• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Azərbaycanlı jurnalist babası ilə bağlı dəhşətli fakt açıqladı - FOTOLAR

Azərbaycanlı jurnalist babası ilə bağlı dəhşətli fakt açıqladı - FOTOLAR

“Könlüm keçir”də həmsöhbətim tanınmış jurnalıst Ceyhun Musaoğludur. Hər kəlməbaşı Zəngilansız Zəngilandan danışdığına görə, utandığını söylədi. “Könlüm keçir” deyib, layihəmizin adını xatırladanda isə ürəyini belə boşaltdı.

“Əvvəl uçurdum, indi qanadlarımı qırıblar”

“Torpaqlar işğal olunandan bütün vətənpərvər şeirlər, mahnılar məndə ikrah hissi oyadır. Onları dinləyə bilmirəm. “Könlüm keçir” ifadəsində yazıq insanın ah-naləsi var. Ancaq yazıq adamlar özləri gedə bilmədikləri yerə könüllərini göndərər. Bizə azərbaycanlı olaraq yazıqlıq yaraşmır. Könlümdə təkcə Zəngilan yox, bütün Qarabağ var. Şuşanı, Laçını, Ağdamı və başqa işğalda olan əksər yerlərimizi görməmişəm. Ancaq desələr ki, Zəngilanı qaytaraq, Şuşa qalsın, heç vaxt razılaşmaram. Bəli, Zəngilanda doğulmuşam. Cəmi 5 il yaşamışam orda. Sonra valideynlərimlə Bakıya köçmüşük. Rayon işğal olunana qədər hər yay tətilində nənəmgilə gedirdim. Gedirdim bir az zəif səslənir, uçurdum. Onda özüm uçurdum, qanadlarım da vardı, indi xəyallarım uçur, qanadlarımı qırıblar”.

“Vallah Zəngilan barəsində danışmağa utanıram”

“Rayonun özündə doğulmuşam-Lenin küçəsində. Zəngilanın mərkəzi küçəsi idi. Raykomdan tutmuş əksər inzibati binalar o küçədə yerləşirdi. Zəngilanın adının mənası barədə bir neçə versiya var, onlardan biri zəngin ilanları olan yer mənasındadı. Sözün düzü, mən orda bir dəfə də olsun ilan görmədim. Adamları çox istiqanlı, həm də kasıb idi. Rayon əhalisi daha çox pambıq və üzümçülüklə dolanırdı. Demək olar ki, hamının çörəyi fəhləlikdən çıxırdı. Məşhur yerləri vardı Zəngilanın. Çinarlıq meşəsi Avropada birinci, dünyada ikinci yerdə idi. Danışırlar ki, SSRİ Nazirlər Kabinetinin yerləşdiyi binadakı kabinetlərdən birinin qapısının çərçivəsi sınır. Moskva Bakıya, Bakı Zəngilana xahiş məktubu yazır ki, icazə versinlər Çinarlıq meşəsindəki ağaclardan birindən budaq kəsilib çərçivə düzəldilsin. Dəhşətdi, indi o meşə bütünlüklə bizdən alınıb, Moskvanın göstərişi ilə Ermənistana verilib. Qotur suyu vardı Zəngilanda. Orda bir dəfə çiməndə heç vaxt dəri xəstəliyi olmurdu. Vallah Zəngilan, ümumiyyətlə işğalda olan torpaqlar barəsində danışmağa utanıram. Bizə ayıbdı, həm də çox ayıbdı. Mən necə zəngilanlıyam ki, zəngilansızam...”

“Ancaq pul, pul, pul...”

“Daha çox yay yadımdadı. Qışını görəndə uşaq idim. Ancaq bildiyim qədər sərt keçmirdi. Yayında isə istilik, məsələn, İsmayıllı ilə nisbətdə çox idi. Xüsusi adətləri deyəsən yox idi. Toyları iki gün olurdu, məncə bütün rayonlarımızda belədi. Novruz bayramlarını da ənənəvi keçirirdilər. Kosa “pul-pul, mul-mul” deyə-deyə həyətləri gəzirdi. Hələ də təəccüblənirəm ki, niyə axı pul yığırdı, niyə axı ona pul verirdik? Yumurta, qoğal, şəkərbura istəmirdi, ancaq pul, pul, pul...”

“İki mərtəbəli evi çay daşlarından nənəm tikmişdi”

“Babamgilin evi iki mərtəbəliydi. Zəngilanda iki mərtəbəli ev az idi. Deyirdilər ki, üç mərtəbə tikmək ümumiyyətlə düzgün deyil, torpaq yumuşaqdı, ev uça bilər. Ancaq işğala bir neçə il qalmış əmim 3 mərtəbəli ev tikdirdi. Və qaldı ermənilərə. Babamgilin evini nənəmlə babam tikmişdi. Çay daşlarından. Babam daş verib, nənəm hörüb. Gopa bənzəyir, eləmi? Amma həqiqətdi. Daşları çaydan əmilərim, bibilərim daşıyıb. 4 bibim və 3 əmim hamısı ali savad aldı. Atam iki universiteti qırmızı diplomla bitirdi. Kasıb yaşıyırdılar. Babam Böyük Vətən Müharibəsi əlili idi. Əl və ayaq barmaqlarını don vurmuşdu. Zəngilandan danışanda daha çox bir süfrə arxasında çörək yediyimizi xatırlayıram. Hamı yerdə bardaş qurub oturardı, babamdan başqa. O, stolun başında tək otururdu. Əvvəl-əvvəl məni də stolda oturmağa icazə verdilər, qonaq idim ona görə, sonra gördüm qara qarğaya oxşayıram, düşdüm yerə”.

“İndi min arzumuz var, biri də həyata keçmir”

“Uşaqlığımın hissələri arasında Zəngilanın xüsusi yeri var. Oxçu çayında çimmək hər günümüzün arzusu idi. Çaydan qayıdanda çubuqla döyüləcəyimizi bildiyimiz halda yenə gedirdik. Nənəm barmağı ilə qolumuzda cız açırdı, bununla çayda çimib-çimmədiyimiz yoxlayırdı. Çimmişdiksə, qolumuza lilin xətti düşürdü. Vəssalam, bir-iki çubuq yeyəndən sonra yatmağa yollanırdıq. Qəribədi, bu gündən baxanda o günlərdə nə qədər xoşbəxt olduğumuzu görürəm. Ən böyük arzumuz “somakat” düzəltmək, bilyard oynamaq, çayda çimmək idi. Hamısını da həyata keçirirdik. Üç arzunun üçünə də çatırdıq. İndi min arzumuz var, biri də həyata keçmir.

Yəni yurd bu deməkmiş?.. Axı arzu gələcək deməkdi. Yəni insanın bütün gələcəyi yurduna bağlıymış?.. Ora yoxdusa, arzu-gələcək də yoxmuş?.. Bilmirəm...”

“Hər məni görəndə soruşur.....”

“Xatirələrim çox azdı. Hər gün də yoxa çıxırlar. Nənəm sağdı. Çox işlək qadın idi. Raykomda xadimə işləyirdi. Tezdən 5-də oyanır, mal-qaranı örüşə yola salır, övladlarının və nəvələrinin səhər yeməyini verib, raykoma, katibin ayaqlarını qoyacağı pillələri süpürməyə yollanırdı. Hələ də elə düşünürəm ki, bütün katibləri vəzifəyə nənələr gətirib, ayaqlarının altını süpürə-süpürə. Axşam düşdümü, nənəm hasar kənarlarından ot-ələf yığmağa başlayırdı, inəkləri qarşılayırdı, sularını verib, yerlərinə bağlayırdı. Otu yığırdı, maşına yükləyirdi, boşaldırdı, sərirdi, qurudurdu, kipə vurub, dama yığırdı. Ardınca gecə. Sərirdi, qurudurdu, yığırdı. Pəyəyə mal təzəyi yapışdırıb, qurudurdu. Mən o arvadı heç vaxt oturan görmədim. Zəngilan işğal olunanda nə babam, nə də nənəm rayondan çıxmırmış. Kiçik əmim döyüşdən gəlib onları güclə İranla sərhəddə qədər gətirə bilib. Deyib getməsəz özümü öldürəcəm. Nənəm hələ də ala dananın səsini eşidir. Hər məni görəndə soruşur: “Sən eşitmirsən?””

“Bütün zəngilanlılar başqa məxluqlara çevrilib”

“Sizə desəm ki, valideynlərim Zəngilanla bağlı bir dənə də olsun xatirə danışmayıb, inanmazsız. Atam oralıdı, anam Bakılı. Anam Zəngilanda cəmi 5 il yaşayıb, atam isə rayonu barədə ancaq susur. Hərdən internetdə oraların görüntülərinə baxır. Ermənilərin rayonda at oynatdıqlarını göstərən şəkillərə, videolara tamaşa edir. Çox təəccüblənirəm, bu kişinin üzündə heç bir ifadə yaranmır – nə hikkə, nə təəssüf. Eləcə donub qalır. Təəsüratını soruşuram, lal adamlar kimi üzümə baxır. Görünür inana bilmir ki, daha Zəngilan yoxdu. Görünür inana bilmir ki, Zəngilandan sonra o var. Bəlkə də bütün zəngilanlılar çoxdan yoxa çıxıb, onların əvəzinə başqa məxluqlar peyda olub. Bütün zəngilanlılar başqa məxluqlara çevrilib. Bəli, mənim atam kimi”.

“Qol götürüb oyanamaq bizi əbədi zəngilansızlaşdırdı”

“Zəngilanı heç vaxt yuxuda görməmişəm. Əminəm ki, görməyəcəm də. Şüuraltındakı inforamasiyadı adamın yuxularına qonaq gələn. Zəngilanı nəinki şüuraltına yerləşdirdik, hətta ordan çıxardıq. Çalmaq, oxumaq, işğal tarixlərində qol götürüb oyanamaq bizi əbədi zəngilansızlaşdırdı. Yeni dərsliklər yaranmalıydı. Dünya tarixindən daha çox bizə Qubadlının, Laçının, Zəngilanın tarixi vacib olmalıydı. Tarix dərslərində işğalda olan hər rayon barəsində geniş tarixi bilgilər verilməliydi. Zəngilanın özündən əvvəl onun tarixini itirdik. Hətta yuxuma girəcək bir elementi də qalmadı”.

“...Gecəni də orda ölüm”

Bilirəm ki, nə vaxtsa Zəngilanı qaytaracaqlar. 7 rayon onsuz da qaytarılmaq üçün alınıb. İlk getdiyim yer Oxçu çayı olacaq. Gecəni də orda qalacam. Xoşbəxt onda olaram ki, gecəni də orda ölüm. Hərə bir yerdə mütləq öləcək. Kaş bütün zəngilanlılar, Oxçu çayının kənarındakı daşların üstündə ölsün. Eləcə uzansın, başını daşa qoyub ömürünü sona çatdırsın. Əlbəttə Allahın verdiyi ömrü tam və ləyaqətlə yaşayandan sonra.

20 il yataq xəstəsi oldu, sonra öldü

“Bakıda hərbi xidmətdə idim. Radiodan eşitdim ki, düşmən Zəngilanı da işğal etdi. Evimizlə əlaqə saxladım, hamı bizim Mehdiabaddakı ikiotaqlı evimizə sığınmşdı. Əmim yaralanmışdı. Bibim qaçqın düşərkən qəzaya uğrayıb onurğasını sındırmışdı, 20 il yataq xəstəsi oldu, sonra öldü. Öləndə 45 yaşı vardı. Dünyanın bütün həkimlərinə göstərdilər. Deyirdi, məni Zəngilana aparın, qəzaya düşdüyüm yerə, orda sağalacam, ayağa duracam. Apara bilmədik, özü getdi. Cismi Mehdiabaddakı torpağın altına, ruhu Zəngilana”.

“Adamlar döşəmədə bir qarış yerdə yatmışdı”

“Məzuniyyətə gələndə sözün həqiqi mənasında evə girə bilmədim. Gecə idi, qapını döydüm, atam açdı, daha doğrusu aça bilmədi, azca araladı. 27 nəfərlik ailəyə çevrilmişdik, adamlar döşəmədə bir qarış yerdə yatmışdı. Qapının ağzında yatdıqlarına görə, qapını açmaq mümkün deyildi, gərək oyanaydılar, döşəklər yığışdırılaydı. Lap oyandılar, lap yığışdırıldı, mən girdim içəri. Harda oturacam, gecəni, məzuniyyətdə olduğum gecələr harda yatacam?.. Elə qapının yarımçıq açılmış kənarından atamla hal-əhval tutdum, bir az arxayınlaşdım ki, salamatçılıqdı. Və geriyə, hərbi hissəyə qayıtdım. Öz məzuniyyətimi başqa bir əsgərə verdim. Onlar qaçqın rayonundan deyildilər. Həmin gündən ancaq geriyə qayıdıram. Bizim yollar tərsinə dönüb”.

Cəvahir Səlimqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR