Mərkəzi Bank manatın məzənnəsini nə qədər qoruyub saxlaya bilər?
Bizi izləyin

Digər

Mərkəzi Bank manatın məzənnəsini nə qədər qoruyub saxlaya bilər?

Neftə görə Rusiyada milli pul vahidinin - rublun sürətlə dəyərdən düşməsi iqtisadiyyatı “qara qızıl”dan, o cümlədən dövlət gəlirləri məhz onun qiymətindən asılı olan bütün ölkələr üçün xarakterik haldır.

Çünki hər bir ölkənin milli pul vahidi onun ümumi daxili məhsulunu (ÜDM) təcəssüm etdirir ki, ABŞ dolları dünyada ona görə liderdir. Belə ki, adı çəkilən ölkədə istehsal olunan məhsul həcmi dünya iqtisadiyyatında ÜDM-in az qala 30 faizdən çox hissəsini təşkil edir. Ona görə də hər hansı bir ölkə dünya bazarlarına çıxan kimi istər-istəməz dollarla üzləşir ki, alış-verişi onunla etməli olur. Və hər bir ölkə kənardan nə qədər çox dollar daxil edirsə, milli valyutası da bir o qədər çox alıcılıq qabiliyyətinə malik olur.

Bütün bunları neçə illərdir Azərbaycanın təcrübəsi də əyani göstərir.

Məlumdur ki, ölkəmizdə milli valyutamız olan manatın məzənnəsi sabit xarakter daşıyır. Hətta onun alıcılıq qabiliyyətinin möhkəmlənməsi tənqid olunur. Bunun sahibkarlıq fəaliyyəti və ümumiyyətlə, qeyri-neft sektorunda inkişafı buxova almaqla ixracı məhdudlaşdırdığı – iqtisadiyyatda birtərəfli inkişafa zəmin yaratdığı söylənilir.

Beynəlxalq maliyyə qurumları da hökuməti buna görə, dəfələrlə tənqid atəşinə tutub. Halbuki Azərbaycanda uzun illərdir mövcud makroiqtisadi sabitliyin və dayanıqlığın əsasını məhz manatın məzənnəsinin möhkəm qalması təşkil edir. Başqa sözlə desək, ölkəmizdə makroiqtisadi sabitlik göstəricilərindən birini məhz milli valyutamızın alıcılıq qabiliyyətinin nəyinki sabit qalması, əksinə, mərhələlərlə artması təşkil edir.

Düzdür, bunda Azərbaycan Mərkəz Bankı (AMB) da rolu az oynamayıb.

Belə ki, ölkəyə daxil olan dollar kütləsinə əsasən dövriyyəyə tələb olunan həcmdə manat buraxılsaydı və “səxavətli” emisiya nümayiş etdirilsəydi milli valyutamız daxili bazarda ABŞ pul vahidinə görə bu qədər üstünlüyə sahib olmazdı. Çünki elə vaxt olub ki, müəyyən idxal məhsullarının qiymətləri yüksək olsa da, ölkənin daxili bazarında çox “rəvan” şəkildə reallaşdırılıb.

Odur ki, Beynəlxalq Valyuta Fondu (BVF) da hökumətə bir neçə dəfə üzən məzənnə siyasətinə keçməyi təklif etsə də qeyd olunan vəziyyətin xarici istehsalçılara xeyir verməsinə və ixracı stimullaşdırmasına baxmayaraq, buna əməl edilməyib. O səbəbdən ki, manatın məzənnəsi sərbəst buraxılsaydı dünya iqtisadiyyatındakı böhran dərhal ölkə iqtisadiyyatımızın “onurğa və qan-damar” sisteminə siraət edəcəkdi.

Məsələ bundadır ki, indi əks vəziyyət yaranıb.

Neftin dünya bazarlarında qiymətinin ucuzlaşmaqda olması ilə əlaqədar ölkəyə dollar axını azalıb. Azərbaycan iqtisadiyyatı da “qara qızıl” hasilatına bağlı olduğundan dövlətin gəlirləri neft dollarlarından asılı vəziyyətdədir. Çünki ixrac edə biləcəyimiz başqa heç nə yoxdur. Kənara ixracın 86 faizini xam neft məhsulu təşkil edir ki, üstəlik, hasilatın enməsi ilə əlaqədar ölkəmizdən xam neft, daxili bazarda tələbatın artması ilə bağlı isə neft məhsullarının həm də həcm etibarı ilə azaldığını nəzərə almaq vacib sayılır.

Qısa desək, real olaraq Azərbaycan manatının da dəyərinin ucuzlaşması təhlükəsi yaranıb.

Fərq yalnız ondan ibarətdir ki, manatın ipi əgər əvvəl “sakit dayandığı” üçün sərbəst buraxıla billərdisə, indi əksinə, “üzüaşağı dartınmağa” başladığı üçün onu bacardıqca möhkəm saxlamaq lazım gəlir. Yeri gəlmişkən, AMB rəhbəri Elman Rüstəmov bu yaxında 2014-cü ildə tədiyə balansında profisit qeydə alındığı üçün manatın məzənnəsini qoruyub saxlanıla bildiyini söylədi. Ancaq məsələ bunda deyil axı... Profisiti yaradan neft və neft məhsulları ixracıdır. Bunların qiymətləri isə enir və üstəlik, satışı da azalır. Odur ki, dövriyyədə olan manat kütləsi qarşında dollar həcmi getdikcə azalır.

Doğrudur, hələ dəqiq bəlli deyil ki, AMB manatın ucuzlaşmasının qarşısını almaq üçün bazara indiyədək hansı məbləğdə intervensiya həyata keçirib. Məsələn, Rusiyada Mərkəzi Bank ötən ayın əvvəlində noyabrın 10-da yaranmış vəziyyətdə “çulunu sudan” çığartmaq məqsədilə rublun dəyərini sərbəst buraxdığını – üzən məzənnə siyasətinə keçdiyini bəyan etdi. Ancaq dekabrın 1-dəsə bazara yenidən intervensiya edildiyi deyildi ki, bu da belə məqamda milli valyutanın dəyərini sərbəst buraxmağın əslində, mümkün olmadığını göstərir.

AMB-ə gəldikdə isə hələlik, rəsmi valyuta ehtiyatlarının həcminin azaldığı görünür. Cari ilin avqust ayından başlanan proses davam etməkdədir ki, bunun da manatın dəyəri ilə bağlı olduğu şübhə doğurmur. Belə ki, iyulun sonuna ehtiyat 15193.4 min ABŞ dolları təşkil edirdisə, avqustun sonuna bu rəqəm 15190.9, sentyabrda 15042.4, oktyabrda 15033.6, noyabrda isə 14996.3 min dollara bərabər olub. Son 4 ildə isə AMB-in valyuta ehtiyatları 6 faizdən çox artaraq 15 milyard dollara çatmışdı.

Ona görə də sual yaranır ki, görəsən, manatı nə vaxta qədər qoruyub saxlamaq mümkün olacaq?

Bu suala cavab məqsədilə qeyd edək ki, hələ manatın ipini sərbəst buraxmaq üçün münbit şərait oduğu və BFV-nin AMB-dən bunu tələb etdiyi vaxt yazmışdıq ki, milli pul vahidinin dəyərinin sabit saxlanılmasının ixracı məhdudlaşdırdığı fikri absurddur. Çünki Azərbaycanda vəziyyət başqadır. Birincisi, ölkəmizin milli pul vahidi real istehsal potensialını tam ifadə etmir. ÜDM istehsalı həcmi ilə manatın dəyəri arasında əslində demək olar, heç bir əlaqə yoxdur. O mənada ki, ölkəmizdə istehsal olunan məhsulun çox hissəsi neft və neft məhsulları olmaqla dollara satılır ki, manat tədavül vasitəsi rolunda əslində, bir kağız parçası kimi iştirak edir.

İkincisi də, ixracın stimullaşdırmağın ən real yolu mərkəzi kreditləşdirmə üzrə uçot dərəcəsindən ibarət olsa da bizdə bu, mexanizm işləmir. Bu haqda AMB rəhbərliyi də əvvəlki illərdə etiraf etmişdi ki, uçot dərəcəsinin makroiqtisadi proseslərə təsir etmədiyi şəraitdə sərbəst məzənnə siyasətinə keçid heç bir nəticə verə bilməz.

Xatırladaq ki, AMB keçən il yanvarın 10-dan manatın məzənnəsini müəyyənləşdirməkdə bivalyuta (dollar\avro) səbətindən manat və ABŞ dollarının nəzərə alınması siyasətinə keçdi. Bu da qurumun sözügedən istiqamətdə məqsədləri, xüsusən də onun inflyasiyanın səviyyəsini idarə etmək istəyi ilə üst-üstə düşdü. Qeyd edək ki, manatın məzənnəsini müəyyənləşdirməkdə bivalyuta (dollar/avro) səbətindən 2008-ci ildən istifadə edilirdi.

Manatın dollara nəzərən, məzənnəsinin müəyyən həddə saxlanması həm də bu baxımdan vacib sayılır ki, əks təqdirdə ölkədə əldə olunmuş makroiqtisadi sabitlik pozula və hiperinflyasiya yarana bilər. Odur ki, inflyasiyanın cilovlanması və eyni zamanda ixracın dəstəkləməsi baxımından, AMB-in nəyin bahasına olursa-olsun manatın dəyərini qoruyub saxlayacağı şübhəsizdir.

Ancaq bu, uzunmüddətli şəkildə o zaman mümkün olacaq ki, ölkədə rəqabət qabiliyyətliliyin təmininə ciddi diqqət yetirilsin və milli pul vahidimiz neftdən kənar sahələri də təcəssüm etdirsin. Belə ki, makroiqtisadi sabitliyi qoruyub saxlamaq məqsədilə inflyasiyanı birrəqəmli səviyyədə saxlamaq, o cümlədən istehlak bazarına daima nəzarət etmək və bunu mümkün olduqca gücləndirmək istəyiriksə, biznes mühitini yaxşılaşdırmalı və qeyri-neft sektorun inkişafını daha və ən ciddi vəzifə olaraq bir daha qarşıya qoymalıyıq.

Ək təqdirdə, kənar təzyiqə sonadək tab gətirmək əsla mümkün deyil.

Pərviz Heydərov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm