Digər
“Mənə dedi, ağsaqqal, sevin ki, səni vurmuruq” - MÜSAHIBƏ
Güney Azərbaycan Milli Hərəkatının iştirakçısı, tanınmış şair Seyidcəlil Hüseyninin Bakıda olmasından istifadə edib onunla söhbətləşmək qərarına gəldik. Məlumat üçün bildirək ki, S.Hüseyni 1959-cu ilin martın 25-də Güney Azərbaycanın Muğan bölgəsinin - Ərdəbil əyalətinin Parsabad şəhərində anadan olub. Şirazda, Kirmanşahda ali təhsil alıb, İran İslam İnqilabında iştirak edib. Sonradan pantürkist damğası ilə riyaziyyat müəllimi işlədiyi məktəbdən uzaqlaşdırılıb. 2000 və 2001-ci illərdə Kəleybər şəhərində 1,5 milyon insanın iştirakı ilə keçirilən Bəzz qalasına yürüş aksiyasının təşkilatçılarından biridir. Babək Xürrəmdinə həsr olunmuş “Qanlı günəş” poemasının müəllifidir. Bir neçə kitabı çapa hazır vəziyyətdədir. Dörd il öncə Parsabad elektrik enerjisi idarəsindən təqaüdə çıxıb.
- Seyidcəlil bəy, Güney
Azərbaycan Milli Hərəkatının hazırkı durumu
necədir?
- Güney Azərbaycan Milli Hərəkatı hazırda üstünü kül basmış közə
bənzəyir. Kənardan bir külək gələndə bu köz özünü nişan verir. Necə
ki, 2006-cı ilin mayında “İran” qəzetində Azərbaycan türklərini
tarakana bənzətdilər, o zaman bütün türklər xiyabanlara töküldülər.
Nəticədə İran hökuməti geri çəkilməyə məcbur oldu. Milli hərəkata
bağlılıq o tayda yaşayan bütün türklərin qanında var. Əgər bizim
gənclik illərimizdə bir tələbə universitetə oxumağa gedirdisə, o,
qayıdıb gələndə fars dilində danışmağa çox meyilli idi. Gəlib
evlərində, adamlar arasında özünü savadlı göstərmək üçün farsca
danışırdı. İndi isə universitet təhsilini başa vurub qayıdan bütün
gənclər əsl türkcə danışmağa başlayırlar. Güney Azərbaycanda və
İranda bütün milli ocaqlar hamısı universitetlərdə və gənclərdədir.
Əvvəllər isə ustad Şəhriyar kimi tək-tük ağsaqqal şairlər, milli
adamlar bu yükü çiyinlərində daşıyırdılar. Hazırda Güney
Azərbaycanda milli hərəkata münasibətdə insanlar üç qrupa bölünüb.
Bir qrup insan İran Ana Yasasının 15 və 19-cu maddələrinin həyata
keçirilməsini tələb edirlər. İkinci qrup deyir ki, yox, bu azdır;
gərək İran federasiya şəkilində idarə olunsun, türklərin özlərinin
də milli-mədəni muxtariyyətdən bir qədər yuxarı səlahiyyətə malik
dövləti olmalıdır. Üçüncü qrupa daxil olanlar isə deyirlər ki, biz
35 milyonluq millətik və müstəqil olmalıyıq. Bir az qorxaq olanlar
15 və 19-cu maddələrin tətbiqini istəyirlər. Ürəyində isə istiqlalı
hamı istəyir.
- Həmin maddələrdə nələr
nəzərdə tutulub?
- 15-ci maddədə qeyd olunur ki, İranın rəsmi dili fars dilidir,
ancaq hər bir millətin öz dilində yazıb-oxumaq hüququ var. 19-cu
maddədə isə bütün xalqlara ədalətli, bərabər yanaşmaq təsbit
olunub. Həmin maddəyə görə heç bir xalqa qarşı ayrı-seçkilik
olmamalıdır. Ancaq təəssüf ki, ona da əməl etmirlər.
- Siz həm də Kəleybər şəhərində
keçirilən Bəzz qalasına yürüşün aktiv iştirakçısı
olmusunuz...
- Bəli. Əvvəlki dönəmlərdə bildiyiniz kimi, Güney Azərbaycanda
Səttarxan, Xiyabani, Pişəvəri hərəkatları olmuşdu. Amma Pişəvəri
hərəkatından sonra - şah dönəmində milləti elə qorxutmuş, elə
qırmışdılar ki, ondan sonra Azərbaycanda neçə illər ərzində bir
nəfər “ana dili” deyirdisə, qoca kişilər “amandı, bu sözü dilinizə
almayın” deyirdilər. Hələ şah dönəmində mollalar milli haqlarını
istəyənlərə “kommunist, dinsiz” adları qoymuşdular. İnqilabdan
sonra millət yavaş-yavaş özünə qayıtdı. 20-25 il bundan qabaq
hərəkat Bəzz qalasında daha da qızışdı. Bu tədbirin təşkilat
komitəsi iki il dalbadal Muğan bölgəsindən oldu. 2000 və 2001-ci
illərdə 1,5 milyon Azərbaycan türkü milli mücadilə və mədəni
haqlarını istəmək uçun ora toplaşdılar, iki-üç gün orda qaldılar.
İnsanlar yallı gedir, saz çalınır, ocaq qalayır, Babəkin ərəb
xəlifəsinə qarşı apardığı mübarizəni canlandırırdılar. Bəzz
qalasında üç-dörd il bu tədbirlər keçiriləndən sonra İran hökuməti
bunu özünə təhlükə gördü. Dedilər ki, burda oyanış var. Bu
tədbirlərin qarşısını almaq üçün 2003-cü ildə qalanın ərazisini
hərbi baza elədilər. Mən Babəkə həsr etdiyim “Qanlı günəş” adlı
poemanın 500 nüsxəsini orada paylamaq istədim. Hələ ora çatmamış
ETTELAAT məmurları bizi tutub apardılar. Bizə üç gün ərzində yeməyə
heç nə vermədilər, yalnız su verdilər. Balaca bir otağa 49 nəfəri
doldurdular, nəfəs almaq mümkün deyildi. Özü də isti havada, iyunun
30-da. Bir az yaşlı olduğumuz üçün bizi vurmurdular, amma 18-25
yaşlı gənclərin köynəklərini başlarına çəkib elektrik kabellə
döyürdülər. Neçə dəfə ağladım, dedim, uşaqdır, tələbədir də, dağa
gəlib, milli ruhuna qayıdıb, niyə vurursunuz? Mənə dedi, ağsaqqal,
sevin ki, səni vurmuruq. Əgər bunları vurmasaq, hər gün bura
gələrlər. Dedim, gəlsinlər də, nə olar gələndə? Dedi, yox, bunlar
əmniyyəti-milliyə (daxili sabitliyə-S.Həmid) xətər
olarlar.
- Onlar Sizinlə farsca
danışırdılar?
- Yox, onlar da Azərbaycan türkü idilər, öz dilimizdə danışırdılar.
Dövlətə işləyən Azərbaycan pasdarları (İran İnqilab Keşikçiləri
Korpusu - “Sepah”ın hərbçiləri-S.Həmid) idilər.
- Hazırda həbsdə nə qədər milli
fəal var?
- Bunu dəqiq demək çətindir. Biz də “GünAz”dan, başqa-başqa
yerlərdən telefonla məlumat alırıq. Mənim özümün qardaşım oğlunu və
həyat yoldaşını Novruz bayramına bir ay qalmış tutmuşdular.
Qardaşım oğlunu xiyabanda tutmuşdular, ayağına qandal vurmuşdular.
Çox döymüşdülər. 33 gün harda olduğunu bilmədik. 33 gündən sonra
zəng vurdular. Mənim yaşadığın Parsabad şəhəri Ərdəbil əyalətinə
tabedir. Parsabadla Ərdəbil şəhərinin 200 kilometr arası var.
Qardaşım oğlunu da əyalətin mərkəzinə aparmışdılar və 33 gündən
sonra zaminlə azadlığa buraxdılar. Fevralın 21-də - Beynəlxalq Ana
Dili Günündə “Ana dilində mədrəsə” demişdi. “Ana dilində mədrəsə”in
adını tutmaq bu cür sonluqla başa çatır. Nəzərə alın ki, söhbət hər
hansı kiçik qrupun deyil, 35 milyonluq xalqın ana dilində təhsil
almasında gedir. Bu il “Ana Dili Günü”ndə Əhərdə Abbas Lisani başda
olmaqla, 100 nəfərə yaxın adamı tutdular. Əkbər Azadgili Tehranda
həbs etdilər. Ümumilikdə, 300-400 nəfəri tutdular. Onlardan
bəziləri çıxıb, bəziləri zindandadır. Yeni GAMOH-un üzvlərindən 5
nəfər 52 gün aclıq aksiyası keçirmişdilər. Həsən Azərbaycan adı ilə
tanınan ağsaqqal musiqiçi Həsən Dəmirçini Qaradağda baş verən
zəlzələyə yardım etdiyinə görə 6 ay zindanda saxladılar.
- İyun ayında Həsən Ruhaninin
İran prezidenti seçilməsinin bir ili tamam oldu. Həsən Ruhani
seçkidən qabaq ölkə vətəndaşlarına azadlıqlarla bağlı bir sıra
vədlər vermişdi. Bu müddət ərzində həmin vədlərin hansı yerinə
yetirilib, xüsusilə Azərbaycan türkləri ilə bağlı hansı
dəyişikliklər var?
- Quru söz, ifadə tərzi dəyişib. Həsən Ruhani həm dünya ilə, həm də
ölkə vətəndaşları ilə xoş danışır, gülə-gülə danışır. Axı İran
prezidentinin hansı səlahiyyəti var? İndiki islahatçıların özlərinə
lider hesab etdikləri Məhəmməd Xatəmi bir vaxtlar deyirdi ki,
İranda prezident tədərkatçıdı. “Tədərkatçı” da farsca əsas olmayan
adam deməkdir. Bir məqamı da qeyd edim ki, milli fəalların birinin
işi məhkəməyə gedəndə ETTELAAT-dan zəng vurub qazıya deyirlər ki,
buna filan qədər cəza ver. Səid Mətinpur nə üstündə düşüb zindana?
Təzə toy eləmiş oğlana “ana dilində mədrəsə” istədiyinə görə 8 il
həbs veriblər. Nə xanımını görə bilir, nə də uşağını. Bir ana
dilini istəməyə görə, adama bu qədər həbs verərlər? Əgər ədalət
olsa, bu adamın heç cəzası olmaz. Ana Yasada olan hüququnun
reallaşmasını istəyib də... Ancaq rəsmi dairələr hesab edirlər ki,
azərbaycanlıların, yaxud başqa millətlərin oyanışının
əmniyyəti-milliyə zərəri var. Gərək burda hamı özünü fars bilə,
farsca danışa. Farsca danışmasa da, milli məsələlərdən danışmaya.
Bunları danışmaq əmniyyəti-millini pozar, təcziyəyə gətirər, yəni
İrandan ayrılarsız. Hələ bunları eləməmiş o cür qabağını alırlar.
Orada da milli fəal çoxdur. Onların tək-tük qabaqcılları var və
onlara hər gün bir narahatlıq yaradırlar. Məsələn, uşaqlarına iş
vermirlər, özlərini sıxıntıda saxlayırlar. Bir iş görmək istədikdə
qarşısını alırlar. Seçkidə iştirak etmək istədikdə buna imkan
vermirlər. Məsələn, mənim özümə dedilər ki, sən siyasisən, sənə
olmaz. Ay qardaş, seçkidə iştirak etməyə, danışmağa siyasət adamı
lazımdı da. Qoymadılar. Qoysalar da, qeydə alınma vaxtının
bitməsinə iki saat qalmış deyirlər ki, gəl ver sənədlərini. İki
saat qalmış rəy toplamaq olmaz ki... Özü də əvvəllər ancaq
döyürdülərsə, indi çirkin yollara da əl atırlar.
- Yəni nə
edirlər?
- Daha çox dolayı yolla incidirlər. Məsələn, mən bir milli-mədəni
fəalam. Gənclər mənim başıma gələnlərə baxıb ibrət götürürlər.
Görürlər ki, mən çətinliklər yaşayıram. Dörd oğlum var. Dördünün də
ali təhsilli olmasına baxmayaraq, heç birinə iş vermirlər. Böyük
oğlumun 35 yaşı var. Mühasibatı bitirib. Hansı banka gedirsə,
deyirlər, sənin yaşın keçib. Deyir, axı məni yaşım öz-özünə
keçməyib axı... 20 yaşımdan iş istəmişəm, verməmisiz, üstündən 15
il keçib. Daha mən qocalıram axı, harda işləyim? Özəl şirkətə
gedirlər, orda da biləndən sonra milli fəalın, yaxud şairin
oğludur, bir bəhanə ilə ordan da çıxarırlar. Ticarətlə məşğul olmaq
üçün də bizim pulumuz yoxdur. Gərək mən və ailəm sizin pulla
aldığım 250 manat təqaüdlə yaşasınlar. Bircə atasının milli fəal,
şair olması uşaqlarının bu gündə yaşamasına bais olub. Oğlum 35
yaşına çatıb, evlənə bilmir. Kimə gedirsən, deyir, işləyirsən,
deyirsən, yox, gəlmirlər. Bəs bu cavan oğlan nə cür evlənməlidir?
Ayda bir dəfə də məni çağırıb sorğu-suala tuturlar. Biz orda bu cür
çətinliklərlə üz-üzəyik. Qorxu, vəhşət yaradırlar ki, insanlar
qanuni haqlarını istəməsinlər.
- Bəs, digər xalqlara münasibət
nə cürdür?
- Digər xalqlar - kürdlər, ərəblər, bəluclar da bizim günümüzdədir.
Bəluclar ümumiyyətlə əsəbi olublar. Bəluclar farslardan, farslar
bəluclardan tutub edam edirlər. Ancaq Azərbaycan türkləri mədəni
şəkildə etiraz edirlər. Çünki azərbaycanlıların sayı çoxdur. Digər
tərəfdən də, azərbaycanlıların hökumətlə dini problemi yoxdur.
Çünki azərbaycanlılar hamısı şiədir. Hökumət də şiədir. Əgər
hökumətin sözünə baxsalar, azərbaycanlılar üçün iş tapılır.
Prezident də, rəhbər də ola bilərlər. Məsələn, bilirsiniz ki,
ayətullah Xamneyi azərbaycanlıdır. Ancaq gərək o sistemə qulluq
edəsən, onların dediklərini yerinə yetirəsən.
- Güney Azərbaycanla bağlı
narahatedici xəbərlərdən biri də Urmiya gölünün quruması ilə
bağlıdır.
- Hökumət indi bəzi addımlar atmaq istəyir, Xəzər dənizindən gölə
kanal çəkmək istəyir. Bu iş də bu gün başlasalar, 4 il çəkər. O
vaxtadak də Urmiya gölü quruyub qurtarar. Hazırda Urmiya gölünün 97
faizi quruyub. Bu isə ətrafda yaşayan 14 milyon adamın duz
fırtınası ilə üz-üzə qalması deməkdir. Göl tamam quruyarsa, onun
təkcə Güney Azərbaycana deyil, Azərbaycan Respublikasına,
Ermənistana, İraqa da mənfi təsirləri olacaq.
Səxavət Həmid
teleqraf.com
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO