Seyid Aynur: Ədəbiyyət cameəsində tənqidi biznesə çevirənlər az deyil
Bizi izləyin

Art

Seyid Aynur: Ədəbiyyət cameəsində tənqidi biznesə çevirənlər az deyil

Seyid Aynur: Ədəbiyyət cameəsində tənqidi biznesə çevirənlər az deyil

Boz rəngli qeyd kitabçasında
Ləpələnir gözləri bir qızın
dəniz-dəniz,
birdən qayıtmaz deyə
hər gün şəhadət barmağını
sətirlərə tuşlayan əsgər
öldürür sevgisini,
Hardansa uzanan ana əli
silir vağzalının
göz yaşlarını.

Publika.az bu misraların müəllifi şair, Yazıçılar Birliyinin üzvü Seyid Aynurla müsahibəni təqdim edir.

Aynur xanım, ədəbiyyat sizin üçün nədir?

- Ədəbiyyatı müəllif və mətnin mübarizə apardığı bir rinqə bənzədirəm. Bu mübarizədə qalib müəllif olarsa, həqiqi sənət əsəri yaranacaq. Əks halda isə üslub və nəzəri meyarlarla bağlı bilgiləri olmayan, yazmağa istedadı çatmayan müəllif isə mətnə uduzacaqdır. Sanki dünyaya övlad gətirirsən, ancaq onun nə əli, nə də ayaqları üstündə olur.

Bir ədəbiyyatçıda mütləq olmalıdır dediyiniz nədir?

- Yəqin bu sualı ixtisasca ədəbiyyatçı olmaq mənasında verməmisiniz. Çünki mənim peşəmin ədəbiyyatla əlaqəsi yoxdur. Əgər geniş mənada ədəbiyyat adamı kimdir sualını verirsinizsə, o zaman deyim ki, ədəbiyyat adamı ədəbiyyatla nəfəs alan, yaşayan və olduqca həssas, empatik bir varlıqdır.

İnsanın özünü, duyğularını, ruhunu ifadə vasitələri müxtəlifdir. Siz niyə məhz ədəbiyyatı, poeziyanı seçdiniz?

- Poeziya insan duyğularının ən yüksək təzahür formasıdır. Necə ki, rəssam hislərini kətana köçürür, eləcə də şair daxili duyğuları dilə gələndə əlinə qələm alıb yazmağa başlayır. Şeirlərimdə sevgi, təbiət, müharibə, vətən, ayrılıq mövzuları çox işlənib. Qeyd etməliyəm ki, şeirlə yanaşı, esse və hekayə də yazıram.

Şeirlərinizin özünə məxsusluğu nədir?

- Məncə müəllif tanımadığı, lakin ruhən yanında olduğu ideal oxucu üçün yazıb yaratmalıdır. Müəllif bəsit cızma qaralar etməklə insanların zövqünü korlanmamalıdır. Mən də öz növbəmdə ədəbiyyat, cəmiyyət adına müsbət impuls ötürməyi bacarmağa çalışmışam. Məncə, elə bu fərq də məni yadda qalan edib.

Gənclər arasında özündən əvvəlkiləri tənqid eləmək, inkar eləmək tendensiyası yaranıb. Yəqin ki, siz də bunlarla qarşılaşmısınız. Münasibətiniz necədir?

- Gənclərin poetik ovqatları da özlərindən əvvəlki nəsildən fərqlidir. Mübarizə, üsyan əhval-ruhiyyəli, gözünü açıb smartfon, tablet, planşet görmüş gənc nəsilin çılğın olması da normal qəbul edilməlidir. Gənc yazarlar əvvəki nəsli tənqid etməklə özlərini dərk etməyə, kəşf etməyə çalışırlar. Ümumiyyətlə, bizim ölkəmizdə tənqid sevilmir. Əsas odur hər şey etik normalara uyğun olsun. Bəzən tənqid adı altında başqasının adını ləkələməyə çalışanlar da olur. Təəssüf ki, ədəbiyyat cameəsində tənqidi özü üçün biznesə çevirənlər də az deyildir.

Xarakter baxımından Aynurla şair Seyid Aynurun fərqi nədir?

- Seyid Aynurun şeirləri özünəməxsus hissi-emosional ovqatıyla seçilirlər. Şair Aynur adi məişətdə belə məni tərk etmir. Yemək hazırlayanda, yol gedəndə, danışanda, güləndə mənimlədir. Çox vaxt çay əvəzinə evdə şeir dəmləyirəm. Bir sözlə onlar əkizdirlər. Bir-birlərinin eyni olsalar da hərəsi ayrılıqda öz həyatını yaşayır.

Aydan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm