Meşələrə giriş üçün YENİ QAYDALAR tətbiq ediləcək
Bizi izləyin

Qırmızı.az

Meşələrə giriş üçün YENİ QAYDALAR tətbiq ediləcək

Oğuz rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsinə məxsus Xaçmaz meşəbəyliyinin 7 saylı dolayında yanğın baş verib. Hazırda yanğının nə qədər meşə təsərrüfatına ziyan vurması araşdırılır.

Bu barədə Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Nazirliyin Meşələrin İnkişafı Departamentinin sektor müdiri Sadiq Salmanov Publika.az-a açıqlamasında bildirib ki, yanğın turistlər tərəfindən törədilib.

“Bu gecə yerli meşə işçiləri, Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar nazirliklərinin əməkdaşları səhərədək işləyərək yanğını söndürüblər. Bu yanğın orta intensivli yanğın idi. Lakin küləyin əsməsi yanğının söndürülməsində çətinlik yaratdı. Hazırda yanğın tam nəzarətə götürülüb. Təəssüf ki, heç bir təhlükəsizlik qaydalarına riayət etməyən, ətraf mühitə qayğı ilə yanaşmayanların “mədəni istirahətin”nəticəsində belə acınacaqlı meşə yanğınları baş verir. Son dövrlər 3 belə yanğın baş verib ki, bunların da hamısında səbəbkar “təbiətsevərlər”dir. Onlar meşələri, təbiəti öz ucuz əyləncələrinə qurban verir, zibilləyir və yandırırlar. Ümumiyyətlə, Azərbaycanda meşələrdə baş verən yanğınların hamısının səbəbi insan faktorudur. İnsanların laqeyd münasibəti, meşələrə qənim kəsilməsi belə yanğınlara səbəb olur”.

S.Salmanov bildirib ki, artıq baş verən bu hadisələri nəzərə alaraq turistlərin meşə fonduna daxil olması barədə dəyişiklər ediləcək, qaydaları pozanlar ciddi şəkildə cəzalandırılacaq:

“Yeni dəyişikliklərdə turistlərin meşə fonduna necə daxil olması, necə istifadə etməsi qeyd olunacaq. Onların hərəkəti üçün xüsusi yollar və cığırlar müəyyən ediləcək. İndiki durumda turistin meşədə hərəkəti ilə bağlı konkret marşrut yoxdur. Ediləcək dəyişikliklər həm turistlərin təhlükəsizliyini, həm də yanğın təhlükəsizliyini təmin etmək məqsədi daşıyır. Bundan başqa, turistlər harda gəldi istirahət edir, məişət, sənaye tullantıları ilə ətrafı zibilləyirlər. Yeni qaydalar bu problemləri də həll edəcək. Bu qaydalar yaxın günlərdə ictimaiyyətə təqdim ediləcək. Yeni qaydalar tətbiq ediləndən sonra onlara əməl etməyənlər sərt cəzalandırılacaq.Hər bir vətəndaş dərk etməlidir ki, onsuz da havalar isti və quraq keçir. Azərbaycan isə azmeşəli respublikadır, burada meşələr qorunmalıdır. Nəinki özü qorumalı, meşəyə ziyan verənlərə ictimai qınaq olmalıdır. Təbiətdə olarkən yanğın təhlükəsizliyi qaydalarına əməl etməyən vətəndaşlar yarana biləcək fəsadları hesablamırlar. Nəzərə almırlar ki, belə məsuliyyətsiz addımlar nəticəsində hektarlarla meşə örtüyü məhv ola, ölkənin meşə fondu ani vaxt içərisində yanıb kül olmaq təhlükəsi ilə üzləşə bilər”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm