Bakıda “Gəncliyin səsi” festivalının açılış mərasimi keçirildi - FOTO
Bizi izləyin

Art

Bakıda “Gəncliyin səsi” festivalının açılış mərasimi keçirildi - FOTO

Mədəniyyət Nazirliyinin dəstəyi ilə bu gün M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Gəncliyin səsi” festivalı keçirilib.

Publika.az xəbər verir ki, festival Azərbaycan Respublikası Prezidentinin “2 fevral - Gənclər Günü kimi qeyd olunması haqqında” Sərəncamına, habelə Prezidentin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına əsasən təşkil olunub.

Mədəniyyət naziri Əbülfəs Qarayev çıxışında bildirib ki, ulu öndər Heydər Əliyevin 1997-ci ildə imzaladığı qərara əsasən fevralın 2-i Azərbaycanda hər il Gənclər Günü kimi qeyd olunur: “Hər bir dövlət orqanının borcudur ki, gənclərə yol açsın, onların inkişafına təkan versin, yaradıcılıq mühitinin formalaşmasına kömək etsin. Mədəniyyət Nazirliyi öz səlahiyyətləri çərçivəsində bu işi artıq uzun müddətdir ki, həyata keçirir. Bu günki konsert proqramında səslənən musiqi nömrələrinin hamısını Mədəniyyət Nazirliyinin sistemində fəaliyyət göstərən musiqi məktəblərinin şagirdləri ifa edəcək. Biz bu məktəblərin fəaliyyətinə xüsusi önəm veririk. Onların şəbəkəsini təkmilləşdirərək hər bir şəhərdə musiqi məktəblərinin fəaliyyətini təmin edirik, yeni imkanlar yaradırıq. Bu məktəblərin şagirdləri arasında beynəlxalq müsabiqələrin qalibləri və tanınmış simalar var. Musiqi məktəblərinin fəaliyyəti cəmiyyətimizin yaradıcılıq imkanlarını genişləndirmək baxımından əvəzsiz yer tutur. Onlar gənclərdə incəsənət və yaradıcılığa məhəbbət hissləri oyadır”.

Gənclər Günü münasibətilə bütün gəncləri təbrik edən nazir qeyd edib ki, cənab Prezidentin gənclərə göstərdiyi diqqət, qayğı və açdığı imkanlar növbəti illərdə böyük səviyyədə ölkənin tanınmasına imkan verəcək. Festival fəal və istedadlı gənclərin üzə çıxarılması, onların yaradıcılıq axtarışlarının, bilik və bacarıqlarının, yaradıcılıq nailiyyətlərinin dəstəklənməsi, yeni simaların aşkar olunması məqsədi daşıyır.

Açılış mərasimində gənc rəssamların, xalq tətbiqi-dekorativ və tətbiqi sənət ustalarının əsərlərindən ibarət sərgi təşkil olunub, daha sonra fəal və istedadlı gənclər mükafatlandırılıb. Tədbirin bədii hissəsində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının, Azərbaycan Milli Konservatoriyasının, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, musiqi məktəblərinin müəllim, tələbə və şagirdlərinin, həmçinin gənc aşıqların iştirakı ilə konsert proqramı təqdim olunub.

Qeyd edək ki, fevralın 1-dən 5-dək Bakı şəhərində və regionlarda Bakı şəhər Mədəniyyət Baş İdarəsi və regional mədəniyyət idarələrinin “Gəncliyin səsi” festivalı çərçivəsində silsilə tədbirlər keçiriləcək.

Aytən Məftun

Foto: Pərviz Həşimi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm