• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Uilyam Folknerin Nobel nitqi – BİZİM TƏRCÜMƏ

Uilyam Folknerin Nobel nitqi – BİZİM TƏRCÜMƏ

Anlayıram ki, bu mükafat mənə deyil, mənim əməyimə verilir. Lakin şöhrət və şəxsi mənfəət üçün çəkdiyim bir əməyə deyil, indiyədək insan qəlbində mövcud olmayanı oyatmaq üçün nəzərdə tutulan, iztirab və tər içində ömür sərf etdiyim işimə verilir. Ona görə də mən bu mükafatı bir müvəkkil kimi alıram.

Mükafatın maddi hissəsini sərf etmək üçün mükafatın amalına və bütün tarixinə layiq sahə tapmaq çətin olmayacaq. Amma mənə göstərilmiş diqqəti də eynilə dəyərli istifadə etmək niyyəti ilə ömürlərini ağır və əzablı yazıçı işinə sərf etmək qərarı vermiş gənclərə elə bu kafedradan müraciət etmək istəyirəm. İnanıram ki, nə vaxtsa mən dayandığım bu yerdə duracaq həmin o adam da məni eşidəcək.

Çağımızın faciəsi uzun müddətdir mübtəla olduğumuz və öyrəşdiyimiz ümumi heyvani qorxudur. İnsanın sora biləcəyi ruhi suallarından yalnız biri qalıb: bizi nə vaxt məhv edəcəklər?

Ona görə də gənc yazıçılar insan qəlbinin öz-özüylə mübarizəsini unudublar - həqiqi ədəbiyyatı doğuran isə məhz budur, iztiraba və zəhmətə layiq yalnız budur.Yazıçıya bu haqda düşünmək gərəkdir. O, qorxunun rəzil bir hiss olduğunu anlamalıdır, elə ki bunu anladı, qorxunu birdəfəlik unutmalı, yoxluğu bütün bədii əsərləri keçici və tez unutduran qəlb düzgünlüyü, məhəbbət, şərəf, şəfqət, qürur, həmdərdlik, fədakarlıqdan başqa bütün hissləri öz emalatxanasından süpürüb atmalıdır.

Nə qədər ki, o belə etməyib, onun əsərlərinin başı üstündən bir lənət asılacaqdır. O, məhəbbətdən deyil, şəhvətdən, itkisiz məğlubiyyət və ümidsiz qələbədən, həm də ən dəhşətlisi isə odur ki, şəfqətsiz və iztirab çəkmədən yazacaq.

O, həmdərd olmadan dərddən yazacaq və yazdıqları heç kimin qəlbində iz buraxmayacaq. O, insan qəlbi haqqında deyil, insan bədəninin fəaliyyəti haqqında yazacaq.

Nə qədər ki, yazıçı bunu anlamayıb, o kənar müşahidəçi kimi insanın məhvindən yazacaqdır. Mən insanın məhv olacağı fikrini rədd edirəm. Zülmət kənarının qırmızı şəfəqləri üstündəki tənha qayadakı tale zənginin sonuncu zərbəsi səslənib sönəndən sonra belə «insanın daha bir zəif, amma eşidiləcək səsi var» deyərək, hər şeyə dözüb «insan ölməzdir» söyləmək çox asandır. Mən bunu qəbul etmirəm.

Mən insanın nəinki duruş gətirəcəyinə, həm də qalib olacağına inanıram. O, səsi eşidiləcək deyə yox, xarakterinə, qəlbinə görə, fədakarlığına, həmdərd ola bilməyinə, razılaşmadığına görə əbədidir.

Yazıçının, şairin borcu bu haqda yazmaq, insanın duruş gətirə bilməsi, qəlbləri möhkəmlətməsi üçün yazmaq, kişilik, şərəf, ümid, qürur, iztirab, şəfqət, fədakarlıq hisslərini daim xatırlatmaq üçün yazmaq lazımdır. Bəşəriyyətin bəzəyi də məhz bu şeylərdir.

Şairin səsi adi əks-səda ola bilməz, o dayaq olmalıdır, qələbə üçün, insana duruş gətirə bilmək üçün əsas, özül olmalıdır.

(Fəlsəfə doktoru Etibar Əliyevin “Ədəbiyyat üzrə Nobel mükafatçıları” əsərindən)

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR