• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Hind toylarının tamadası: Şahrux Xan

Hind toylarının tamadası: Şahrux Xan

Müsəlman kimi doğulmuş hind əsilli Şahrux islam dünyasında baş verənlərdən narahatdır. Bollivudun kralı deyir ki, islam mükəmməl dindir və ona dəstək çıxmaq lazımdır.

“Böyüdükcə dünyada islamla bağlı xoşagəlməz hadisələrin baş verdiyini görürəm. Lakin hər şeyə rəğmən, bu, mənim üçün ali dindir”.

Buna baxmayaraq, Şahrux Xan hinduizm dininə sitayiş edən qadınla ailə həyatı qurub. Uşaqlarının hansı dinə sitayiş edəcəyi haqda suala isə hind aktyoru belə cavab verir: “Ən düzgün din İslamdır və mən bu dinə üstünlük verirəm”.

Şahrux Xan “Tehelka” jurnalına verdiyi müsahibəsində söyləyir: “Mən insanlara demək istərdim ki, müsəlman – cihad etməyə çalışan qəzəbli radikal ruhlu fanat deyil. Mən insanlara çatdırmaq istərdim ki, cihad özünə, öz zəifliyinə qarşı aparılan mübarizədir”.

Müsahibə zamanı Şahrux öz böyük bacısını da xatırlayır: “O, hər gün mənə atamı xatırladır, bacımın da atam kimi həyatdan tez gedəcəyini düşünmək məni ağrıdır”.

Aktyor atasının ardınca anasının da ölümünü çətinliklə qəbul edib. İndi isə bacısının taleyi onu narahat edir: “Mənim bacım var. Lalə. İndi onun səhhəti yaxşıdır, lakin o, heç vaxt tam sağalmayacaq. Həm fiziki, həm də mənəvi cəhətdən gözəl qızdır. Atam kimi hüquq üzrə təhsil alıb. Lakin... Atamız vəfat edəndə o, güclü sarsıntı keçirib. O vaxtlar psixiatriya elə də yaxşı inkişaf etməmişdi və müalicə üsulu sənə 5-6 ildən sonra kömək edərdi. 5-6 il müalicə aldıqdan sonra o, anamın yanına qayıtmağa hazırlaşırdı. Bu dəfə isə anam vəfat etdi. Bu, əsl dəhşət idi. Həkimlər bacıma “potassium imbalance” (qanda kalsium ion konsentrasiyasının aşağı düşməsi – red.) diaqnozu qoydular. Buna görə də, onun fiziki durumunda xoşagəlməz hadisələr baş verməyə başladı.

Lalə Mumbay şəhərinə gələndə naxoş idi. Mən bütün vaxtımı ona ayırdım, onu müalicə üçün Londona apardım. İndi o, yaxşıdır. Əlbəttə, Lalə heç vaxt tam sağlam olmayacaq, lakin bütün çətin günlər geridə qalıb. İndi isə o, mənimlə yaşayır”.

Şahrux Xan qızı Sühanədən daha az danışır nəinki, oğlu Aryanedən. Axı nəyə görə Şahrux qızını belə gizlədir?

“Ona görə yox ki, mən onunla fəxr etmirəm. Əslinə qalsa, mən Sühanə ilə oğlumdan çox fəxr edirəm. Lakin mən qadınlardan utanıram.

Bu dəhşətdir, mən qızımın rəfiqələri ilə də oynaya bilmirəm. Hesab edirəm ki, qızlara daha çox müstəqillik verilməlidir. Bilirsiniz, mənim indiyədək arvadımın şkafında, çantasında, yeşiyində nələrin olduğundan xəbərim yoxdur. Məncə, qadınlar sirli bir məxluq kimi qalmalıdır. Və belə görürəm ki, bu qayda mənim qızıma da aid olacaq”.

Lakin Şahrux Xan etiraf edir ki, onun dostlarının çoxu məhz qadınlardır: Fara Xan, Cuxi Çavla və Kacol. Kişi dostlarının əksəriyyəti isə “mavi”dir. Məsələn, rejissor Karan Cohar heç zaman cinsi oriyentasiyasını inkar etməyib.

Şahrux Xanın isə cinsi azlıqlara mənsub olmasından söz gedə bilməz: “Mən aseksual deyiləm. Mən, sadəcə, qadınlardan utanıram.

Bəzən onlar mənə yaxınlaşıb sevdiklərini deyirlər. Mən “mavi” və ağıldankəm görünmək üçün zarafat etməyə başlayıram. Romantikanı öldürməyin ən yaxşı yolu zarafatlaşmaqdır”.

Şahrux Xan toylarda çıxış etdiyi üçün tez-tez məzəmmət olunur. Məşhur hind aktyoru isə bunu belə izah edir:

“Mən, həqiqətən də, toylarda çıxış edirəm. Amma nəyə görəsə mənim tələblərimi anlaya bilmirlər. Məndən yaxşı çıxış gözləyirlər, saat 21.00-dan başlayaraq sabahı günün 11.30-a kimi yemək-içmək qadağandır. Toyda biz yalnız çıxış edə bilərik, nə başqasının yeməyini yemək, nə də söhbət etmək olar. Biz gəlirik, çıxış edirik və çıxıb gedirik”...

Yerli kinolara gəldikdə, Şahrux Xan onları anlamadığını deyir: “Tərs adamam. Mən heç bir uğuru olmayan yaxşı film və uğur qazanmış pis film gördükdə kədərlənirəm”.

O, müsahibələrində bəzi daxili sarsıntılarını da bölüşür:

“İnsan təbiəti belədir. Allah sənə yaxşı şeylər verir və sən onların əsirinə çevrilirsən. Sonra isə bu xoşbəxtliyin ədəbi davam edə bilməyəcəyini düşünüb, daim qorxu altında yaşayırsan. Sən həmin anları yaddaşında qoruyub saxlamağa çalışırsan.

Mən heç zaman öz qəlbimi satmamışam. Yəni istəmədiyim şeyi etməmişəm də. Filmlərə pula görə çəkilməmişəm. Heç vaxt heç kimə filmə çəkilmək üçün müraciət etməmişəm”...

Müsahibə zamanı Şahrux ard-arda siqaret çəkir. Onun narahatlığının səbəbi nədir? Deyilənə görə, Şahrux hər müsahibədə narahatlıq keçirir. Bəs o, küçədə, tədbirlərdə özünü necə aparır?

“Mağazadan alış-veriş edirəmsə, bu, dərhal qəzetlərin üz qabığına düşür. Nəsə bir şey satanda isə dərhal mənim müflis olmağım və kasıblamağım haqda xəbərlər yayılır. Sanki sən yalnız pul obyektisən”.

İllər keçsə də, Şahrux vəfat edən anasını unuda bilmir:

“Anamı 1981-ci ildə itirdim. O zamanlar gənc idim və vaxtımın çox hissəsini anamla keçirdərdim. Sən valideynin birini itirdikdə dərhal digərinə sığınırsan. Mən günü bugünədək atam üçün darıxıram. O, gözəl insan idi. Anam vəfat etdikdə mən ağır günlər yaşayırdım. İnanıram ki, o, indi məni görür və göylərə qalxan filmlərimə oradan tamaşa edir.

İndi isə həyatımda dəyər verdiyim qadınlar – arvadım, bacım və qızımdır. Mən onlar üçün valideynəm. Onları xoşbəxt gördükdə mən də xoşbəxt oluram.

Mən çox da romantik insan deyiləm. Mənim Qauri (Şahrux Xan və Qauri Xan 1991-ci ildə ailə həyatı qurublar – red.) ilə münasibətlərimin ən qızğın çağlarında belə romantik olduğum anlar yadıma gəlmir. Mən sadəcə Qaurinin yanında özümü rahat hiss etdiyim üçün onunla evlənmişəm. Həyatımda heç bir qadınla belə rahat olmamışam...

Biz sevgili olan vaxtlarda ehtiyatlı tərpənərdik. Hər hansı bir əyləncəyə gedərkən onun qardaşı da bizə qoşulardı. Bununla belə, çalışardıq ki, bir-birimizə yaxın olaq. Qauiri ilə romantika toydan sonra başladı. Onda biz ictimai yerlərdə sərbəst gəzişib əl-ələ tuta bilirdik” .

Şahrux Xan pul haqda danışmağı sevmir. Onun dediyinə görə, sərvətə, şan-şöhrətə malik olsa da, pulu sevmir.

“Mən, sanki, imperiya qurmuşam və pulum kifayət qədərdir. Dostlarım isə deyir ki, əgər vaxtında pula maraq göstərsəydim, bu imperiya 10 dəfə daha böyük olardı. Ancaq mən bilirəm ki, maraq göstərsəm, əksinə, imperiyam 10 dəfə kiçilərdi. Bəlkə də, bu bir qədər lovğalıq kimi çıxır, lakin xanlar heç vaxt pul barədə soruşmurlar. KİV məni xan elan etməsəydi, bir daha pulla maraqlanmazdım. Xan hətta, müflis olub kasıbçılıq içərisində yaşasa belə, o, pul haqda danışmaz. Mən kasıb ailədənəm. Çox pis günlər görmüşəm. Atam öləndə ona bahalı iynələr alıb vura bilmədik. O, 20 müalicə kursundan 8-i keçdi. İndi mən deyə bilmərəm ki, atam bahalı iynələri ala bilməməyimizin ucbatından vaxtsız vəfat edib ya bu, bir tale idi, gec-tez baş verməli idi. Mən elə bir yerdənəm ki, orada hamıya yemək çatmırdı. Təhsil haqqını ödəyə bilmədiyim üçün məktəbdən qovulacağım haqda xəbərdarlıq göndərildi. Anam və atam məni məktəbdə saxlamaq üçün bütün vəsaitlərini topladılar. Mən o qədər kasıbçılıq gördüm, amma heç zaman pula sevgim yaranmadı. Mən indi xeyli pulu bir günə xərcləyirəm. Arvadım tez-tez buna görə məni danlayır. Pulu sağa-sola xərcləsəm belə, peşman olmuram, çünki pulun mənim üçün dəyəri qalmayıb. Mən rupini kinoya, xeyriyyəyə xərcləyərəm, lap istəsəniz, sizə də verərəm ”.

Hindistanın “xanı” hesab olunan Şahrux Dehli şəhərində doğulub. Böyük ümid və arzularla Mumbaya gələrkən onun cibində cəmisi 1500 rupi (25 dollar – red.) vardı. O, tanımadığı şəhərdə, yad insanların arasında inkişaf edərək düz 20 ildən sonra dünyanın “Xan”ı oldu.

Tərcümə: Camalə

Xəbər lenti

DAHA ÇOX XƏBƏR