"Cakka cuk"la AYB-yə düşən "Elza bombası": Yazarlar Seyidcahan haqda - SORĞU
Bizi izləyin

Art

"Cakka cuk"la AYB-yə düşən "Elza bombası": Yazarlar Seyidcahan haqda - SORĞU

"Cakka cuk"la AYB-yə düşən "Elza bombası": Yazarlar Seyidcahan haqda - SORĞU

Əməkdar artist, müğənni və bəstəkar Elza Seyidcahan Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvlüyünə qəbul edilib. AYB sədrinin birinci müavini, Xalq yazıçısı Çingiz Abdullayev bu haqda “Facebook” hesabında paylaşım edib. Bu sosial şəbəkə və mətbuatda birmənalı qarşılanmayıb. Əksər hallarda müğənninin şeirləri gülüş və tənqid obyektinə çevrilirdi. Bəstəkarı təbrik edənlərlə yanaşı tənqid edənlər də az olmayıb.

Məsələ ilə bağlı Publika.az yazarlar arasında sorğu keçirib. Həmin sorğunu təqdim edirik:

Şair, publisist Vasif Süleymanın sözlərinə görə, Elza Seyidcahanın Azərbaycan Yazıçılar Birliyinə üzvlüyü 1 aprel olmasa da, az qala 1 aprel zarafatına bənzəyib:

“Bəstəkarın Azərbaycan Yazıçılar Birliyinə üzv olması dünən manşetlərdən düşməyib. Bu hadisə ötən gecə baş verən zəlzələni yaddan çıxardı. Adətən belədir, hər hansı işdə detal yerinə düşməyəndə gündəm olur. Elza xanımın da AYB-yə üzv olmasında yerinə düşməyən məqamlar var ki, bu qədər müzakirə olunur. Amma nahaq... Burada gündəm olası elə bir xüsusi hal görmürəm. Gündəmi bir az da mətbuat yaradır. Ona qalsa, AYB-yə zaman-zaman daha zəif yazanlar üzv olublar. Mətbuat o zamanlar niyə səsini çıxarmırdı? Özüm də mətbuat nümayəndəsi olduğumdan özümü qırağa çəkmirəm ha... Burada Elza xanımın həm tanınmış bir müğənni-bəstəkar olması, həm də şeir adına yazdıqlarının məzhəkə obyektinə çevrilməsi rol oynayır”.

V. Süleyman vurğulayıb ki, Elza Seyidcahan hətərəm-pətərəm yazıların çox vaxt insanlarda gərəksiz müzakirə obyektinə çevrildiyini bilir:

“Elza xanımın Azərbaycan Yazıçılar Birliyinə üzv olmaq haqqı var. Belə ki, sənədlərini verib, qəbul olunub. Dağa-daşa düşmək lazım deyil, niyəsini ona zəmanət verən qələm adamından, AYB qəbul komissiyasının üzvlərindən soruşmaq lazımdır. O da başqa söhbətdir ki, Birliyə üzv olmaq üçün sənədlərini verib, illərdir, gözləyən haqlılar var. Kimsə bir dəfə şeir adına ağlına nə gəldi yazanlar haqqında demişdi ki, oğurluq eləmir, cinayət eləmir, şeir yazmaq istəyir də... Qoy yazsın... Ta orasını deməmişdi ki, yazdığı şeirdir, ya şeir deyil. Onun sözü olmasın, indi Elza xanım da yazıb. Oğurluq etməyib, cinayət etməyib, yazıb da:
Zolaq olaq, corab olaq.
Qonaq olaq.
Tozanaq olaq.
Cukka cuka, cakka cuka
Cakkada Cuka, Cukka Cuka
Cukkada, cukkada
Rakkada, cukkada
Cukkada cukkada
Rakkada cukkada”.

Milli Məclisin deputatı, yazıçı Aqil Abbasın fikrincə, Elza Seyidcahan şeirlərini sarkazm və ironiya ilə yazır:

“Elza xanım gözəl insan, gözəl bəstəkardır. Birliyin qanununda var ki, müəyyən qədər şeirləri, hekayələri çap olunmuş şəxslər üzvlük üçün bu quruma müraciət edə bilər. Keçmiş yazıçılardan üç nəfər ona zəmanət verməlidir. Elza da o zəmanətləri alıb. Burada qeyri-adi heç nə yoxdur. Birliyə üzv olması adi bir haldır. Bunu pisləyənlərdən soruşmaq lazımdır ki, hansı yazıçıları oxuyursan? Kimlərin əsərlərini bilirsən? Səməd Vurğun, Rəsul Rza, Ramiz Rövşənin şeirlərini oxumusanmı? Bu suallara cavab verə bilməyənləri kimsə qınaya bilməz. Üzvlüklə bağlı yalnız xoş söz deyə bilərəm”.

Şair Gülnarə İsrafil isə qeyd edib ki, indi elə bir tendensiya yaranıb, heç kəs öz yerində deyil:

“Ciddi ədəbiyyat mətnlərini yaradan şəxslərin ciddi bəstəkarlıq və digər sənətlərə nə qədər dəxli varsa, Elza xanımın da ədəbiyyata bir o qədər dəxli var. Düşünmürəm ki, onun mətnlərini əsl ədəbiyyat adamları səsə qoyub və ya müzakirə edərək üzvlüyə qəbul ediblər. Əgər sosial şəbəkədə Çingiz Abdullayevlə yayılan şəkli həqiqəti özündə əks etdirirsə, deməli, üç-beş ədəbiyyata yaxın-uzaqlığı olmayan şəxslərin imzası ilə xanım birliyə üzv olub. Bu gün ədəbiyyatda onu şair etmək istəyənləri də yəqin ki, bir vaxtlar kimsə və yaxud kimlərsə əl-ayaq gəzdirib şair ediblər”.

G. İsrafil bildirib ki, insan yaşantısını və toplum mədəniyyəti içinə alıb tarixə çevirən ədəbiyyatdır:

“Tarixdə adamlar Elza xanım kimi yazsaydı, günümüzə dil, din, qalaktika tarixin dərin izləri kültür adında arxiv olaraq gəlib çatmazdı. Bütün sivilizasiyalar ciddi mətnlərin sayəsində canlanır və inkişaf edir. Elza xanımın mətnlərini ancaq və ancaq gülməcələr sinfinə aid edə bilərik. Bu xanım nə vaxtsa ədəbiyyatda anılacaqsa, yalnız xalq yaradıcılığının gülməcələr sinfinin yaradıcısı kimi qızıl kitaba düşəcək. Gələcək nəsillər isə onu boşluğa düşmüş yel misalı yad edəcəklər. Bütün bunlardan belə bir qənaətə gəlmək olur ki, ədəbiyyatımız xaotik boşluq dönəmini yaşayır”.

Yazıçı-dramaturq, publisist Elçin Hüseynbəyli Yazıçılar Birliyinin könüllü cəmiyyət olduğunu diqqətə çatdırıb:

“Onun nizamnaməsini qəbul edən qələm adamı üzv ola bilər. Elza Seyidcahan tanınmış sənətçi, ictimailəşmiş adamdır. Şeirləri birmənalı qarşılanmasa da, onun yaradıcılığına diqqət böyükdür. Müraciət edib, biz də onu müsbət qarşılamışıq. Bu məsələdə ajiotaj yaratmaq istəyənləri anlayıram, çünki darıxdırıcı yay aylarında bir az sərinləmək lazımdır”.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm