Art
Azərbaycan Milli Xalça Muzeyi Mərakeş muzeyləri ilə əməkdaşlığa başladı
Ölkəmizin muzey tarixində ilk dəfə olaraq Azərbaycan Milli Xalça Muzeyi Afrika-Ərəb regionuna daxil olan Mərakeş muzeyləri ilə əməkdaşlıq əlaqələri qurub.
Milli Xalça Muzeyindən Publika.az-a verilən məlumata əsasən, Mərakeş Krallığının Azərbaycan Respublikasındakı Səfirliyi və bu ölkənin Milli Muzeylər Fondunun dəstəyi ilə Mərakeşdə səfərdə olan Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova bir sıra görüşlər keçirib, əməkdaşlıq memorandumları imzalayıb.
Mərakeş Krallığının Mədəniyyət, Gənclər və İdman naziri cənab Əlhəsən Abyaba ilə görüş zamanı nazir iki ölkənin mədəniyyətini birləşdirən proqramın keçirilməsini təklif edib. Proqram çərçivəsində ölkələrimizin musiqisi, muzey işi və milli mədəni irsin təbliği sahəsində müxtəlif layihələrin keçirilməsi nəzərdə tutulub.
Nazir Ə. Abyaba ilə görüş zamanı Ş. Məlikova Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayevin salamlarını ona çatdırıb, ölkəmizdə dövlət tərəfindən aparılan siyasi-iqtisadi və mədəniyyət, xüsusi ilə milli irsin qorunması sahəsində aparılan uğurlu işlərdən ətraflı məlumat verib, iki ölkə arasında mədəni əlaqələrin qurulması, birgə layihələrin keçirilməsi məsələlərini müzakirə edib.
Görüşün sonunda Azərbaycan Milli Xalça Muzeyinin 50 illik fəaliyyətinə həsr olunmuş kitab Mərakeş nazirinə hədiyyə edilib.
Səfər zamanı Mərakeş Milli Muzeylər Fondunda da görüş keçirilib. 2011-ci ildə yaranmış Mərakeş Milli Muzeylər Fondunun məqsədləri – ölkədə muzey sahəsinin inkişafı, muzey kadrlarının yetişdirilməsi, dünyada tanınmış muzey sərgilərinin Mərakeşdə nümayiş olunması, Mərakeş incəsənətinin dünyaya təbliğidir. Bu günə qədər təşkilat tərəfindən beş muzey fəaliyyətə başlayıb. Onların sırasında Tarix və Sivilizasiyalar Muzeyi, VI Məhəmməd Müasir İncəsənət Muzeyi və Milli Fotosənəd Muzeyi (Rabat şəhəri), Dar Al Başa Muzeyi və Dar Si Said Xalça və Toxuculuq Muzeyi (Marrakeş şəhəri) qeyd etmək olar. Təqdirəlayiq haldır ki, muzeylər tarixi binalarda yerləşdirilərək onların bərpası və qorunması da həyata keçirilir. Bütün quruculuq və konsepsiya işləri yerli mütəxəssislər tərəfindən reallaşdırılır.
Bu gün Mərakeş Milli Muzeylər Fondu Quqqenhaym, Dövlət Ermitajı, Çin Milli Muzeyi, Luvr, Orsey, Jorj Pompidu Mədəniyyət Mərkəzi kimi mədəniyyət ocaqları ilə əməkdaşlıq edir, birgə layihələr həyata keçirir. Sevindirici haldır ki, bu muzeylər sırasında Azərbaycan Milli Xalça Muzeyi də var.
Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova Mərakeş Milli Muzeylər Fondunun prezidenti Mehdi Qotbi ilə görüş keçirib. İkitərəfli görüşdə birgə layihələr müzakirə olunub və əməkdaşlıq memorandumu imzalanıb. Xüsusi ilə qeyd edək ki, muzey sahəsində Azərbaycanda ilk dəfə Mərakeş muzeyləri ilə əməkdaşlıq sazişi imzalanıb. Fondun prezidenti cənab Mehdi Qotbi bildirib ki, dost Azərbaycanın milli mədəni irsi, adət-ənənələri və müasir incəsənəti 44 milyon əhalisi olan Mərakeş Krallığında böyük maraqla qarşılanacaq. Bu gün dünyada xalça sahəsində qabaqcıl muzeylərdən biri olan Azərbaycan Milli Xalça Muzeyi tərəfindən tekstil eksponatlarının qorunması, sərgilənməsi və bərpa təcrübəsinin Mərakeş muzeylərində tanıdılması, Azərbaycan-Mərakeş ənənəvi xalça toxuculuğu üzrə mübadilə proqramları, birgə sərgilərin keçirilməsi məsələləri müzakirə olunub.
Mərakeş Milli Muzeylər Fonduna “Ənənəvi texnologiya” şöbəsində hazırlanan “Malıbəyli” xalçası və muzeyin nəşrləri – “Azərbaycan Xalça Muzeyi 50”, “Azərbaycan Xalça Muzeyinin kolleksiyasından bədii tikmələr” və “Lətif Kərimov” kitabları hədiyyə olunub.
Mərakeş Krallığına səfər zamanı Şirin Məlikova Rabat şəhərində fəaliyyət göstərən muzeylər – Tarix və Sivilizasiyalar Muzeyi, VI Məhəmməd Müasir İncəsənət Muzeyi ilə tanış olub. Müasir İncəsənət Muzeyinin direktoru Abdelaziz El İdrissi ilə görüş zamanı bu muzeylərdə birgə layihələrin keçirilməsi, iki ölkənin xalça irsinin təbliği məqsədi ilə sərgilərin təşkili haqqında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, VI Məhəmməd Müasir İncəsənət Muzeyi Mərakeşin aparıcı muzeyidir. Burada Fransanın Luvr və Orsey, Jorj Pompidu Müasir İncəsənət muzeyləri, İspaniyanın Pablo Pikasso Muzeyinin sərgiləri keçirilib, Rabat incəsənət biennaleləri təşkil olunur.
Mərakeş Krallığına səfər çərivəsində Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova Marrakeş şəhərinin Dar El Başa Muzeyi, Dar si Said xalça və toxuculuq muzeyi, Bərbər tayfalarına həsr olunan muzeyi və İv San Loran muzeyinin ekspozisiyası ilə tanış oldu. Dar El Başa Muzeyi və Dar Si Said Xalça və Toxuculuq Muzeyinin direktoru Salima Aitmbareklə görüş zamanı iki mədəniyyət ocaqları arasında gələcək əməkdaşlıq, o cümlədən, xalça toxuculuğu üzrə ustad dərsləri və mühazirələrin mübadilə proqramları, bizim və bərbər tayfalarının xalçaçılıq sənəti sahəsində mədəni irsin elmi araşdırılması müzakirə olunub.
Qeyd edək ki, Marrakeş şəhəri ölkənin turist paytaxtı sayılır. Bura il ərzində çoxsaylı qonaqlar gəlir, beynəlxalq musiqi və film festivalları təşkil olunur, bunun nəticəsində muzeyləri ziyarət edən qonaqlar sırasında dünya şöhrətli simalar da var.
Mərakeş Krallığının mədəniyyət ocaqları və Azərbaycan Milli Xalça Muzeyinin əməkdaşlığı iki dost xalq arasında mədəni əlaqələrin inkişafına böyük təkan verəcək.
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO