Tabloid.az
Pünhan İsmayıllı: “Nazir dostuma istədiyim vaxt zəng vururam” – FOTO/VİDEO
Tamada, bədii qiraətçi Pünhan İsmayıllının (İsayev) Publika.az-a müsahibəsi
- Pünhan müəllim, sizi hər kəs tamada kimi tanıyır.
Təhsiliniz nədir, haranı bitirmisiniz?
- Mədəni Maarif Texnikumunun səhnə mədəniyyəti fakültəsini
bitirmişəm.
- Əsas gəlir yeriniz toylardır. İndi toylar yoxdur, nə
işlə məşğulsunuz?
- Zəngin kitabxanam var. Son üç ildə kitabxanamı
elektronlaşdırmaqla məşğulam. Bir dəqiqə də vaxtım yoxdur. Hətta
gecə saat 5-ə qədər bu işlə məşğulam. Çünki çox sərfəli
variantdır.
- Kitabxananızda şeir kitabları üstünlük təşkil
edər...
- Şeirlər, zərb məsəllər, atalar sözləri... Mənin 12 ensiklopediyam
var. Orada ata, ana, bəy, gəlin, musiqi, təbiət mövzuları üstünlük
təşkil edir.
- Bütün bunlar toya hesablanmış şeylərdir
də...
- Təkcə toy demək olmaz. Çünki təkcə toyda aparıcılıq etmirəm.
Konsert proqramlarının, dövlət tədbirlərinin, yaradıcılıq
gecələrinin də aparıcısı olmuşam. Dekabrın 3-də Əlillər Günüdür.
Heydər Əliyev Sarayında konsertimiz olacaq.
- Toyda tamadalar şeirin ortasında guya kiməsə xitab
edirlər. Məsələn, ay filankəs müəllim... Bu nəyə hesablanıb? O
adamlar hörmətli olduqlarına görədir, yoxsa tamada hiss edir ki,
həmin adamda “çörək” var, bu varianta əl atır?
- Elə şeylə qəti şəkildə razılaşmıram. Təsəvvür edin ki, Məmməd
Arazın hansısa şeirini deməliyəm. Onun şeirinin iki bəndini deyib,
ortada “ay Əli müəllim” deyib, yenidən davam etsəm, şairin ruhuna
toxunmuş olaram. Mən heç vaxt elə etmirəm və etməmişəm. Bu, bir növ
şeiri, poeziyanı urvatdan salmaqdır.
- Tamadalar hiss edirlər ki, adam içkilidir və “damar”a
toxunacaq şeirlər deyirlər. Təbii ki, məqsəd pul qoparmaqdır.
Sizcə, bu düzgündür?
- Mən əvvəlcədən toy sahibi ilə danışıb qonorarımı alıram. Vacib
deyil ki, kimsə toyun gedişatında mənə 3-5 manat versin. Verən
olanda da yaxınlaşmıram. Ümumiyyətlə, stollara getmirəm, özümə
sığışdırmıram.
- Toya neçəyə gedirsiniz?
- Şəhər yerində 1500-2000 manata toyu idarə edirəm.
- Toya yarım saatlıq gedirsiniz?
- Yarım saatlıq da olur. Məsələn, Elnarə Abdullayeva, Cabir
Abdullayev, Könül Xasıyeva ilə toylara gedirəm, tar müşayiət edəndə
şeirlər, qəzəllər deyirəm.
- Sizə bədii qiraətçi sözü daha yaxındır, yoxsa
tamada?
- Bədii qiraətçi. Amma istər-istəməz bədii qiraətçilərin hamısına
tamada deyirlər. O qədər belə xalq artistləri var ki.
- Toyda yarım saatlıq tamada necə ola bilər
ki?
- Məsələn, bəylə gəlinə ürək sözlərimi deyirəm. Çox vaxt məni toyun
açılışına bir saatlıq dəvət edirlər. Bəylə gəlin maşından düşən
ərəfədə şeirlə onları “bəzəyirəm”, vəsf edirəm. Ondan sonra zala
daxil olanda alqışlar qopur, şərbət stolu qurulur və sair.
- Bəy və gəlin yerlərinə əyləşəndən sonra sizin işiniz
bitir?
- Yox, ondan sonra toyun açılışını edirəm, valideynlər xeyir-dua
verirlər, çıxıb gedirəm.
- Sizcə, buna ehtiyac var? Bəy və gəlin şeirsiz-filansız
gəlib yerlərində otursalar, toy baş tutmayacaq?
- Onda camaat niyə bunu istəyir? Deməli, tələbat var ki, istəyirlər
də.
- Ən çox hansı ölkələrdə toylarda
olursunuz?
- Rusiyada daha çox oluram.
- Ora neçəyə gedirsiniz?
- Qiymətlər vacibdir?
- Əlbəttə, vacibdir. Oğurluq etməmisiniz ki,
gizlədəsiniz.
- Rusiyaya 5-6 min dollara, İsrailə 10 min dollara gedirəm.
Dünyanın çox yerində toylarda olmuşam.
- Olubmu ki, bu işdən usanasınız,
bezəsiniz?
- Toy həddən artıq çətin məsələdir. Hansısa qurumda 40-50 nəfər
oturur və rəhbər şəxs danışır, hamı sakitcə onu dinləyir. Toy
belədir ki, içkili vəziyyətdə insanları özünə cəlb etmək çox
çətindir.
- Mən deyərdim ki, çox asandır. İçki məclisində, bayaq
dediyim kimi, bir “damar” şeiri deyirsən, vəssalam. Evdə anasını
döyüb həmin məclisə gələn adam da başlayır
kövrəlməyə...
- İçki məclisində hamının başı kefə, yeməyə qarışır, sözə qulaq
asan az olur.
- Sizcə, ümumiyyətlə, toyda sözə qulaq
asırlar?
- Elə gözəl qulaq asırlar. Böyük Zəlimxan Yaqub deyir:
Ovu quşun qanadından saldırar,
Hökmü ilə qaya susar, sal durar,
Söz yıxanı Allah çətin qaldırar.
Şillə sözdür, yumruq sözdür, pəncə söz...
Baxır necə söz deyirsən. Nağıl danışsan, bildiyin səkkiz bənd şeirin səkkizini də deyib, camaatı yorsan, qulaq asmayacaqlar.
- Sizcə, hansı keyfiyyətlərə sahib olan şəxs tamadalıq
edə bilər? Məsələn, 16 bənd şeir bilmək kifayət edər?
- Şeir deyirlər e, camaatı ələ ala bilmirlər, insanları
yorurlar.
- Toy idarə etmək üçün şeir bilmək
vacibdir?
- Daha yaxşı olar da.
- Tamadanın şeiri maralın buynuzu kimi bir şeydir də,
hə?
- Maraqlı olur da. Elə xalq artistləri var ki, aparıcılıq da edir,
tamadalıq da.
- Azərbaycanda hansı müğənni həm də yaxşı toy
aparır?
- Mən müğənninin məclis aparmağı ilə razılaşmıram.
- Tamadaların bazarını “öldürdüklərinə”
görə?
- Təkcə ona görə yox. Hər kəs öz işini görsə, yaxşı olar. O, tamada
kimi lazımı qaydada toy apara bilməz. Çünki fikri qalır
mahnılarında. Ümumiyyətlə, özünə hörmət edən müğənni toy
aparmamalıdır. Bu, mümkün olan iş deyil. Sən gözəl sənətkarsansa,
müğənniliyini elə də. Baloğlan Əşrəfovu görmüsən ki, toy
aparsın?
- Xalq artisti Səməd Səmədov da toy aparır. Deməli,
özünə hörmət eləmir?
- Mən o mənada demədim. Yəni, hər kəs öz sahəsiylə məşğul
olmalıdır. Manaf Ağayev, Cabir Abdullayev, Əflatun Qubadov, Gülyaz,
Gülyanaq bacıları da toy aparmırlar.
- Kimlərlə eyni toya düşəndə həzz
alırsınız?
- Elə sənətkarların sayı lap çoxdur. Nazpəri, Manaf Ağayev, Cabir
Abdullayev, Əflatun Qubadov, Gülyaz, Gülyanaq bacıları ilə bir
toyda olmaq adama həzz verir.
- Deyilənə görə, müğənnilər Şəmkir tərəfdə yaxşı pul
qazanırlar. Sizin o tərəflərə yolunuz düşürmü?
- Yolunuz düşür deyəndə ki, pis çıxmasın, Şəmkirin yolunu mən
açmışam da. Əksinə, mən sənət dostlarımı dəvət edirəm ki, Şəmkirdə
belə bir toy var. Heç bir müğənniylə getmirəm, əksinə, müğəniləri
toya aparıram.
- Tamada, müğənni yoldaşları məclisə göndərib faiz
aldığınız olub? Çünki indi sənət aləmində belə şeylər də
dəbdir.
- Heç vaxt belə şey etməmişəm. İstənilən sənətçidən bu haqda soruşa
da bilərsiniz. Çünki heç vaxt heç bir müğənnidən umacağım
olmayıb.
- Son dəfə toy qiymətini nə vaxt
artırmısınız?
- On il olar.
- Bəs on il əvvəl toya neçəyə gedirdiniz?
- Beş yüz də olub, üç yüz də, əlli manata da toya getmişik.
- Müğənniləri toylarda tez-tez döyürlər. Yəqin ki,
şahidi olmusunuz.
- Döyüldüklərini görməmişəm. Elə toylara gedirəm ki, mədəni və
səviyyəli olsun.
- Hər toya getmirsiniz?
- Elə olur ki, imtina edirəm. Məsələn, bir dəfə getmişəm, görmüşəm
ki, mənlik deyillər. İkinci dəfə dəvət ediblər, getmirəm, deyirəm
ki, işim var.
- Nə əcəb klip çəkdirmirsiniz?
- Mənim dörd klipim var.
- Sonuncusu nə vaxt çəkilib?
- İki il bundan əvvəl “Ay İsmayıllı” adlı kompozisiyaya klip
çəkdirdik. Musiqisi Cabbar Musayevin, sözləri mənimdir. Kamilə
Nəbiyeva oxuyurdu, arada mən də şeir deyirdim.
- Şeir də yazırsınız?
- Ona şeir yazmaq demək olmaz. Hərdənbir olur.
- Neçə ildir toy aparırsınız?
- 1988-ci ildə mənim 22 yaşım var idi. O vaxta kimi dost-tanış
məclislərini, ad günlərini idarə edirdim. Tamada kimi ilk toyum
1988-ci ildə Sabirabad rayonunun Zəngənə kəndində olub. Dava-şavalı
toy idi.
- Düşünürsünüzmü ki, gərək vaxtında pedaqoq, yaxud
aktyor olardım?
- Hayıf ki, Mədəniyyət və İncəsənət Universitetinə girə bilmədim,
aktyorluğu bacarmadım. Bu sahə çox çətindir. Həyatda müəyyən qədər
aktyorluq edirik, amma bu, əsl aktyorluq deyil.
- Yaxşı vəzifəli dostlarınız olar.
- Var, çoxdur. Nazir, nazir müavini, polis rəisi, general dostlarım
var.
- Nazir dostunuza istədiyiniz vaxt zəng vurub
probleminizi deyə bilirsiniz?
- Nazirə zəng də vururam, görüşürük də, söhbət də edirik,
bayramlarda da zəngləşirik. Amma mən onlara vəzifəli adam kimi yox,
dost kimi baxıram, siyasətdən uzaq adamam.
- Vaxtilə vəzifədə olmuş dostunuz var?
- Bəli, Tağı Əhmədovla indi də dostam. Şeirlərini də demişəm.
(Çox təkid etsəm də, nazir dostlarının adını demir –
İ.V.)
- Heç hansısa dostunuzdan bahalı hədiyyə
almısınız?
- Olub, niyə olmayıb ki. Şirkət sahibləri də olub.
- Azərbaycanda tamadalığın durumu necədir?
- Çox gözəldir. Zəlimxan Yaqub o boyda xalq şairidir, amma tamada
olub da. Uzun illər məclislər aparıb. Mikayıl Mirzə bir toya
gələndə hamı sakit durub, çəngəl-bıçağı qoyurdu yerə. Səməndər
Rzayev, Yaşar Nuri kimi sənətkarlar toy aparıblar, toyların şahı
olublar. Alqayıt Xəlilov isə tamadalığın möhürünü vurub.
- Tamada kimi kimlərdən bəhərlənmisiniz?
- Alqayıtdan, Zəlimxan Yaqubdan, Musa Yaqubdan, Mikayıl Mirzədən.
Musa Yaqub da gəncliyində dost məclislərini idarə edib.
- Hər mövzuda şeirlər deyirsiniz. Yaddaşınızda təxminən
neçə şeir var?
- Dəqiq say deyə bilmərəm, amma minlərlədir.
- Hansı şairin yaradıcılığına daha dərindən
bələdsiniz?
- Məmməd Araz, Ramiz Rövşən, Musa Yaqub yaradıcılığını yaxşı
bilirəm. Bu yaxınlarda Ramiz Rövşənin bir şeirini oxudum,
dəhşətdir.
Təkcə gücsüzlüyündən yıxılmır, atam balası.
Arabir gücündən yıxılır adam.
Başını dik tutub gəzdiyi yerdə,
İçindən yıxılır adam.
İllər boyu neçə dərdə dözür, dayanır,
Qəfil sevincindən yıxılır adam.
Dünya qaçır ayağının altından, yıxılmır.
Bu dünyanın ən dəlisov atından yıxılmır.
Amma bir kəpənəyin qanadından,
Bir otun ucundan yıxılır adam.
Gülmə hər yıxılana, atam balası, gülmə.
Elə bilmə bu dünyada təkcə gücsüzlüyündən,
ya da ki acından yıxılır adam.
Bax şeir budur. Bunu hamı demir, əzbərləmək çətindir.
Musa Yaqub isə görün iki misrada nələr deyir:
Nə var sevgidən özgə, başqa şeylər hədərdi,
Dünyanın ömrü eşqin yaşamağı qədərdi.
Görürsən necədir? İki misrayla nələri ortaya qoyur.
- İmkanlı adamlar şeirlərini sizə təqdim
edirlər?
-Olur.
- Ürəyinizə yatmayan şeir olanda nə
edirsiniz?
- Etiraf edim ki, bəzən məcburən o şeiri deyirəm. Görürəm ki, güclü
olmasa da, qələmi var, şeirlə, poeziya ilə oturub-durur,
yaşayır.
- İmkanlı adamların şeirini səsləndirəndə qonorar
alırsınız?
- Yox, məclisə gedəndə qonorarımı əvvəlcədən alıram. Həmişə cibimə
pul qoyanda kənara qaçıram. Bir yaxın dostum var, polis rəisi idi,
indi generaldır. Rayona gedəndə onun kabinetində görüşəsi olduq.
Gördüm ki, bir videoya baxır. Dedi ki, bax, bu sənsən, pul vermək
istəyirlər, kənara çəkilirsən.
- Hər gün toyda olarsınız...
-Toy sezonlarında oluram. Min şükür, dolanırıq. Bunun üçün işləmək
lazımdır. Güclü iradə, dözüm, səbir, zəhmət lazımdır. Böyük Rəsul
Rza böyük Səttar Bəhlulzadəyə bir məktub yazır. Allah hər ikisinə
rəhmət eləsin:
Səndə bir can var, məndə bir can.
Mənim qələmim var, sənin fırçan.
Mənimki sözdür, səninki rəng.
Mən yazım, sən çək.
Mən dilim olmasa da, yazaram, əlim olmasa da,
Sən gözün olmasa da, çəkərsən, sözün olmasa da.
Heç birimiz yarada bilmərik ürəksiz.
Mənimki sözdür, səninki rəng.
Var olsun Ürək.
Adicə bir şeiri camaata çatdırmağa adamda ürək lazımdır. Sözü vaxtında deməlisən. Məmməd Araz deyir ki, söz beyində mayalanır, ağızdan doğulur, hədəfə dəyəndə atəş açılır.
- Kimsə mikrofonu alıb uzun-uzadı danışanda nə
edirsiniz?
- Elə şeylə aram yoxdur da. Onda əlacsız qalıram, toy sahibinə
deyirəm ki, denən bəsdir. Yaxud da səs rejissoruna xəbər edirəm,
mikrofonun səsini alır, musiqi verilir.
- Ümumiyyətlə, toyda deyilən sağlıq maksimum neçə dəqiqə
olmalıdır?
- Ən gözəl natiq beş dəqiqədən artıq danışmamalıdır. Toyda maksimum
bir dəqiqə sağlıq demək lazımdır. Mən özüm toyun açılışında dəqiqə
yarımdan çox danışmıram. Elə anlar olur ki, cəmi 30 saniyə
danışıram. Çünki çox danışanda camaat yorulur. Əvvəllər toy qırx
gün idi. Qısaldı, azaldı, gəldi oldu cəmi dörd saat. İndi tamada
məclisin rejissorluğunu elə etməlidir ki, həm toy yiyəsi razı
qalsın, həm qonaqlar bezməsinlər, həm də məclis maraqlı keçsin.
İntiqam VALEHOĞLU
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"