• USD 1,7000 0,00% EUR 2,0018 +0,07%
    • GBP 2,2239 +0,82% RUB 0,0233 -0,43%

Cadunun gücü - FOTO/VİDEO

  • Art
  • 15 Aprel 2017 12:06
  • 1 770 Baxış
Cadunun gücü

"Sofiya" mini-serialı 8 seriyadan ibarətdir. İlk 5-6 seriyası həddindən artıq maraqlıdır və tamaşaçılar tərəfindən birnəfəsə izlənilir. Burada lll İvan, Sofiya, gənc şahzadə İvan və başqaları yüksək səviyyədə aktyorluq nümayiş etdirdilər. Eyni zamanda, onlar real insanlardır və serialın süjet xətti real hadisələrə əsaslandığı üçün tamaşaçılar həm onlara inanır, həm də onlara görə nigaran olur.

7-8-ci seriyalarda tamaşaçılarda belə bir fikir yaranır ki, ya çəkiliş komandası dəyişilib, ya da ki apokalipsis baş verib. Anidən mənasız, yersiz elementlər yaranır, süjetdə anlaşılmayan çevriliş baş verir, əhvalatların qırılması, personajların düşünülməmiş çıxışları tamaşaçılarda çaşqınlıq yaradır. Təbii ki, möhtəşəm sonluq, “lV İvanın taxta qaldırılması” sonluğu yaranmış çaşqınlığı xilas etməyə çalışır,

Əlbəttə ki, geyimləri, dekorasiyanı və gözəl anturajı qeyd etməmək olmaz. Bunlar serialın ən güclü tərəfidir. Qədimi kostyumlar çox maraqlı görünür və eyni zamanda, tamaşaçıların gözünü yormur. Serialda nəzərə çarpır ki, dekorasiya çox da bahalı deyil, əsas olaraq interyerləri göstərirlər və onlar öz funksiyalarını yüksək səviyyədə yerinə yetirirlər. Serialda orta əsr Rusiyasının ab-havası çox gözəl tərənnüm olunub.

Serialda tamaşaçıların diqqətini cəlb etmək üçün melodram xətti ortaya çıxarılır və burada çox kiçik faktlar böyük drama çevrilir.

Bu serialda möhkəm aktyor qruplaşması yaradılmışdır. “Sofiya” obrazını Mariya Andreyeva və “lll İvanın anası” obrazını Nadejda Markina canlandırır və onlar xüsusilə maraqlı görünürlər. Rusiya çarının obrazını Yevgeni Tsıqanov oynayır, lakin çox da təəccübləndirə bilmir.

Bütün serialın gedişatı ərzində tamaşaçılar əsas obrazın lll İvan olduğuna inanırlar, lakin sonradan, serialın sonuna az qalmış yaradıcı heyətin yadına düşür ki, serialın adı “Sofiya”dır və serial birdən ortadan qırılaraq digər tərəfə yönləndirilir. lll İvanın fəaliyyətinin pik nöqtəsində Sofiyanın tarixi sona yaxınlaşır. Bu serialın finalı simvolik olaraq sonlanır. Burada xüsusi təşəkkürü yalnız aktyorlara vermək olar ki, onlar bu layihədə öz işlərini sona qədər uğurla çatdıra biliblər. Bu filmdə tarixi fəlsəfə tamaşaçılarda xüsusilə xoş təəssürat bağışladı, çünki televiziya seriallarında belə bir mövzuya hər zaman rast gəlmək olmur. Həmçinin, bu serialda Rusiya ilə Avropa arasında anlaşılmayan bir problem - katoliklərlə provaslavlar arasındakı mübahisə də ictimailəşib. Filmdə hətta, belə bir düzgün fikir də göstərilir ki, Rusiyanın daha da geniş inkişaf etməsi üçün güclü bir köməyə ehtiyacı var. Liberalizm ölkə üçün yaramadı, hətta İvan Vasileviç öz doğma qardaşlarına arxa çevirməklə də özünü göstərdi. Serialın süjet xətti elə Moskva knyazlığının hakimiyyəti dövründəki əsas epizodlardan qurulub.

Filmdə qara magiya və cadu az qala bütün taxt-tacın taleyini həll edəcəkdi. Bu xətt çox şişirdilib. Ümumiyyətlə, maraqlı və baxımlı serial alınıb.

Cəmiyyətin, iqtisadi çətinliklərin, sosial problemlərin təzyiqi ilə əyilən, özünü gücsüz hiss edən seyrçiyə döyüşkən, haqq uğrunda savaşan, haqq-hesab çürüdən obrazı seyr etmək yaşantısı xüsusi həzz verir, onun gərginliyini azaldır. Ekzotik görünüş, sevgi, romantika və tükürpədici döyüş insanı boz gerçəklikdən uzaqlaşdırmaqla sosial fəallığı azaldır, yeni mənəvi dəyərlər sistemi yaradır və seyrçini bu sistemə tabe etdirir.

Şüurun gücünə güvənməyən, əzilmiş idealları ilə yaşayan, öz yaratdığı texnika ilə simasını itirən bədbəxt çağdaş insan özünə mənəvi dayaq axtarır, oxşarlarını tapmaq və onlarla bərabər olmaq istəyir; mənəvi məsuliyyətdən uzaq olmaq üçün mistika axtarışına çıxır. Anlayır ki, baş verənlərin adi izahı yoxdur və nicat yalnız mistik aləmdədir.

TV bu mistikanı, yeni inancları ustalıqla təqdim edir. Seyrçi o qədər emosiyaya öyrəşib ki, artıq tarixi filmlər də məhəbbət intriqası, saray çəkişmələri, macəralar yolu ilə təqdim olunur. Müasir televiziya nəzəriyyəçilərinin qənaətinə görə, məhz bu fəndlər yolu ilə kütləvi seyrçiyə tarixi və elmi bilikləri çatdırmaq olar.

Eskepizm – həqiqətdən qaçış auditoriyanın gerçəyi unutmaq istəyi ilə bağlıdır və TV gerçəkdən qaçmaq istəyən müasir insan üçün yaxşı nəqliyyat vasitəsi oldu; uydurulmuş aləmə salmaq yolu ilə irreal, mifik aləmdə seyrçinin xoşbəxtliyini təmin edə bildi. Yuxarıda söylədiyimiz kimi, bu illüziya həmişə “happy end”lə bitməlidir. Əks halda, seyrçi özünü aldadılmış sanacaq. Xoşbəxt sonluğu olmayan serial ümidləri puç edərək depressiv situasiya yaradır. İnsanın açar deşiyindən qonşunu güdmək kimi gizli istəyi serial vasitəsilə gerçəkləşir. Məişət məntiqinin çatdırılmasında seyrçinin tam diqqətini cəlb etmək serial qarşısında əsas vəzifə kimi durur. Məhz diqqəti cəlb etmək amili seyrçini öz təsiri altına salmaq imkanı verir. Süjetin sadəliyi, hadisənin məişətçiliyi seyrçini cəlb edir, onu ekrana bağlayır. Bu əyləncənin kökündə anti-inlellektualizm durur. Serial düşünməyə imkan verməyərək, intellektə şübhə ilə yanaşaraq, ondan ehtiyatlanmağı təlqin edir.

Televiziya müasir insanı həmişə nəyisə almağa çağırdığından onu özünə inandırmaq üçün maraqlı olmağa çalışır. Bu alış-verişdən mutlu olan seyrçi TV-ni öz dostu, yolgöstərəni kimi qəbul edir. TV öz qəhrəmanını sevdirir, seyrçi isə sevdiyi qəhrəmana bənzəmək üçün bu cür geyinir, bu cür yaşayır. TV yeni dəb yaradır. Seyrçini də bu dəblə yaşamağa sövq edir. Qəhrəmanın çatdığı nöqtəyə çatmayan seyrçi aksessuar və geyim vasitəsilə öz istəklərini təmin edir. Serialın bədiiliyi, obrazların təbiiliyi seyrçini inandırır və manipulyasiya üçün münbit şərait yaratmış olur.

Bu mənada "Sofiya" serialı həm tarixi öyrədir, həm də dediyimiz hissləri aşılayır.

Elçin Əlibəyli

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR