Art
Bakıda Tağı Tağıyevin sərgisi açıldı - - FOTO
Dekabrın 20-də Xalq Bankın əsas binasının 16-cı mərtəbəsində yerləşən bədii qalereyada “Xalq Əmanəti” layihəsi çərçivəsində nəşr olunan “Tağı Tağıyev. Rəngkarlıq və qrafika” bədii albomunun təqdimatı və rəssamın əsərlərindən ibarət sərginin açılışı keçirilib.
Publika.az xəbər verir ki, layihənin sayca 19-cu nəşrinə rəssamın yaradıcılığının müxtəlif mərhələlərini ehtiva edən əsərləri daxil edilib.
Tədbirdə ölkəmizin sənət və elm adamları, bank sektorunun nümayəndələri, ictimai xadimlər, rəssamın ailə üzvləri iştirak edib.
Gecənin aparıcısı, Əməkdar artist Dilarə Səlim Xalq Bankın illərdir həyata keçirdiyi nəcib missiyadan söz açıb. Dilarə Səlim “Xalq Əmanəti” layihəsinin xalqımızın mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi, mənəvi dəyərlərimizin dünyaya tanıdılması işində təqdirəlayiq iş olduğunu vurğulayıb. Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, dünən 92 yaşını qeyd edən Xalq rəssamı Ömər Eldarova albom üzərində çalışan insanlara minnətdarlığını bildirib və gördüklərindən böyük zövq aldığını dilə gətirib. Onun sözlərinə görə, Tağı Tağıyev dahi rəssam və böyük müəllimdir: "Sərgilənən rəsmlər onun yaradıcılıq dühasının bir damlasıdır, buna baxmayaraq burada olan hər bir əsər ustadın bütün varlığını açır, onun sonsuz istedadını nümayiş etdirir. Onun əsərləri mənə illər əvvəl böyük təsir göstərirdi, indi də həmin hissləri yenidən yaşayıram. Sənət zamanla sınanır, zaman isə Tağı Tağıyevin xeyrinə işləyir. Mən bugünkü tədbirlə bağlı hamını təbrik edirəm”, - deyə Azərbaycan incəsənətinin canlı korifeyi söyləyib.
Albomun mətninin müəllifi sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova Tağı Tağıyevi milli rəngkarlığımızda böyük iz qoymuş sənətkar, yaradıcılığı böyük məktəb olan ustad adlandırıb.
Tağı Tağıyevin oğlu rəssam Əkrəm Tağıyev ailəsi adından banka və layihənin yaradıcı kollektivinə minnətdarlığını bildirib.
O, “Xalq Əmanəti” layihəsini Azərbaycan mədəniyyətinin dünyaya tanıdılmasında möhtəşəm iş olduğunu deyib və atasının bədii albomunun nəşrinə görə sonsuz sevinc hissini bölüşüb.
Xatırladaq ki, Tağı Əzizağa oğlu Tağıyev 1917-ci il noyabrın 7-də Bakı şəhərində zərgər ailəsində anadan olub. O, Azərbaycan Dövlət Rəssamlıq Texnikumunu bitirdikdən sonra 1940-1941-ci illərdə Moskva Rəssamlıq İnstitutunda təhsilini davam etdirib.
Tağı Tağıyev əsasən tematik tablolar, natürmort, portret, mənzərə və məişət səhnələrinin müəllifidir. Azərbaycanda realist boyakarlığın yaradıcılarından olan Tağıyev portret ustası kimi daha məşhurdur. Onun yaradıcılığında tarixi mövzular, tarixi şəxsiyyətlərin təsviri, zəhmətkeş insanların obrazları, əməyin tərənnümü, doğma təbiətin təsviri mühüm yer tutur. Sənətkarın “Koroğlu”, “Poladəridən”, “Qaynaqçı”, “Göygöl”, “Qarlı yollar”, “Xalçasatan”, “Uşaqlıq xatirələri”, “Abşeron silsiləsi”, “El gözəli”, “Qarayanız qız” və bir çox rəsm əsərləri Praqa, Pekin, Dakar, Bağdad və s. ölkələrdə nümayiş etdirilib və böyük rəğbətlə qarşılanıb. Fırça ustasının yaratdığı “Qara Qarayev” və “Səttar Bəhlulzadə” tabloları dünyanın bütün sərgi salonlarında uğurla nümayiş olunub.
Tağı Tağıyev bir çox xarici ölkələrdə - Türkiyə, Yunanıstan, İtaliya, Fransa, İspaniyada səfərlərdə olmuş və o ölkələrin adamlarının həyatına dair tablolar çəkib. Avropa və Afrika ölkələrində yaradıcılıq ezamiyyətində olan rəssam, dilindən, dinindən, irqindən asılı olmayaraq insanları, onların ideyalarını bədii boyalarla təsvir edir. Həmin səfərdən sonra yaratdığı “Afrikalı qız”, “Salam, yeni dünya” əsərləri bu gün də böyük maraqla baxılır.
Tağı Tağıyev klassik rəngkarlıq məktəbinin parlaq nümayəndəsi, realistik metodun təməlini qoyan rəssamlardan biridir. Onun yaradıcılığı və milli incəsənətin inkişafında xidmətləri yüksək qiymətləndirilib və o, Əməkdar incəsənət xadimi, respublikanın Xalq rəssamı fəxri adlarına layiq görülüb.
Tağı Tağıyevin əsərləri Şərq Xalqları İncəsənəti Muzeyi (Moskva), Azərbaycan Dövlət İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və digər muzeylərdə saxlanılır.
“Xalq Əmanəti” layihəsi ASC “Xalq” Bankı tərəfindən 2010-cu ildən etibarən həyata keçirilir. Layihə xalqımızın mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi, mənəvi dəyərlərimizin dünyaya tanıdılması məqsədini daşıyır. Layihə çərçivəsində nəşr olunan kitablar üç dildə - azərbaycan, ingilis, rus dillərində çap olunur. Nəşrlər ölkənin ali və orta təhsil müəssisələrinə, uşaq evləri və kitabxanalara, müxtəlif fondlara, dövlət müəssisələrinə, xarici ölkələrin Azərbaycanda və Azərbaycanın xaricdə fəaliyyət göstərən səfirlik və konsulluqlarına, dünyanın böyük muzeylərinə, kitabxanalarına, eləcə də sənətsevərlərə hədiyyə olunur. Ötən zaman ərzində Xalq rəssamları Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Səttar Bəhlulzadə, Xalidə Səfərova, Mikayıl Abdullayev, eləcə də Ələkbər Rzaquliyev, Mahmud Tağıyev, Vəcihə Səmədova, Kamal Əhməd, Fazil Əliyev, Rza Məmmədov, Gennadi Brijatyuk, Qorxmaz Sücəddinovun, şəhid-heykəltəraş Samir Kaçayevin əsərlərindən ibarət sərgilər təşkil edilib və bədii albomlar nəşr olunub.
Xalq şairləri Məmməd Araz, Hüseyn Arif, Xəlil Rza Ulutürk, unudulmaz Mikayıl Müşfiqin seçilmiş əsərləri, görkəmli alim-numizmat, professor Əli Rəcəblinin “Azərbaycan sikkələri” kitabı, “Aşıq ədəbiyyatı antologiyası” üçcildliyi, həmçinin, dünya şöhrətli şair-mütəfəkkir Mirzə Şəfi Vazehin Azərbaycan, alman və rus dillərində “Bütün əsərləri” işıq üzü görüb.
Rəssamın əsərlərinin ekspozisiyası dekabr ayının 21-dən başlayaraq Xalq Bankın Əsas binasında (Ünvan: Bakı şəh., İnşaatçılar prospekti, 22L) fəaliyyət göstərəcək. Sərgini iş günləri saat 18:00-dan 21:00-dək, şənbə və bazar günləri isə saat 10:00-dan 16:00-dək seyr etmək mümkündür. Giriş sərbəstdir.
-
Avto02:19
Zukerberq xanımı üçün xüsusi "Porsche" hazırlatdı - FOTOLAR
-
ABŞ01:40
"Milton" yaxınlaşır - Co Bayden fövqəladə vəziyyət elan etdi
-
Dünya01:20
İsrail bu gecə İrana zərbə endirməyi planlaşdırır
-
Qoroskop00:22
Günün qoroskopu: qəfil xərclərlə üzləşə bilərsiz
-
İdman7 Oktyabr 23:38
“Neftçi”nin baş məşqçisi o olacaq – Danışıqlar başladı
-
Kriminal7 Oktyabr 22:32
15 yaşlı Sevinc qətlə yetirilərkən hamilə olub - YENİ DETALLAR
-
Magazin17 Oktyabr 21:11
Afət Fərmanqızının oğlunun toyundan GÖRÜNTÜLƏR
-
Hadisə7 Oktyabr 19:30
Azərbaycanlı rəssamın qızı faciəvi şəkildə öldü