• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Məşhur aktrisa: "Ona toxunmağa başlayanda çoxları məni dəli hesab edirdi"

Məşhur aktrisa: "Ona toxunmağa başlayanda çoxları məni dəli hesab edirdi"

Bir anlıq təxəyyülünüzü işə salın: gözünüzün qarşısına komediya ustası və aktyoru Cim Kerrini gətirin. Onun belə bir etirafını beyninizdə canlandırın: “Əgər mən gənc olsaydım, səninlə evlənərdim və bizim çoxlu uşaqlarımız olardı. Biz günlərlə gülüşərdik, gəzintiyə çıxardıq və tonqalın yanında uzanıb hekayələrimizi bölüşərdik... Mən istəyirəm ki, sən biləsən: mən sənə xüsusi bir hisslər bəsləyirəm. Və sənə xoşbəxtlik arzu edirəm. Mən səni sevirəm!”

Bu etirafa inanmırsınızsa, “YouTube” internet kanalında axtarışa “Jim Carrey Emma Stone Confession” (Cim Kerrinin Emma Stouna etirafı) yazıb sözügedən videosuna baxa bilərsiniz. Əlbəttə, komediya ustası ilə gənc aktrisa arasında heç nə baş verməyib. Lakin fakt faktdır: bu gün ad gününü qeyd edən aktrisa Emma Stoun komediya ustasının marağında olub. Emma isə daha çox “Hörümçək adam” filmindən tanışdır. Elə film çəkilişləri zamanı Emma “Hörümçək adam” obrazını canlandıran aktyor Endrü Qarfildlə sevgi romanı yaşayır. Çoxları bunu ötəri bir eşq kimi qəbul etsə də, cütlük günü bu günədək bir-birindən ayrılmaq bilmir.

“Endrü Qarfild çəkiliş meydanına ilk dəfə olaraq hörümçək adam geyimində çıxanda mən ona toxunmağa başladım. Çoxları məni ağlımın yerində olmadığını düşünürdü. Axı bu ağla belə sığmırdı: milyonlarla insanın kumiri olan Hörümçək Adam düz mənim qarşımda dayanmışdı! Bu, sanki ilğım idi. Ona görə də mən hər yerdə Hörümçək Adama toxunurdum. Endrü isə mənə deyirdi: “Emma, bəsdir, camaat bizə baxır!”

Endrü istedadlı aktyordur. Elə aktyorlar olub ki, onlara görə filmdə mən öz məharətimi göstərə bilməmişəm. Xoşbəxtlikdən, bu hadisə Endrü ilə baş vermədi. O, çox ağıllı və gözəldir! Mən indiyədək eyni anda cəld dəyişə, roldan-rola girə bilən aktyorla oynamamışam. O, filmdə 17 yaşlı oğlan obrazını canlandırır, əslində isə Endrünün 27 yaşı var. Obrazını elə oynayıb ki, mən bəzən yeniyetmə oğlanla, yoxsa yaşı 30-a yaxın olan kişi ilə görüşdüyümü ayırd edə bilmirəm...

Yalnız verdiyim müsahibələrdən sonra özümün kim olduğumu anlayıram. Mənim bir çox fobiyalarım var. Məsələn, mən hündürlükdən və iynə vurdurmaqdan qorxuram. Həkimlər məndən analiz üçün qan götürə bilmir. Dərhal isterikaya düşürəm. Ölümdən də çox qorxuram. Özümün və yaxınlarımın bir vaxt öləcəyini düşünəndə dəli oluram. Uşaqlıqda bu qorxularıma görə psixoterapevtə müraciət etmişəm. Görünür, psixoloqa bir daha ehtiyacım var. Qorxu mənim beynimdə mismar kimi oturub. Tez-tez məndə panika halları baş qaldırır. Həyəcan keçirən kimi nəfəs ala bilmirəm...

Mənə “seksual” deyəndə çox xoşum gəlir. Yəqin, bu ondan irəli gəlir ki, uşaqlıqda çirkin ördək balasına oxşamışam. Gözümdə eynək, dişimdə breket, dırnaqlarım yeyilmiş olardı, barmaqlarımı tez-tez sümürərdim. Bundan sonra mənə gözəl demək olardımı? İndi isə kimsə mənə yaxınlaşıb “Emma, siz necə də seksualsınız” deyəndə sevincdən sanki göylərə qalxıram.

İki il bundan qabaq həkim-dermatoloqa müraciət etdim. Üzüm quru və nazik olduğundan dərimə ləkələr düşmüşdü. Mən cənub ştatında doğulmuşam və özümü gündən qorumağa çalışsam da, xeyri olmayıb. Həkim isə mənə botoks etdirməyi məsləhət gördü! Təsəvvür edirsinizmi, mənim hələ 21 yaşım vardı. Mən hələ təzəlikcə insanların qarşısında şampan içməyə başlamışdım. Qısası, o vaxtdan etibarən həkimlərə inamım azaldı. Ondan üz üçün krem götürüb, dərhal xəstəxanadan baş alıb qaçdım...

Nyu-Yorkdan ev almışdım. Hər səhər itimlə gəzişməyə çıxanda paparasilərdən biri məni güdürdü. Hər gün eyni adam maşında əyləşib məni qarabaqara izləyərdi. Bu artıq xoşagəlməz idi və itimlə rahatca gəzişə bilmirdim. Ona yaxınlaşıb məni güdməməyi tələb etdim. O isə dedi: “Heç bir şey edə bilmərəm. Bu, mənim işimdir”. Anam, qardaşım və qohumlarımı izləyəndə isə lap əsəbləşirəm. Onda mən əsl pələngə çevrilirəm (qorxulu sifət edib dırnaqlarını göstərir). Daha çox anamı qorumağa çalışıram. Anam çox ağır bir xəstəliyə düçar olmuşdu. Onda xərçəng xəstəliyinin nadir forması aşkar edilmişdi. Dünyada insanların 8 faizi bu xəstəlikdən əziyyət çəkir. Lakin biz xəstəliyə qalib gələ bildik. Onda anamla bədənimizə eyni tatunu döydürdük. Bu, quş simvolu idi...

Özümə gəldikdə, internet aludəçisiyəm. “twitter” hesabı açsam da, orada bir dəfə də olsun, şərh yazmamışam. Yazmağa qorxuram. Birdən yazımı düzgün başa düşməzlər. Hər halda, mən optimistəm, qorxularımın bir gün bitəcəyini bilirəm. Axı Əqrəb bürcündənəm. Yeri gəlmişkən, hər gün bürcləri izləyirəm...

“Oskar” mərasimində səhnəyə çıxarkən çoxları mənim içkili olduğu düşünürdü. Lakin mən həmin günü bir damcı da içməmişdim... Lakin sonra... Sonra mən zalda Ancelina Coli ilə Bred Pitti gördüm və bunun yaxşı bir yuxu olduğunu düşündüm. Həyəcandan ayaqlarım sözümə baxmırdı. Bu isə insanlarda mənim haqqımda səhv fikir aşılayırdı. Tədbir bitdikdən sonra isə Madonnanın təşkil etdiyi əyləncə gecəsinə getdik. Bax, uşaqlıqdan mən məhz belə məşhurların arasında olmağı arzu etmişəm...

Mən aktrisadan daha çox aşpazam. Əvvəlki işim itlər üçün yemək hazırlamaqdan ibarət idi. Burada nə var ki? Lazım gəlsə, yenə də itlər üçün aşpaz işləyərəm...

15 yaşımda aktrisa olmaq üçün evi tərk edib Los-Ancelesə gəldim. Mən xoşbəxtəm ki, bunu uşaq vaxtı etdim, çünki insan böyüdükcə özünə inamı azalır. Bunun nə dərəcədə çətin olduğunu başa düşüb geri çəkilirsən. 18 yaşımda ilk rolumu aldım. O vaxtdan etibarən qazandığım pulları “qara gün” üçün yığıram. Çünki bilirəm ki, bir gün uğur məndən üz döndərəcək və quyunun dibinə doğru gedəcəyəm...

İlk filmimdən qazandığım pullara dost və doğmalarımın ad günündə qeyri-adi hədiyyələr aldım. Bundan əlavə, pulun bir qismini xeyriyyə fonduna köçürdüm. Əlbəttə, mənim üçün ən əsas sevgi və qayğıdır. Mən elə imkanlı insanlar tanıyıram ki, onlar çəkiliş meydanından çıxaraq evə gedirlər. Amma onları isə evdə yalnız qulluqçuları və itləri gözləyir...

Bu qəribə səslənsə də, mən evdə babamın ruhunu hiss edirəm. Babamın ruhu mənə hər gün “beş şahı” pul qoyub gedir. Bu, dolaşıq uzun ailə hekayəsidir, lakin sizi əmin edə bilərəm ki, pulu məhz babamın ruhu qoyur...

Hollivuda gəlməzdən öncə gimnastikada məşq zamanı yıxılaraq hər iki qolumu sındırmışam. Bundan əlavə, filmlərin birində çəkiliş zamanı nəfəsalma problemim yaranıb və asma tutmam başlayıb...

Bir dəfə də qəlbim qırılıb. O zaman 14 yaşım vardı. Bir nəfərə görə elə depressiyaya düşmüşdüm ki, az qala, döşəmədə sürünürdüm. Sanki, səni öldürüblər və hadisələrin gedişatına kənardan baxmalısan. Heç bir şey edə bilmirdim, sadəcə, müşahidə etməklə kifayətlənirdim... Bu, dəhşət idi.

Endrü ilə bir damın altında yaşayarkən paparasilər bizi bir yataqda yaxalamaq üçün daha nələr etmir? Bir gün evimin qarşısında paparasilər pusqu qurub bizi izləyirdilər. Pəncərədən pusqunu təsadüfən gördüm və panikaya düşdüm. Günlərlə evdən bayıra çıxmağa qorxurdum. Sonda isə “kifayətdir” deyib bu qorxuya üstün gəlməyə çalışdım. Nədən də qorxmalı idim? Mən ki nə cani, nə də oğruyam! Tənbəllik eləmədən səhər saat 7-də pilləkənları düşüb paparasiyə yaxınlaşdım. O, bunu heç gözləmirdi və qarşısında məni görəndə donub qaldı. Onun dediyinə görə, bu bir həftə ərzində mənim 3 şəklimi çəkib redaksiyaya təqdim etməliydi. Fotolarda daha çox mənim Endrü ilə olan intim şəkillərim olmalı idi, əks halda o, ev kirayəsinin haqqını ödəyə bilməyəcək. Mən ona şəklimi çəkməyə icazə verdim və Endrünü da buna cəlb edəcəyimə söz verdim. Həmişə paparasilərdən zəhləm gedib. Lakin o hadisədən sonra onlardan hürkməməyə başladım. Hələ bir dəfə də paparasilərdən biri küçədə arxamca düşdü. Onunla da nəzakətlə danışıb uşaqları haqda soruşdum...

Bəzən ətrafda baş verənləri qaydasına qoya bilmirəm. Belə halda özümü idarə etmək üçün bir çıxış yolu var: piroq hazırlamaq. Keks və piroqlar bişirmək pis emosiyaları məndən uzaqlaşdırır. Panik hücumlar ilk dəfə 8 yaşım olarkən baş qaldırıb. Onda mən otağımın qapısını bağlayıb qonaq getməkdən imtina edirdim. Mən qonaq getmək və uşaqlarla oynamaq istəməzdim. Çünki bundan sonra baş qaldıran davranışımı heç kim anlaya bilmir...

Tərcümə: Camalə

Xəbər lenti

DAHA ÇOX XƏBƏR