“İslam Dövləti”nin İstanbuldakı “ad günü”, 9 aylıq küskünlüyə son... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida.az

“İslam Dövləti”nin İstanbuldakı “ad günü”, 9 aylıq küskünlüyə son... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Bu gün medianın gündəmində olan əsas mövzular İstanbulun Atatürk Hava Limanında törədilən terror aktının nəticələri və 9 aylıq soyuq münasibətlərdən sonra Moskva-Ankara xəttində baş tutan yüksək səviyyəli görüş idi.

İstanbul Atatürk Hava Limanında dünən axşam saatlarında ilin ən qanlı terror aktlarından biri törədildi. Hadisə nəticəsində 41 nəfər həyatını itirdi, 239 nəfər yaralandı.

Türkiyənin baş naziri Binəli Yıldırım terror aktının İŞİD tərəfindən törədildiyinə dair ilkin ehtimalların olduğunu açıqlayıb. Daha sonra isə İŞİD terror aktına görə məsuliyyəti üzərinə götürüb.

Təsadüf, yoxsa..

Sosial şəbəkələrdə terror aktı ilə bağlı şok bir iddia irəli sürüb. Şəbəkələrin istifadəçiləri xatırladırlar ki, hadisə "İslam Dövləti"nin ildönümündə törədilib. Onlar bildirir ki, iki il əvvəl - 29 iyun 2014-cü ildə İŞİD "İslam Dövləti"nin yaradıldığını elan edib.

Türk ordusu hərəkətə keçdi: İŞİD və PKK-ya qarşı böyük hücum

İstanbul Atatürk hava limanında törədilən terror aktından sonra Türkiyə Silahlı Qüvvələri Suriyada İŞİD-ə qarşı hərbi əməliyyatlara başlayıb. Suriyanın şimalında İŞİD-ə aid silah bazası da daxil olmaqla 15 hədəf məhv edilib. İŞİD-ə aid hədəflər "Fırtına" qaubitsaları və döyüş təyyarələri ilə bombalanıb.

İstanbul terror aktının şok səbəbi: Rusiya və İsrail... – Moskva açıqladı

"İstanbuldakı terror aktı Rusiya və Türkiyənin münasibətlərinə qarşı yönəlib". Bunu Rusiya Federasiya Şurasının beynəlxalq işlər üzrə komitənin başçısı Konstantin Kosaçev İstanbul Atatürk hava limanında törədilən terror aktını şərh edərkən deyib.

"İstanbuldakı terror aktı Rusiya və İsraillə münasibətləri qaydaya salmaq istəyən Türkiyə hakimiyyətinə qarşı yönəlib", - komitə başçısı hesab edir.

Putin Ərdoğanla danışdı

Rusiya prezidenti Vladimir və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 9 aylıq fasilədən sonra ilk təmas baş tutdu. Bu gün günorta saatlarında liderlər arasında telefon danışığı olub.

NTV telekanalı Ərdoğana yaxın mənbələrə istinadən telefon söhbətinin "çox məhsuldar və pozitiv" keçdiyini xəbər verib. Telefon danışıqları 40 dəqiqə davam edib.

Türkiyə prezidentinin rəsmi saytında verilən məlumata görə, Türkiyə prezidenti Vladimir Putin görüşəcək. Türkiyə mətbuatının yazdığına görə, Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında görüş sentyabrın 4-5-də Çində keçiriləcək. Həmin günlərdə Çində G20 ("Böyük iyirmilik") sammiti keçiriləcək. Prezidentlərin son görüşü də ötən ilin noyabr ayında Antalyada keçirilən G20 sammitində baş tutmuşdu.

Rusiya vətəndaşlarının Türkiyəyə səfər qadağası götürüldü

Rusiya prezidenti Vladimir Putin türk həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon söhbətində rusiyalı turistlərin Türkiyəyə səyahətinə tətbiq olunan məhdudiyyətlərin ləğvini müzakirə edib.

Kremlin xəbərində qeyd edilir ki, Türkiyə hökuməti Rusiya vətəndaşlarının təhlükəsizliyinin təmin olunmasına yönələn əlavə addımlara təşəbbüs etməlidir.

Rusiya və Türkiyə prezidentləri telefon söhbətinin gedişatında ikitərəfli əlaqələrin inkişafına dəstək mövzusunda razılaşıblar. Bundan başqa, dövlət başçıları regional böhranların həllində, həmçinin münaqişə zonalarında terrorizmə qarşı əməkdaşlığın əhəmiyyətini qəbul ediblər. Məlumata görə, Rusiya prezidenti qarşılıqlı faydalı əməkdaşlığın bərpası üçün hökumətə Türkiyə hakimiyyəti ilə danışıqlara başlamağı tapşırıb.

Ankara İŞİD-in hücumundan 20 gün əvvəl xəbərdar idi – ŞOK İDDİA

İstanbul Atatürk Hava Limanında dünən gecə törədilən terror aktı il əlaqədar detallar ortaya çıxıb. CNN Türk kanalının canlı efirində danışan kanalın Ankara nümayəndəsi Hande Firat şok bir iddia ilə çıxış edib.

Onun sözlərinə görə, Türkiyə kəşfiyyatı hava limanına İŞİD-in hücumu ola biləcəyi barədə 20 gün əvvəl dövlətin rəhbərliyinə və bütün təşkilatlara xəbərdarlıq yazısı göndərib. Bu xəbərdarlıqda, Atatürk Hava Limanı da daxil olmaqla hücum ediləcək ünvanlar göstərilmişdi.

Donbasda ağır döyüşlər gedir

Ukraynanın Donetsk vilayətinin Debaltsevo rayonu istiqamətində vəziyyət pisləşib. Bu haqda "Donetsk Xalq Respublikası" ("DXR") separatçı rejimin "Müdafiə Nazirliyi"nin nümayəndəsi Eduard Basurin bildirib. Onun sözlərinə görə, rəqibin mövqeləri Loqvinovo yaşayış məntəqəsinə doğru dörd kilometr irəli çəkilib.

"Loqvinovo "Luqansk Xalq Respublikası"nın məsuliyyət zonasıdır. Döyüş hazırda davam edir", - "Müdafiə Nazirliyi"nin nümayəndəsi qeyd edib.

XİN: Paris Qarabağ üzrə danışıqlar üçün məkan təqdim etməyə hazırdır

Paris Dağlıq Qarabağ münaqişəsi üzrə yeni danışıqların keçirilməsi üçün məkan təqdim etməyə hazırdır. Bunu Fransanın xarici işlər naziri Jan Mark Eyro rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra deyib: "Lavrov məni Sankt-Peterburqda Rusiya Prezidenti Vladimir Putinin azərbaycanlı və ermənistanlı həmkarları ilə danışıqlarının nəticələri barədə məlumatlandırdı. Xatırlatdım ki, Parisdə yeni müzakirələr üçün məkan təqdim etməyə hazırırq".

Nyu-Yorkda TERROR TƏHLÜKƏSİ: Hava limanı boşaldıldı

Nyu-York şəhərindəki Con F. Kennedi hava limanı terror təhlükəsinə görə boşaldılıb. Hava limanının bir terminalında şübhəli paket tapılıb.

Hüquq-mühafizə orqanları paketi tapdıqları terminalı dərhal boşaldıblar. Hava limanının giriş və çıxışları bağlanıb, nəqliyyatın hərəkatı dayandırılıb. Paket kənarda idarə olunan qurğu ilə partladılıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm