşıq Bilalın vətəni kimi tanınan Qəşəd kəndində davam edib. Qadınlar arasında sorğu Qəşəd kənd tam orta məktəbi və bəzi yerli sakinlərin evlərində aparılıb. Məktəbin direkoru Bəhruz Nuriyev Qəşəd xalçaçılığını dərnəklər səviyyəsində yeniyetmələr arasında inkişaf etdirmək istədiklərini deyib. Sorğularda ümumilikdə 26 qadın iştirak edib. Xalçaçı qadınlardan Rəhilə Muradova qeyd edib ki, Qəşəddə əvvəllər xalça toxumayan qadın olmayıb, bütün orta yaşlı qadınlar xalça toxuya bilir, bazarın olmamasından bu sənət getdikcə unudulur, yeni nəsil artıq xalça toxuya bilmir. Qəşəddə məşhur xalçaçı qadınların evində çox sayda xalçaçılıq numunələri sənədləşdirilib və fotoları çəkilib. Qəşəddə ənənəvi təsərrüfatçılıqla yanaşı keçiçilik təsərrüfatı da genişlənib. Sahibkarlardan İnqilab Kərimovla görüş zamanı keçi təsərrüfatını yeni yaratsalar da, süd məhsullarına tələbatın çox olduğunu və qadınların sağım işlərində yaxından iştirak etdiklərini vurğulayıb.

Prof.Dr. Kübra Əliyeva keçi yunundan istifadə edərək keçəçilik sənətini Qəşəd kəndində inkişaf etdirməyin mümkünlüyünü qeyd edib. O, Qəşəd kəndində təbii boyaqçılığın da inkişaf perspektivlərini açıqlayıb. Qadınlar kənddən köçlərin baş verməsini əsasən su problemi ilə əlaqələndiriblər. Kənd bələdiyyəsinin sədri Şahbaba Qənbərov bildirib ki, yaxınlıqdakı bulaqlardan kəndə yaxın illərdə su xətləri çəkiləcək.

Layihənin sonrakı mərhələsində sorğular və müşahidələr təhlil ediləcək, ekspert qiymətləndirmələri olacaq, təkliflər və tövsiyyələr hazırlanacaq. Hər üç kəndin qadınlarına ənənəvi və müasir xalça, palaz və toxuma üsulları öyrədiləcək, kurslar, boyaqçılığın və boyaq bitkilərinin kultivasiyası, yun emalı, iplik istehsalına həsr olunmuş təlimlər, əldə olunan nəticələri əks etdirən fotosərgi və əl işlərindən ibarət satış-sərgi təşkil olunacaq. Birliyə məxsus agsunews.az internet səhifəsində yaradılmış kənd həyat tərzi bölməsində məlumatlar yerləşdiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm