• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Kriminal aləmin qorxulu yuxusu: ölüm eskadronları

Kriminal aləmin qorxulu yuxusu: ölüm eskadronları

Cinayətin tüğyan etdiyi bir çox ölkələrdə ölüm eskadronları var. Bu gizli təşkilatların üzvləri əsasən xüsusi xidmət orqanlarının əməkdaşları olur.

Təşkilat üzvləri dövlətin cinayətkarları hüquqi yolla cəzalandırmasını gözləmədən onları fiziki cəhətdən məhv edir.

Braziliya – narkomafiya, ölüm

Ölüm eskadronlarının fəaliyyətinə ən yaxşı nümunə Latın Amerikası ölkələridir.

Ötən əsrin ortalarında bu ölkələrdə cinayətkarlıq pik həddə çatmışdı. Ölüm eskadronları dövlətin yerinə yetirməyə çətinlik çəkdiyi missiyanı öz üzərinə götürdü - narkoticarətçilər, sutenyorlar, reketçilər, hətta dilənçilər belə, günün günorta çağı güllələnməyə başlandı.

1992-ci ilədək Braziliyada yaşamış tanınmış rusiyalı alim Sergey Kara-Murza xatirələrində yazırdı: "Yeniyetmələrdən ibarət bandalar ölkəyə dəhşət yaşadırdı. Hətta varlı ailələr belə, Braziliyada yaşamaqdan bezib xaricə üz tuturdular. Çıxış yolu tapılmırdı. Sonra anidən "sakitlik" yarandı. Ölüm eskadronları küçələrdəki cinayətkarları ard-arda məhv edirdi.

Mən orda olanda bu eskadronların 5 üzvünün həbsi barədə qəzetlərdən oxudum. Məlum oldu ki, killerlər adi həyatda jandarm imişlər. Tutulanadək bu beşlik 24 cinayətkarı güllələmişdi. Yalnız bir azyaşlı banditə yazıqları gəlmişdi və onu sağ qoymuşdular. Elə bu sağ qalan da onları ələ vermişdi".

Ölüm eskadronlarının qurbanları təkcə küçə banditləri deyil, həmçinin narkomafiyanın liderləri də olurdu. Məhz ölüm eskadronlarının sayəsində XX ərin sonlarına sabitlik yarandı, kriminalın hegemonluğuna son qoyuldu.

"Müqəddəs drujina"

Rusiyada isə ölüm eskadronları hələ XIX əsrdən var idi. Sadəcə, onları başqa cür adlandırırdılar: "Müqəddəs drujina".

Bu təşkilat 1881-ci ildə, çar II Aleksandrın sui-qəsd nəticəsində öldürülməsindən sonra yarandı. Sergey Vittenin yaratdığı təşkilat inqilabçı-terrorçuları ovlayaraq imperator ailəsinin düşmənlərini fiziki cəhətdən məhv edirdi.

Təşkilat haqda indiyədək çox az məlumat var. Drujinaçılar məxfiliyi qoruyurdular. Bircə o məlumdur ki, onların əksəriyyəti çar ordusunun zabitləri idi.

Anarxistləri, inqilabçıları aradan götürən "Müqəddəs Drujina" üzvləri yaxşı karyera qura bilirdilər.

Məsələn, Sergey Vitte sonradan Rusiyanın maliyyə naziri oldu.

Məşhur islahatçı Pyotr Stolıpinin də əvvəllər drujinaçı olması haqda məlumatlar var.

"Belaya Strela"

Nisbətən yaşlı və orta nəsil Qorbaçovun "perestroyka" dövrünü yaxşı xatırlayır. 1980-ci illərin sonu – 1990-cı illərin əvvəlində keçmiş SSRİ-nin hər yerində kriminal ünsürlər baş qaldırdı. Kriminal hadisələr, reketçilik halları tüğyan edirdi. Sadə vətəndaşdan tutmuş iri biznesmenədək hamı qorxu içində yaşayırdı.

1993-cü ildən etibarən bir çox kriminal avtoritet naməlum şəraitdə yoxa çıxdı, yaxud güllələndi. Hansısa gizli əl özündənrazı kriminal boslara ölüm hökmü çıxarırdı. Rəsmi şəkildə təsdiq olunmasa da, "Belaya strela"("Ağ ox") adlı gizli təşkilat haqda söhbətlər gəzirdi. Deyilənə görə, bu təşkilatın üzvləri təcrübəli milis işçiləri idi. Aralarında "KQB" (DTK – red.) əməkdaşları da vardı.

Məhkəmələrin girov müqabilində buraxdıqları, yaxud istintaqın cinayətini sübut edə bilmədiyi kriminal elementləri bu təşkilat özü aradan götürürdü.

Bu məlumatın dəqiq, yaxud qeyri-dəqiq olduğu məlum deyil. Ancaq fakt budur ki, 90-cı illərin sonlarına həm Rusiya, həm də keçmiş SSRİ respublikalarında kriminogen durum nisbətən normallaşdı.

İlqar Atabəyli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR