Seyran Səxavət: “Uçmağa qanad istəyirəm…”
Bizi izləyin

Art

Seyran Səxavət: “Uçmağa qanad istəyirəm…”

Cəbhə bölgəsində gərgin döyüşlər gedir. Şanlı ordumuzun Vətən uğrunda apardığı mübarizə hər kəsi ruhlandırır. Qarabağdan olan tanınmış yazıçı Seyran Səxavət də belə bir ərəfədə Allahdan uçmağa qanad istəyir.

Təəssüratlarını Publika.az-la bölüşən yazıçı qələbə xəbərininin uzaqda olmadığı qənaətindədir: “Dünyada yüksəklikdən gözəl heç nə yoxdur. Onda ayaq insanın karına gəlmir. Uçmaq üçün qanad istəyirsən. Mənim də uçmağa qanadım yoxdur. Quş olmaq istəyirəm. Allah mənə qanad verər, o xoş xəbərdən qanadlanıb uçaram. Hələ 3-4 il bundan əvvəl saytlar yazırdılar, deyirdilər Azərbaycan yazıçıları Qarabağdan az yazır. Mən onda onlara cavab verdim ki, bu romanla, poema, şeirlə başa gələn iş deyil. Söz yox ki, insanları ruhlandırmaq üçün poema da lazımdır, şeir də, roman da. Amma bu Vətəndir e, adı çəkiləndə dodağımız yeddi yerdən çatlayır. Onda dedim romanla donuz darıdan çıxan deyil. Qarabağla bağlı ən gözəl əsəri ordumuz və xalq yazmalıdır. Hazırda o roman yazılır və o əsərin müxtəlif fəsillərini ermənilər də oxuyur, bütün dünya da. Dünyanın yeddi rəngi var, amma mən Azərbaycan bayrağına baxanda elə bilirəm dünya yeddi yox, elə üç rəngdən ibarətdir. Qalan o dörd rəng də bayrağımın rəngindən yaranıb”.

S.Səxavət belə bir dönəmdə xalqımızın birləşərək daha qüdrətli olmasından da qürur hissi keçirdiyini dilə gətirib: “Dünən Bakı dövlət Universitetinin tələbələri hamıdan xəbərsiz toplaşaraq dəstək aksiyası keçirdilər. Onlar belə bir şüar səsləndirdilər ki, cəbhəyə qan lazımdır, qan nədir, can verməyə hazırıq. 10 milyonluq xalqıq. 10 milyonun hamısı ayrı-ayrılıqda fərddir, amma birləşəndə qüdrətli gücə çevrilir. Vətən oğullarını belə görəndə uçmağa qanad istəyirəm. Bu gün elə bir tarixi məqam yetişib ki, ondan mütləq istifadə etməliyik”.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm