Tabloid.az
Səməd Vurğunun “allı-güllü Leyla”sı – ARAŞDIRMA
Publika.az məşhur sənət adamlarının şəxsi həyatları barədə silsilə araşdırmalarını davam etdirir. Budəfəki "hədəf"imiz Azərbaycan teatr və kino sənətinin əfsanələrindən hesab edilən Leyla Bədirbəylidir.
Bəri başdan qeyd edək ki, aktrisa haqda yetərincə təzadlı məlumatlar var. Məsələn, bir çox mənbələrdə Leyla Bədirbəylinin 1920-ci il yanvarın 8-də Bakıda anadan olduğu, hətta bakılı olduğu yazılsa da, araşdırmamız zamanı məlum oldu ki, aktrisa əslən Şəmkirdəndir. Aktrisanın valideynlərinin 1937-ci ildə repressiyaya məruz qalmasıyla bağlı informasiyalar da həqiqətə uyğun deyilmiş. Belə ki, Leyla xanımın atası Ağalar kişi uzun illər hərbçi olub, hətta polkovnik rütbəsinə qədər yüksəlib. Ehtiyata buraxıldıqdan sonra isə hazırda Rabitə Kolleci, o dövrdə isə Energetika Texnikumu adlanan təhsil ocağının direktoru işləyib və 90 yaşında vəfat edib. Anası Bikə xanım isə Şəmkirin Dəllər kəndindəndir.
Balaca Leylanın uşaqlıq illəri Bakıda, daha doğrusu, İçərişəhərdə keçib. Atasının işiylə bağlı Bakıya köçən ailə sonradan taleyini bu şəhərə bağlayıb. Leyla Bədirbəylinin sənətə gəlməyində isə anası Bikə xanımın böyük rolu olub. Belə ki, həmin illərdə Əli Bayramov klubundakı qadınlar dərnəyinə gedən Bikə xanım böyük qızı Leylanı da özüylə bura aparırmış. Rəqsə böyük marağı olan gələcəyin məşhur aktrisasının istedadını üzə çıxardığı ilk sahə də məhz rəqs olur. Belə ki, fərqli xarici görünüşə və rəqs bacarığına sahib olan Bədirbəyli Dövlət Filarmoniyasına dəvət edilir. Elə ilk ailə həyatını da həmkarı və səhnədəki tərəf müqabili olan rəqqas Fərəc Cavanşirovla qurur. Həmin vaxt Leylanın cəmi 16 yaşı vardı. Bir il sonra oğul anası olan rəqqasə - gələcəyin aktrisası işindən ayrılmır və səhnə fəaliyyətini davam etdirir.
Qeyd edək ki, Leyla Bədirbəylinin oğlu Elxan Cavanşirov uzun illər AzTV-də operator kimi çalışıb. Gəlini Elmira Cavanşirova isə dövlət televiziyasında rejissor kimi fəaliyyət göstərib.
Filarmoniyada çalışdığı illərdə "Ayna" və "Bakının işıqları" filmlərində rol alan Bədirbəyli 1941-ci ildə 21 yaşında "Azdrama"ya dəvət olunur. Kinoda iki rolu olsa da, o qədər tanınmayan bu xanımın parlamağında Üzeyir Hacıbəyovun böyük rolu olur. Amma bütün bunlar Leyla xanımın ilk evliliyindən sonraya təsadüf edir.
Leyla Bədirbəyli ilə Fərəc Cavanşirovun evliliyi cəmi 4 il çəkir. Cavanşirovla boşanan aktrisanın təkliyi elə də uzun sürmür. 1942-ci ildə diş həkimi Kamil Aslanovla tanış olan Bədirbəyli onunla ailə qurur. Beş il sonra isə bu nikahdan Lalə adlı qız övladı dünyaya gəlir. Leyla xanımın Kamil Aslanovla nikahından ikinci övladı isə tanışlıqlarından 22 il sonra -1964-cü ildə doğulur. Lalədən 17 yaş kiçik olan uşağa Leyla xanımın anasının adını qoyurlar - Bikə.
...1945-ci ildə Rza Təhmasib "Arşın mal alan" filmi çəkilərkən Gülçöhrə rolu üçün gözəl xarici görünüşə malik qız axtarırmış. Məhz Üzeyir Hacıbəyovun tövsiyyəsindən sonra Leyla Bədirbəyli bu rola təsdiqlənir. Hətta bəzən belə iddialar da səsləndirilir ki, gözəllik aşiqi olan Üzeyir bəy Leyla Bədirbəylini bu rola ona olan sonsuz sevgisinə görə tövsiyyə edib. Bəzi sənət adamları isə ümumiyyətlə bu iki şəxs arasında sevgi münasibətlərinin olduğunu bildirirlər. Amma istənilən halda, məhz Gülçöhrə rolu Leyla xanımın daha geniş tamaşaçı auditoriyasına tanınmağında böyük rol oynayır.
Leyla Bədirbəylinin məşhurlaşmasında böyük rol oynamış digər şəxs isə İosif Stalin idi. Məhz onun Bədirbəylini "Qafqaz gözəli", "Azərbaycan gözəli" adlandırmasından sonra aktrisanın gözəlliyi daha böyük marağa səbəb olmuşdu. Stalinin ona verdiyi bu "titul"dan sonra hələ o vaxt şayiələr yayılır ki, guya Leyla xanım sovet dövlətinin rəhbəriylə isti münasibətlərə malikdir. Elə indinin özündə də bu barədə təzadlı fikirlər dolaşmaqdadır. Bəziləri isə bildirirlər ki, Bədirbəyli-Stalin münasibətləri, doğrudan da, mövcud olub, amma bu münasibətlər çox qısa çəkib.
Leyla Bədirbəylinin pərəstişkarları sırasında məşhur qəzəlxanımız Əliağa Vahidin də adı çəkilir. Hətta şairin aktrisaya erotik şeirlər həsr etdiyi də bildirilir. Araşdırmamız zamanı Leyla Bədirbəyliyə həsr olunduğu ehtimal olunan həmin şeirlərdən birini tapsaq da, bəlli səbəblərdən burada ondan sitat gətirməyi lazım bilmədik...
Bildirilir ki, Əliağa Vahidə həsr olunmuş "Qəzəlxan" filmindəki aktrisa obrazı məhz Leyla Bədirbəylinin prototipidir. Amma maraqlıdır ki, Şahmar Ələkbərzadə həmin filmdə Leyla xanıma başqa bir rolu həvalə edib.
Çoxları bilmir ki, xalq şairi Səməd Vurğun da Leyla Bədirbəylinin gözəlliyinin aşiqi olub. Hətta şairin aktrisaya "Allı-güllü Leylam" adlı şeir də həsr etdiyi deyilir. Həmin şeir isə sonradan mahnıya çevrilib və hazırda dillər əzbəridir. Məhz bu şeirdən sonra şairlə aktrisanın sevgi münasibətlərinin olduğu barədə də müxtəlif fikirlər səslənib. O dövrün əksər sənət adamları isə hesab edirlər ki, Bədirbəylinin Səməd Vurğunla sevgi münasibətlərinin olması barədə deyilənlər daha realdır.
Xalq artisti Ağaxan Salmanlı Leyla Bədirbəylinin həyatının son
illəri barədə danışır:
"90-cı illərin ortaları idi. Ramiz Əzizbəyli "Mozalan" çəkirdi.
Fasilə vaxtı bizi kinostudiyadakı otaqlardan birinə apardılar.
Otağa girəndə gördük ki, Leyla xanım əlində nəsə toxuyur.
Ümumiyyətlə, o, həm də çox savadlı idi, mütaliə etməyi xoşlayırdı,
yerini bilən qadın idi. Onu digər aktrisalardan fərqləndirən də bu
cəhətiydi. Otaqda məndən başqa bir neçə aktyor da var idi. Xeyli
xoş söhbətimiz oldu. Arada söhbətin şirin yerində qayıtdı ki, "ya
eşo jenşina". Mən hələ də qadınam, qadınlığımı itirməmişəm. Biz
quruduq yerimizdə, bir-birimizə baxdıq. Yəni yaşının çox olmağına
baxmayaraq, doğrudan da, təravətli idi, baxımlı qalmışdı. Həmin
dövr kinostudiyanın dağılan vaxtları idi. Leyla xanım onda
kinostudiyada aktyor studiyasının rəhbəri işləyirdi".
Leyla xanımın "Azdrama"dan Kinostudiyaya getməsinə səbəb kimi isə teatr daxilində onun haqqında dolaşan şayiələr səbəb olur. Belə ki, yaşlansa belə, gözəlliyini itirməyən aktrisanın adı gənc aktyorla hallanır və iclasların birində söhbət açılır. Məhz bundan sonra Əli İsmaylovun direktoru olduğu teardan incik düşən aktrisa bir daha "Azdrama"ya qayıtmır.
Təbii ki, aktrisa haqda gəzən söz-söhbətlərdən həyat yoldaşı Kamil bəyin də xəbəri var idi. Hətta günlərin birində çox maraqlı hadisə baş verir. Rəşid Behbudovun Bakıda evi olmadığına görə "İnturist" mehmanxanasında qalırmış. Leyla xanımın anasının təkidindən sonra Behbudov bu evə tez-tez gəlib gedər, onlarla ünsiyyət saxlayarmış. Günlərin birində Rəşid Behbudov, Leyla Bədirbəyli və aktrisanın həyat yoldaşı Kamil Aslanov süfrə arxasında əyləşib çörək yedikləri zaman evə zəng gəlir. Zəng vuran adam Leyla xanımın yoldaşına deyir ki, utanmırsan, sən evdə oturmusan, arvadın da Rəşidlə gəzməyə gedib. Kamil Aslanov dözməyib qayıdır ki, düz edirlər, mən icazə vermişəm, qoy kef çəksinlər...
Leyla Bədirbəyli xüsusi geyim zövqü olan xanım imiş. Qəribədir ki, haqqında bu qədər şayiələr dolaşan aktrisa heç vaxt açıq-saçıq geyinməyib. Onu digər aktrisalardan fərqləndirən bir özəliyi də içki və siqaret kimi zərərli vərdişlərdən uzaq olması idi.
Amma əksər məşhur sənət adamları kimi onun da yola getmədiyi
həmkarları var imiş. Adının çəkilməsini istəməyən yaşlı bir aktyor
danışır ki, Ədil İsgəndərov "Azdrama"ya rəhbərlik etdiyi dövrdə
əksər baş rolları məhz Leyla Bədirbəyliyə həvalə edirmiş. Bu isə
Hökumə Qurbanovanın xoşuna gəlmirmiş. Düzdür, Hökumə Qurbanova
teatr sahəsində Bədirbəylidən üstün aktrisa olsa da, əksər
tamaşaçılar məhz gözəlliyinə görə Leyla xanımı sevirmişlər:
"Hökumə Qurbanova çox emosional, qaynar aktrisa idi. Leyla isə,
sadəcə, görkəminə görə seçilirdi. Gözəlliyi hər şeyi
əvəzləyirdi".
Xalq artisti Tariyel Qasımov isə Leyla xanımla həm 60-cı illərdə
"Azdrama"da bir yerdə çalışıb, həm də eyni filmdə rol alıb.
Qasımovun Leyla Bədirbəyli haqda dediklərindən:
"Tofiq İsmayılovun "Bizim" küçənin oğlanları filmində çəkilmişik.
Film Qəbələnin Qəmərvan kəndində çəkilirdi. Bir ay orda qaldıq.
Qatarla gedəndə bizə anamız kimi qulluq edirdi. Hətta elə bilərdin
ki, bizimlə tay-tuşdur. Çox sadə adam idi. Cavanları çox istəyərdi.
O, heç kimin tələbəsi olmayıb, ali təhsil almamışdı. Ümumiyyətlə, o
dövrün sənətkarlarının əksəriyyəti kimi Leyla xanımın da ali
təhsili olmayıb. Dəfələrlə şahidi olmuşam ki, insanlar onu görəndə
başına yığışırdılar. Hər kəs onun gözəlliyinə baxmaq istəyirdi. Çox
zarafatcıl olduğunu deyə bilərəm. Amma heç vaxt qədərini
aşmazdı".
Tariyel Qasımovun Leyla Bədirbəyli haqda bu qədər xoş sözlər
deməyinə rəğmən, Bədii Şuranın üzvü olarkən aktrisa gənc həmkarının
"Doğma Sahillər" filmində rol almasına qarşı çıxıb:
"1989-cu ildə "Doğma Sahillər" filmi çəkilirdi. Bədii Şuraya mənim,
Ramiz Novruzovun, Ramiz Məlikovun və İlham Əsgərovun namizədliyi
təqdim olunmudu. Leyla xanım bildirmişdi ki, Tariyel yaxşı
aktyordur, amma boyu balacadır. O istəyirdi ki, həmin filmə İlham
Əsgərov çəkilsin. Lakin sonda rejissor Əbdül Mahmudov mənim
çəkilməyimi istədi və çəkildim. Buna baxmayaraq, həmişə onu çox
istəmişəm".
Leyla Bədirbəylinin əmisi nəvəsi Abdulla Rzayev isə tələbəlik
illərində aktrisanın evində keçirdiyi günləri belə xatırlayır:
"1966-cı ildə orta məktəbi bitirib ali məktəbə daxil olanda gedib
Leylanın atası Ağalar kişigildə qalırdım. Tez-tez onlara da
gedirdim. Dmitrev küçəsində idi evləri. İndiki Heydər Əliyev
sarayının arxasında, ikimərtəbəli evlərdə yaşayırdılar. Yoldaşı
Kamil Aslanov Dəmiryol xəstəxanasında stomatoloq işləyirdi.
Yadımdadır ki, dolanışıqları çox yaxşı idi. Qohum-əqrəbaya qarşı
çox diqqətli idi. Şəmkirə gələndə hamıya bacardığı qədər hədiyyə
alırdı. Leylanın özündən kiçik Ofeliya adlı bir bacısı var,
qardaşları olmayıb. Ofeliya Bədən Tərbiyəsi İnstitutunda dərs
deyirdi. O vaxtlar İsmayıl Dağıstanlı, İsmayıl Osmanlı, Nəcibə
Məlikova, Rəsmiyyə Quliyeva, Zeynəb Xanlarovanın qərb bölgəsinə
qastrolları olanda gəlib bizdə qalırdılar. Əliağa Vahidlə
münasibətləri barədə deyilənlər isə tamamilə yalandır. Çünki evləri
ilə teatrın arası 100 metr idi, əri işə aparıb-gətirirdi. İkincisi
də, Əliağa Vahid içirdi, harda bir gözəl qadın görürdüsə, ona şeir
yazırdı. Leyla məşhurluğundan istifadə edən adam deyildi... Qızı
Laləni Nazirlər Kabinetinin o vaxtkı sədri Əlixanovun oğluna ərə
vermişdi".
İfa etdiyi onlarla maraqlı rollar, tamaşaçı sevgisi və saysız titullarına rəğmən aktrisanın ömrünün son illəri çox acınacaqlı keçir. Belə ki, həyat yoldaşı Kamil Aslanov Almaniyadan maşın gətirməyə gedibmiş. Azərbaycana qayıdanda Ukraynada ağır qəzaya uğrayan Aslanov ordaca dünyasını dəyişir. Bir il sonra isə aktrisanın qızı Laləni Bakıda maşın vurur və o da vəfat edir. Məhz bu iki hadisədən sonra Leyla Bədirbəyli günbəgün gözəlliyini itirməyə başlayır. Ardınca isə əsəb xəstəliyinə tutulur. "Azərbaycan gözəli" adlandırılan qadın qısa müddət ərzində elə tanınmaz hala düşür ki, heç kimin onu bu halda görməsini istəmir və heç kimlə görüşmək istəmir. Uzun müddət evə qapanır...
Yalnız 1999-cu ilin yanvar ayının 1-də mərhum prezident Heydər Əliyev ona "İstiqlal" ordenini verərkən evdən çıxır. Elə həmin ilin noyabr ayının 23-də 79 yaşında dünyasını dəyişən gözəllik əfsanəsi Fəxri Xiyabanda dəfn edilir. Allah rəhmət eləsin!
İntiqam VALEHOĞLU
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq