Hollivud aktrisası: “Seks, toxunuş, sevgi yanğısı...”
Bizi izləyin

Bizim tərcümə

Hollivud aktrisası: “Seks, toxunuş, sevgi yanğısı...”

Uğursuz sevginin bir dərmanı var - səyahətə çıxmaq
Həyatımın ən həyəcanlı anlarında məni öskürək tutur...
Sevgiyə tamamilə təslim olmaq ən müdrik qərardır...

Adətən Hollivudda əcnəbi aktrisaları yaxşı qarşılamırlar. Lakin əsrarəngiz fransız gözəli Marion Kotiyyar (Marion Cotillard) okeanın o tərəfində də ictimaiyyətin sevgisini qazana bilib.

Bəs Marion kimdir? Fransalı aktrisa 1975-ci il sentyabrın 30-da Parisdə doğulub. Tamaşaçılar onu daha çox “Başlanğıc” ( “İnception”), Edit Piafın həyatından bəhs edən “Çəhrayı rəngli həyat” (“La mome”), “Gecə yarısı Parisdə” (“Midnight in Paris”) kimi filmlərdən tanıyırlar.

“Bizim tərcümə” layihəsi Marion Kotiyyarın müsahibəsindən bir hissəni təqdim edir.

İyirmi yeddi yaşım olanda, az qala, kino yaradıcılığını tərk edəcəkdim: mənə elə gəlirdi ki, heç kim məni aktrisa kimi qəbul etmir. Və üzümü köməkçimə tutub dedim ki, aktrisalığı atıb, “Qrinpis” təşkilatında işləməyə gedəcəyəm.

Uşaqlıqda atamın mim səhnəciklərinə baxmağa gedərdim (Jan-Klod Kotiyyar – aktyor, rejissor və mimik aktyor olub – red.). O, mənim təxəyyülümü inkişaf etdirirdi. Atam mənə mimik səhnəciklərin əsasını öyrədirdi. Mən velosipedsiz velosiped sürməyi, almasız alma yeməyi bilirəm.

Özümü daha çox kişi rollarında sınamaq istərdim. İdman zalında məşq etmişəm və ayaq əzələlərimi işlətmişəm. Heyif ki, mənə belə bir rol təqdim edən yoxdur.

Dadlı yeməkləri çox sevirəm. İlk qazandığım 500 franka ağ trüfel aldım, evə gələrək avokado və motsarella pendiri ilə qarışdırıb yedim. Özümlə elə fəxr edirdim ki...

Təəssüf ki, Avropada da, Amerikada da özümlə tənha qala biləcəyim yer yoxdur. Hətta səhər qaçışında da pərəstişkar və jurnalistlər mənə yaxınlaşır və telefonla şəklimi çəkməyə başlayırlar.

Xoşbəxtlikdən, bəzən məni küçədə tanıya bilmirlər. Çünki gözəgörünməz olmağa çalışıram. Hətta elə olub ki, metroya da sərbəst düşmüşəm. Əlbəttə, bu zaman iri şlyapa və kitab köməyimə çatıb.

20 il bundan qabaq uğursuz bir sevgi romanı yaşadım. Uğursuz sevginin bir dərmanı vardı: səyahətə çıxmaq. Bu vaxta qədər isə mən ABŞ-da olmamışdım. Ona görə də, ən yaxın rəfiqəmlə heç mehmanxana sifariş etmədən birbaşa ABŞ-a yollandıq. Təyyarədən yerə enən kimi dərhal gəzməyə çıxdıq və ucuzvari mehmanxanada gecələdik... Elə o vaxtdan Amerikaya vuruldum və bu sevgi günü bugünədək davam edir.

Bir dəfə məktəbdə müəllimə gələcəkdə hansı peşənin sahibi olmaq istəməyim barədə sual verdi. Həmişə mənə belə sual veriləndə birmənalı olaraq “aktrisa” cavabını verərdim. “Əla, - müəllimə cavab verdi: - Bəs hansı peşəni seçəcəksən?”. Ona izah etməyə çalışırdım ki, mənim istədiyim peşə elə budur. Lakin o, məni gülüşlə qarşıladı.

“Pas və sümük” (“De rouille et d’os”) filminin ssenarisi mənə çox güclü təsir edib. Bilirsiniz, mən filmin ssenarisini oxuyarkən oradakı qəhrəmanla öz aramda yaxınlıq hiss edirəm və onun hekayəsini çatdırmaq üçün əlimdən gələni edirəm. Lakin Stefaninin həyat hekayəsini oxuduqda isə sözün əsil mənasında şoka düşdüm. O, mənimçün tamamilə sirr idi. Mən bu insanın necə olduğunu, özünü necə təsəvvür etdiyini aydınlaşdıra bilmirdim. Buna görə də Jaka (filmin rejissoru) bu rol üçün uyğun aktrisa olmadığımı dedim. İş ondadır ki, mən heç cür Stefanini kəşf edə bilmirdim. Son anda isə Jakla birgə Stefaninin axtarışına çıxdıq. Mən bu qərara şad idim və Jak bütünü film boyu Stefanini axtarışı üçün yanımda oldu. Lakin bununla belə, Stefani mənim üçün sirr olaraq qalmaqdadır. O, indiyədək mənim üçün kəşf edilməmiş qalır. Amma mən bununla barışmışam. Bəlkə, tamaşaçı onu müəyyən edə bildi.

Ayağı amputasiya edilmiş Stefanini oynamaq üçün mənə bu faciəni yaşamış insanlarla görüşmək lazım deyildi. Mən, sadəcə, bu bədbəxt hadisə ilə yaşayan insanın daxili aləmini bilməliydim və bu emosiyaları çatdırmalı idim.

Bir gün çəkiliş səhnəsinə gələrkən Jak mənə dedi ki, növbəti səhnəcikdə Stefani eyvanda olmalıdır. Səhnəciyin yaxşı qurulması üçün Jak musiqini qoşdu. Bu mənə beynimdə xoreoqrafiyanı canlandırmağa kömək etməli idi. Bu fikir məni heyrətləndirdi – çünki Stefani bədbəxt hadisədən sonra həyata qayıdırdı! Bu, eynilə insult kimi güclü sarsıntı keçirən və normal həyata qayıtmaq üçün hər şeyi yenidən öyrənən, danışan, yeriyən, hərəkət edən insanlara da aiddir. Stefani isə ilk növbədə bədbəxt hadisəyə qədərki qadın görünüşünü geri qaytarmalıdır. Eyvandakı səhnəcik isə onun həyata qayıdışı, gənc bədəninin tələbatı, plastika və gəncliyini hiss etməyə başladığı andır. Seks, toxunuş, sevgi yanğısı...

İndiyədək iki oxşar rejissorla qarşılaşmamışam. Ümumiyyətcə, aktrisa üçün rejissorları müqayisə etmək düzgün olmazdı. Bilirəm ki, yaradıcı insanlar öz yaradıcılığında unikal olur, əsasən də , rejissorlar.

Müxtəlif filmlərdə iş təcrübəsi bir çox parametrlərinə görə də seçilə bilər. Mən hər şeyə müstəqil yanaşan rejissorun yüksəkgəlirli Amerika filmində çəkilmək kimi şansım olub. Rejissor özü ssenarini yazır və filmin ərsəyə gəlməsi üçün hər bir detala qarışır. Mən buna rejissor filmi deyirəm. Lakin bəzən də olur ki, səni studiyada çəkilən filmlərə dəvət edirlər. Rejissor yalnız çəkilişlərin koordinasiyasından başqa heç nə ilə məşğul deyil.

Hətta bir dəfə elə bir rejissorla çalışmışam ki, az qala onu boğub öldürməyə hazır idim. Ona o qədər nifrət edirdim ki, rolumu da oynaya bilmirdim. Sonda isə filmi rejissora görə yox, canlandırdığım qəhrəman üçün oynadığımı anladım. Yenə də, rejissora olan nifrətimə görə istədiyim peşəkarlığı nümayiş etdirməkdə çətinlik çəkirdim.

Bir dəfə hava limanına getməzdən əvvəl köməkçim mənə pis göründüyümü dedi, azca da olsa, makiyaj etməyimi istədi. Bu fikir əvvəlcə mənə qəribə gəldi. Heç olmasa, təyyarədə dincəlməyi düşünürdüm...
Bilirsiniz, çox vaxt publikaya görə özünə əl gəzdirmək adamı qıcıqlandırır. Əslinə qalsa, özünə əl gəzdirmək çox da çətin iş deyil. Həyatda bundan da çətin işlər var. Məsələn, uşaqlarını yedirmək üçün işləmək, işə getmək üçün avtobus pulunun olmaması. Mənim başqalarına görə özümə əl gəzdirmək istəməməyim hamıya gülünc gələ bilər...

Mən həmişə Fransada yaşamışam, indi də orada yaşayıram. Hər dəfə vətənimə qayıdanda yaxınlarımı görməyə çox şad oluram. Son vaxtlar tez- tez evdən aralı düşürəm və evə yaxın olmaq üçün bütün şansımdan istifadə edirəm. İki ayrı qitədə yaşamaq gərginlik yaradır! Bəzən yollarda qaraçı olmaq da xoşuma gəlir. Sanki, bir burulğanın içindəyəm. Lakin bəzən saatlarla oğlumun yanında oturaraq heç nə etməmək üçün darıxıram. Bu isə çox nadir hallarda mənə müyəssər olur.

Əməyim sayəsində çoxsaylı mükafatlara layiq görülmüşəm. Lakin hələ də özümü fəaliyyətə yenicə başlayan aktrisa kimi hesab edirəm. Hələ də çəkiliş meydanı və jurnalistlər qarşısında narahatlıq hiss edirəm.

Aktyor Hoakin Fenikslə işləmək çox qeyri-adidir. O, çox qəribə aktyor və fərqli insandır. Onda heyvani instinktlər var. Bəli, o, heyvandır. Mən onu belə adlandırıram. Onunla eyni çəkiliş meydanında olmaq mənim üçün üstünlük idi. Çəkilişlərin birində ya heyvani instinktini işə salmaq, ya da elə özü hər hansı bir kobud kəlməni işlətmək istədi. Lakin özünü saxlayaraq dərhal dedi: “Yox, yox, yox, bütün bunlar zibildir”. Rejissor isə üzünü Hoakinə çevirərək deyərdi: “Hoakin, xahiş edirəm, nə demək istədiyini de, bilək”. Mən onunla çalışdığım üçün çox məmnun idim.

Mən heç italyanca danışa bilmirəm. Bir dəfə mənə italyan personajını canlandırmağı həvalə etdilər. Bu rola razılıq vermişdim. Lakin birdən beynim danışmağa başladı: “Səfeh, sən heç italyanca bir kəlmə belə kəsə bilmirsən. Aksentin üzərində işləmək üçün gərək italyan dili məşqlərinə gedib dərs götürəsən”.
Təbiətən çətinliyi sevirəm, əsas da beynimin fəaliyyətini işə saldıqda...
Piaf rolunun ifası mənə tapşırıldıqda tərəddüd içərisində idim. Piaf 40 yaşında ölüb, lakin ölənə yaxın o, tamamilə qoca qadına oxşayırdı. Mən onun 17 yaşından son gününədək olan intervalı oynamalı idim. Bu rola razılıq vermək ağılsızlıq idi. Bu, mənim həyatımda ən çətin rol idi. Eyni zamanda ən xoşbəxt rollarımdan biridir. Filmə görə mən Piaf kimi oxumağı, nəfəs almağı, bədən plastikalarını öyrənirdim. Gecələr də məşq edirdim, çünki Piaf olmaq istəyirdim.

“Oskar” mükafatı öncəsi gecəni yaxşı yatdım. Filmə görə mükafat alacağımı gözləmirdim. Lakin təltif zamanı adımı çəkəndə narahatçılıq keçirdim. Tribunada nə nitq söylədiyimi də xatırlamıram. İndiyədək videoyazıya baxmağa da ürək eləmirəm. Mən axı qorxağam, həyatımın ən həyəcanlı anlarında məni öskürək tutur...

Həyatda ən vacib olan şey sevgidir. O, sizi ağır vəziyyətdən çıxardıb haraya gedəcəyinizə bələdçilik edəcək. Sevgiyə tamamilə təslim olmaq ən müdrik qərardır...

Gözlərimin rəngi havadan asılı olaraq dəyişir. Hava tutqundursa, gözlərim boz, günəşlidirsə, mavi olur. Filmlərin biri üçün saçlarımı sarıya boyadım. Düz bir il belə gəzdim. Sarışın olmaq xoşuma gəlirdi. Hətta yenidən qaraşın olmağa qorxurdum”.

Tərcümə: Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm