Donbasda yeni döyüş anonsu – separatçılar Mariupola hücuma hazırlaşırlar
Bizi izləyin

Dünya

Donbasda yeni döyüş anonsu – separatçılar Mariupola hücuma hazırlaşırlar

Separatçılar yaxın vaxtlarda Mariupol şəhərini ələ keçirməyi planlaşdırır.

Publika.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, bu barədə “Donetsk Xalq Respublikası”nın “baş naziri” Aleksandr Zaxarçenko bildirib.

“Biz Mariupolla bağlı danışıqlar aparırıq. Kiyev bu məsələni sülhlə həll etmək istəmir. Biz məsələni hərbi güc vasitəsilə həll etməyə qərar verəcəyik", - deyə “baş nazir” vurğulayıb.

Bu, A.Zaxarçenkonun Kiyevə ünvanladığı ilk analoji hədə deyil. Donetsk separatçılarının lideri bundan əvvəl də Slavyansk, Kramatorsk və Mariupolu ələ keçirəcəkləri barədə xəbərdarlıq edib.

Xatırladaq, Ukrayna antiterror gücləri iyulun əvvəlində separatçıları Slavyansk və Kramatorskdan vurub çıxarıb. Avqustun sonları - sentyabrın əvvəllərində isə Mariupol yaxınlığındakı İlovaysk rayonu Rusiya qoşununun köməyi ilə ələ keçirilib. Mariupol hazırda cəbhə xətti hesab olunur.

Ukrayna Hərbi-Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, “İnformasiya müqaviməti” qrupunun koordinatoru Dmitri Tımçukun bu gün verdiyi informasiya da separatçı liderin hədəsinin əsassız olmadığını göstərir. Onun sözlərinə görə, Donetsk və Luqansk “xalq respublikaları”nda vahid “Novorossiya Ordusu”nun yaradılması ilə bağlı Moskvanın planını həyata keçirilir: “Rusiya Donbas hövzəsinə zirehli texnika və desantçıların növbəti partiyasını göndərib. Ayrı-ayrı quldur dəstələrləri “rota” və “batalyon” status alırlar. Donetskin şimal hissəsində artilleriyanın vahid nəzarət məntəqəsi işləyir. Donetsk vilayətinin Petrovski rayonuna “özünümüdafiə bölmələri” adı altında maskalanmış və fərqləndirici nişanları olmayan Rusiya hərbi bölmələri yerləşdirilir. Donbaş hövzəsinə Rusiya ordusunun motoatıcı və hava-desant bölmələrinin hərəkəti müşahidə olunur. Donetsk vilayətinin Qorlovka, Kirov və Kiyev rayonlarına Rusiyanın Cənub Hərbi dairəsinin motoatıcı briqadalarının tərkibindəki mobil taktik qruplar göndərilib”.

Məlumata görə, separatçılar və Rusiya ordusunun Mariupol şəhəri ətrafında fəallığının artması müşahidə olunur. Rusiya qoşununun batalyon taktik qrupu Novoazovsk rayonu istiqamətindən Mariupol istiqamətinə yerini dəyişib. Batalyon taktik qrupunun Rusiya muzdluları (“kadırovçular”, osetinlər və kazaklar), həmçinin yerli separatçılardan təşkil olunduğu bildirilir.

Əlavə edək ki, separatçılar Donetsk və Luqansk vilayətlərinin yalnız üçdə birinə nəzarət edir. Ukrayna hakimiyyətinin vəd etdiyi “xüsusi status” isə vilayətlərin bütün ərazisinə deyil, ancaq separatçıların nəzarət etdiyi ərazilərə şamil olunacaq. Separatçılar isə bununla razı deyil.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm