• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Anastasiya Romanova: tarixin ən böyük müəmması – FOTOLAR

Anastasiya Romanova: tarixin ən böyük müəmması – FOTOLAR

Rus tarixində qətlə yetirilən varislərin “möcüzəli xilası” halları bir neçə dəfə olub. Sonuncu rus imperatoru Nikolay Romanovun qızı Anastasiyanın bolşeviklər tərəfindən qətlə yetirilmədiyi haqda gəzişən söz-söhbətlər hələ də səngimir. Onun sağ qalıb-qalmaması tarixçi, tədqiqatçı və eləcə də fırıldaqçıları rahat buraxmır...

Publika.az “Bizim tərcümə” layihəsində dahi knyaz Romanovun qızı Anastasiya ilə bağlı matefrialı təqdim edir.

Anastasiya Nikolayevna Romanova 1901-ci ildə Yekaterinburq şəhərində dünyaya gəlib. O, imperator II Nikolay və Aleksandra Fyodorovnanın dördüncü qızı idi. Anastasiya ailə üzvləri ilə birlikdə evində güllələnib. Onun ölümündən sonra otuzadək qadın özünü “dahi knyazın möcüzə şəklində sağ qalmış qızı” kimi təqdim edib. Lakin gec-tez bu qadınların fırıldaqçı olması ortaya çıxdı. Bəs Anastasiya kim idi?

Anastasiyayadək çarın Olqa, Tatyana və Mariya adlı qızları vardı. Varisin olmaması siyasi vəziyyəti gərginləşdirirdi: I Pavel tərəfindən qəbul olunmuş akta görə, vəliəhd qadınlar taxta çıxa bilməzdi. Ona görə də Nikolaydan sonra qardaşı II Mixail Aleksandroviç varis hesab olunurdu. Başda çarın arvadı olmaqla bir çoxları Mixailin hakimiyyətə gəlməsinin əleyhinə idi. Aleksandra oğul anası olmaq üçün mistik qüvvələrə bel bağlamağa başladı. Günlərin birində Romanovların qapısına Çernoqoriya şahzadəsi Anastasiyanın köməkçisi olan fransız əsilli hipnozçu və əsəb xəstəlikləri mütəxəssisi Filip gəldi. Filip onlara oğlan övladlarının doğulacağını dedi. Lakin növbəti övlad qız uşağı idi. Onun adını Anastasiya qoydular.

Növbəti övladının da qız olmasından məyusluq keçirən Nikolay arvadını və yenicə doğulan körpəni ziyarət etməyə cürət etmirdi. Doğulan körpə Çernoqoriya şahzadəsi Anastasiyanın şərəfinə adlandırıldı. “Hipnozçu” Filipin öncəgörməsi düz çıxmasa da, o, tövrünü pozmadan dərhal körpənin taleyini “oxudu”: onu maraqlı həyat gözləyir. Qeyd edək ki, Anastasiya sözü “həyata qayıdış” mənasını daşıyır.

Ailədə Anastasiyanı “balaca Nastya”, “gonbul Nastya” deyərək çağırardılar. Bu, onun bəstəboylu olmasından (157 santimetr) və yumru bədən formasından irəli gəlirdi. Bundan əlavə, Nastya zirək, dəcəl və şuluq qız kimi böyüyürdü. Knyaz ailəsində hamı rejimlə yaşayırdı. Səhər yeməyi saat 9-da, nahar günorta saat 1-də, çay fasiləsi axşam saat 5-də, şam yeməyi saat 8-də təqdim olunurdu. Gün ərzində uşaqlar əylənir və toxuculuqla məşğul olurdular. Qızlar səhər soyuq, axşam isə isti vanna qəbul etməli idilər. Anastasiya isə hər zaman vannaya bənövşə qoxulu ətir qatardı.

Çar ailəsində bal rəqsləri xüsusilə sevilirdi. Axı orada qızlara gənc zabitlərlə rəqs etməyə icazə verilirdi. Bütün imperator uşaqları kimi, Anastasiya da 8 yaşdan başlanan təhsilini evdə almışdı. Tədris proqramına fransız və ingilis dili, tarix, coğrafiya, din və dəqiq elmlər, rəsm, qrammatika, həmçinin rəqs və davranış qaydaları da daxil idi. Anastasiya isə qrammatikaya nifrət edirdi, səhvlərlə yazı yazardı. Cəbrə isə “yaramaz” adını qoymuşdu.

Ölkədə müharibə başladı... Anastasiya bu xəbəri eşidəndə hönkür-hönkür ağlamışdı. Müharibə vaxtı çariça Aleksandra sarayındakı otaqlardan bir neçəsini hospitala təhvil verdi. Anastasiyanın böyük bacıları yaralıların müalicəsi üçün dərman alırdı. Bundan əlavə, bacılar yaralılara kitab oxuyur, onların adından evlərinə məktub yazırdılar. Anastasiya böyük bacılarından biri ilə xəstələrə hətta konsert də verirdi. Qızlar dərslərini ataraq bütün günü xəstəxanada xəstələrin yanında olurdular...

İyul ayının 16-dan 17-ə keçən gecə çar ailəsini yuxudan oyadıb onları zirzəmiyə apardılar. Onlar son dəqiqəyə kimi nə baş verdiyini anlamırdılar. Aleksandranın tələbi ilə özü və Nikolay üçün zirzəmiyə stul gətirildi. Nikolay ailənin ən kiçiyi olan oğlunu qucağına aldı. Qızlar isə arxada ayaq üstə dayanmışdılar. Bacılar zirzəmiyə özləri ilə çantalarını gətirmişdilər. Aleksandra isə onu hər yerdə müşayiət edən Cimmi adlı itini götürmüşdü. Belə bir fərziyyə var ki, ilk yaylım atəşindən sonra Tatyana, Mariya və Anastasiya sağ qaldı. Onları korsetin altına tikilmiş zinət əşyaları xilas etdi. Şahidlərin verdiyi məlumatda bildirilir ki, ölümlə hamıdan daha çox Anastasiya çarpışdı. Yaralı Anastasiyanı süngü və tüfənglə öldürdülər.

Tarixçi Edvard Radzinskinin materiallarında isə deyilir ki, hamıdan çox Aleksandranın qulluqçusu Anna Demidova yaşadı. Atəş açılarkən qadın içində zinət əşyaları olan balışı üzünə tərəf tutmuşdu. Sonra isə meyitləri ağ mələfəyə büküb Dörd Qardaş çöllüyündə basdırmağa apardılar. Orada meyitlərin üzərinə kükürd turşusu töküldü, tanınmaz hala düşən cəsədlərı şaxtaya atdılar.

Bu hadisədən sonra çar qızlarından birinin sağ qalması haqda şayiələr yayılmağa başladı. Guya qulluqçulardan biri güllələnmədən əvvəl Anastasiyanı evdən çıxara bilib. Bu xəbərdən sonra onlarla yalançı Anastasiya peyda oldu. Özünü çar qızı kimi qələmə verən ən məşhur fırıldaqçılardan biri isə Anna Anderson idi. Onun sözlərinə görə, guya onu zirzəmidən yaralı vəziyyətdə Çaykovski soyadlı əsgər çıxarıb. Anna əslində Berlində partlayıcı zavodda işləyən sadə bir fəhlə idi. Partlayıcının partlaması nəticəsində o, beyin sirkələnməsi almışdı. Psixi sağlamlığı yerində olmayan qadın ömrünün sonunadək özünün həqiqi Anastasiya olduğunu iddia etdi. Hətta o, “Mən Anastasiyayam” adlı kitab da nəşr etdirdi. Anna Andersonun tarixçəsi əsasında Hollivudda cizgi filmi də çəkildi.

Maraqlısı odur ki, özünü Anastasiya kimi qələmə verən qadınlardan bəziləri heç rus dilində danışa da bilmirdilər. Cenevrə bankında həqiqi Anastasiyanın “tanınması” üçün xüsusi xidmət yaradıldı. Amma indiyədək də imtahandan heç bir qadın namizəd keçə bilməyib.

Anastasiya müəmması hələ də qalmaqdadır...

Tərcümə: Nərmin

Xəbər lenti

DAHA ÇOX XƏBƏR