Azərbaycan “Nabat”ı yaponları heyran qoydu – FOTOLAR
Bizi izləyin

Tabloid.az

Azərbaycan “Nabat”ı yaponları heyran qoydu – FOTOLAR

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” Kinostudiyasında istehsal olunmuş “Nabat” tammetrajlı bədii filmi oktyabrın 23-dən 31-dək keçiriləcək 27-ci Tokio Beynəlxalq Film Festivalında nümayiş olunacaq.

Publika.az-a bu barədə filmin rejissoru Elçin Musaoğlu məlumat verib. Onun sözlərinə görə, bu barədə festivalın təşkilatçıları Tokionun məşhur kino salonlarından biri olan “Toranomon Hilss”də keçirilən mətbuat konfransında məlumat verilib.

“TİFF 2014”ün baş direktoru Yasuşi Şiina konfrans iştirakçılarını salamladıqdan sonra festivalda müsabiqəyə Azərbaycan filmi ilə yanaşı, dünyanın müxtəlif ölkələrinin kinostudiyalarında istehsal olunmuş 14 ekran əsərinin buraxıldığı deyilib. Bunlar 92 ölkədə istehsal edilmiş 1373 film arasından seçilib. Doqquz gün davam edəcək festival rejisorlar Don Holl və Kriss Vilyamsın “Böyük qəhrəman 6” ekran əsəri ilə başlayacaq və Takaşi Yamazakinin “Parazit” filmi ilə başa çatacaq.

Festivalın münsiflər heyətinə Ceyms Qann (sədr), Con H.Lii, Robert Luketiç, Erik Hu, Debbi Mak-Vilyams və Hiroşi Şinaqava kimi tanınmış kino xadimləri daxildirlər.
Festivalda müsabiqəyə buraxılan “Nabat” filmi doqquz gün ərzində Tokionun məşhur “Ropponqi Hills”, “TOHO Cinemas Nihonbashi” və digər kino salonlarında nümayiş olunacaq. “Nabat” filmində Qarabağ müharibəsinin dramatik hadisələrindən biri canlandırılır.

Filmin ssenari müəllifləri Elçin Musaoğlu, Elxan Nəbiyev, operatoru Abdulrəhim Beşarat, prodüseri Müşfiq Hətəmovdur.
Rolları Fatimə Motamed Arya, Vidadi Əliyev, Ramin Zeynalov, Sabir Məmmədov və başqaları ifa edirlər.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm