• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Culiya Robertslə bir daha çəkilməyəcəm” - FOTOLAR

“Culiya Robertslə bir daha çəkilməyəcəm” - FOTOLAR

Amerikalı aktyor Riçard Girlə müsahibə:

Daha dərinə, qaranlıq məkanlara, soyuq suya baş vurmalısınız. Məhz bu zaman məhəbbət yaşayacaq...

– Riçard, siz bir neçə nəsil üçün seks-simvol olmusunuz, bunu dərk edirsiniz?
– İcazə verin, sizə bir şey danışım. Bir neçə il bundan qabaq “Hantın ovu” filmini çəkirdik. Çəkiliş qrupunu təqdim etmək üçün kiçik mətbuat konfransı təşkil etdik. Arxa oturacaqlarda çox cavan və utancaq qız əyləşmişdi. O, əlini qaldırıb dedi: “Ailəmizin üç nəsli adından sizə təşəkkür edirəm. Sağ olun ki, kinoda işləməyə davam edirsiniz. Biz sizi sevirik. Bunu öz adımdan, anamın və nənəmin adından söyləyirəm”. Öz –özümə düşündüm, necə də xoşdur, ancaq eyni zamanda, tanrım, mən necə də qocayam! Doğrudan da, bu işlə nə vaxtdır ki, məşğulam...

– Bu gün həyatınıza və karyeranıza nəzər saldıqda özünüzün ən böyük nailiyyəti nəyi hesab edirsiniz?
– Əlbəttə ki, nikahımı və övladlarımı. Övladı olan hər bir kəs bunu təsdiq edər. Sözsüz, iş öz yerində, karyeradakı uğurlarımız da bizə maraqlıdır. Fəqət ən yaxşısını bizə ailə bəxş edir.

– Bəs karyeranız?
– 2007-ci ildə San-Sebastyandakı kinofestivalda gərgin, emosional anlar yaşadım. Mənə mükafat təqdim edirdilər. (Kino sahəsindəki iştirakına və töhfələrinə görə - red.) İspanlar özləri də çox emosional idilər, elə hey məni qucaqlayırdılar. Səhnəyə çıxmamışdan öncə onlar, demək olar ki, bütün filmlərimdən parçaların yığıldığı dörddəqiqəlik klip təqdim etdilər. Ekranda 26 yaşımdan bu günümə qədərki Riçard Giri gördüm - heyrət içindəydim. Heç vaxt keçmiş filmlərimə baxmıram, 30 il əvvəl baş verənləri xatırlamaq mənə ağırdır. O an düşündüm: “Mən, həqiqətən, bu filmlərin hamısında çəkilmişəm? Həmin filmlərin əksəriyyəti ilə fəxr edirəm”.

– Sizin həyatınızı dəyişən bir insan varmı?
– Həyatda hər şeyimə görə, həyat yoldaşıma minnətdaram. Tamamilə hər şeyə görə! Onsuz heç nə alınmır, o, inanılmaz qadındır. O, hər gün çoxlu sayda insanlarla ünsiyyətdə olur, onlarla nəzakətli, mehriban və güclü olmalıdır – həyat yoldaşım məhz belə bir insandır.
Xanımımı ilk dəfə gördüyüm vaxtın hər dəqiqəsini, hər saniyəsini xatırlayıram. Gözlərimizin toqquşduğu an – bu, çox güclü hisslərdir.

– İyirmi və qırx yaşında aşiq olmağın nə kimi fərqi var?
– Şüurda, keçdiyimiz həyat yolunda. Yeniyetmə yaşında aşiq olanda insan nə yemək yeyə, nə yata bilir. Qırx yaşında isə insan münasibətlərdən nə istədiyini, nə gözlədiyini başa düşür.

– Evlilikdə xoşbəxt bir tərəf olmaqla bərabər, əksər filmlərdə nikahda problem yaşayan insanların taleyini canlandırırsınız: “Xəyanətkar”, “Gəl, rəqs edək”. Qəhrəmanlarınızın səhvlərindən nəsə öyrənirsiniz?
– Bu mənim ikinci, həyat yoldaşımın isə üçüncü evliliyidir. Odur ki, hər ikimiz də nikah sınaqlarından keçmişik. Məncə, bu həyatın reallığıdır və əlbəttə ki, ona bələd olmaq lazımdır. Düşünürəm ki, qadın-kişi münasibətləri daim hərəkətdə olmalıdır. Daha dərinə, qaranlıq məkanlara, soyuq suya baş vurmalısınız. Məhz bu zaman məhəbbət yaşayacaq. Düzünü desəm, münasibətlərdə tam səmimi olan tərəf tanımıram. Ancaq Dalay Lama ola bilər. O, qarşısındakı adama zərər vurmamağı, səmimi və açıq olmağı bilən yeganə insandır.

– Siz axı Dalay Lama ilə şəxsən tanışsınız, düzdür?
– Bəli, səksəninci illərin əvvəlində onun tələbəsi olmuşam.

– Buddizm həyatınızda təsadüfən peyda oldu?
– Buddizmlə ilk tanışlığımda iyirmidən bir az çox yaşım vardı. Bu yaşdakı bütün gənclər kimi, özümü xoşbəxt insan hesab etmirdim. Xeyr, mən intihar etmək istəmirdim, sadəcə, özümə sual verirdim: “Niyə bütün bunlar baş verir?” Həmin ərəfədə kitab mağazalarına hücum etdim, müxtəlif istiqamətli kitablar oxumağa başladım. Mənə ən çox təsir edən məhz buddizm haqda kitablar oldu. Onları acgözlüklə oxuyurdum.

– Əlli yaşında ata oldunuz. Oğlunuzun dünyaya gəlməsi sizi dəyişdi?
– Uşaqlar insanları birləşdirən varlıqdır. Uşaqlarınız varsa, biz sizinlə qayıqda söhbətə etməyə mövzu tapacağıq. Uşağınıza necə tərbiyə verirsiniz? Onu necə geyindirir və qidalandırırsınız? Dərslərinə necə nəzarət edirsiniz? Kasıb və ya varlı ailədən olmağımız önəmli deyil, suallarımız eyni olacaq.

– Şöhrətiniz oğlunuza təsir edib?
– Xeyr, o, mənə oxşayıb. Mənim kimi utancaqdır. Onun yaşında mən də belə olmuşam.

– Hər halda, atasının məşhur olduğunu başa düşür?
– Bəli, bilir, ancaq bu mənada: “Atam kinoda çəkilir, bu, onun işidir”. Başqa atalar da başqa işlə məğuldurlar. O, bəzən ətrafımda söz-söhbətlər yarandığını görür, lakin buna bir o qədər əhəmiyyət vermir.

– Filmlərinizdən hansını tamaşaçı həyat dərsi kimi qəbul edə bilər?
– Mən, ümumiyyətlə, kinonun bizə nəsə öyrətdiyinə inanmıram. Kino, sadəcə, güzgü rolunu oynayır. Biz ona baxıb özümüzü, öz hərəkətlərimizi görür və hər-hansısa nəticəyə gəlirik. Hərənin öz güzgüsü – filmi var.

– Bugünkü ssenarilərdə nə axtarırsınız?
– Çəkiliş meydanına gedən yol bir saatdan çox olmamalıdır. Bu əsas şərtlərdən biridir. Bir də nəsə yenilik axtarıram. Mənim sonuncu filmlərimdən biri “Xatiko”dur. Filmin ulduzu yapon itidir, mən isə yalnız onun tərəf-müqabiliyəm.

– Aktyorluq peşəsinə sevginiz karyeranızın əvvəlindəki kimidir?
– Mən artıq özümü təsdiq etməyə ehtiyac duymuram. Dəyər verdiyim digər başqa işlər var. Aktyorluğa başlayanda bu peşə özümü, dünyanı dərk etmək üçün bir vasitə idi. Məncə, bir çox aktyorlar da eyni fikirdədir. Bu, karyeranın inkişafı üçün təbii haldır. Müəyyən vaxtdan sonra hər şey dəyişir. Bu gün filmdə çəkilməyimin səbəbi, dahi insanlarla maraqlı layihələrdə iştirak etmək istəyidir. Maddi resurslarım var, ancaq məni yanlış anlamayın, oynamağı sevirəm. Kinodan həzz alıram və bilirəm ki, aktyorluq mənim yolumdur. Amma sabahı günü o olmasa, təəssüflənməyəcəm.

– Rejissor kreslosuna əyləşmək fikriniz var?
– Xeyr, mən məşğul olduğum işlərə belə vaxt çatdırmıram. Bir il yarımı eyni işə sərf edə bilmirəm, fikrimcə, yalnız xüsusi tip insanlar bu qədər vaxtı eyni işlə məşğul olmaq iqtidarındadırlar.

– 2010-cu ildə “Gözəlçə” filminin yubileyi tamam oldu. Culiya Robertslə işinizdən xoş xatirələriniz var?
– Tanışlığımız. Onun ofisimə gəldiyi günü xatırlayıram, o sanki məni ovsunladı. Hamı onda sehrli nəyinsə olduğunu hiss edir. Təəccüblüdür, “Gözəlçə” çəkildiyim ən uğurlu filmlərdəndir, bu filmin uğurunda da sehrli nəsə var. Belə baxanda, çox adi süjet xəttinə malikdir. “Gözəlçə”dən sonra bənzər süjetli 150 film çəkildi, amma onlardan heç biri bizim filmin uğurunu təkrarlaya bilmədi.

– Culiya Robertslə yenidən bir filmdə çəkilməyi planlaşdırırsınız?
– Xeyr. Biz Culiya ilə iki filmdə çəkildik - “Gözəlçə” və “Qaçmış gəlin” . Hər iki film uğur qazandı, qoy belə də qalsın.

Tərcümə: Aytən Cavanşir

Xəbər lenti

DAHA ÇOX XƏBƏR