Art
Kitab içində gözəlləşən insanlar - Bakıdakı böyük sərgidən REPORTAJ
Noyabrın 11-dən Bakı Ekspo Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan 9-cu Bakı Beynəlxalq Kitab Sərgisi (Baku International Book Fair 2023) keçirilir. Sərgidə Azərbaycanın xalq yazıçıları və şairləri, tanınmış gənc yazarlar və məşhur xarici yazıçılar və aktyorlar iştirak edirlər. Sərginin içi-çölü kitabla dolub, daşırdı.
Publika.az həmin sərgisindən hazırlanan reportajı təqdim edir.
Bakı Ekspo Mərkəzinə daxil olarkən bizi ilk əl işindən hazırlanan əşyalar qarşıladı. Bir-birindən gözəl, rəngarəng hazırlanan qolbaqlar, boyunbağılar, muncuqdan olan güllər göz oxşayırdı. Hər addımda səs daha da çoxalırdı. Sərgi salonuna daxil olarkən uşaqlar ora-bura qaçırdı. Hər tərəf kitabla dolu idi. Kimi kitab alırdı, kimi kitab satırdı. Qəribə ab-hava var idi. Müxtəlif ölklərin bayrağı, təmsilçiləri orada idi. Birdən gözüm Meksika stendinin qarşısında alan balaca uzun saçlı qıza sataşdı.
4 yaşlı Nərgiz məhşur Meksika papağı olan sombreronu başına qoyub fırlanırdı. Anası isə onun şəkillərini çəkirdi. Qızcığaz o qədər xoşbəxt idi ki... O sərgini çox bəyəndiyini və burada əyləndiyi söylədi:
“Buradan özümə çoxlu kitablar almışam. Rəngləmə kitabları da almışam”.

Bu an Nərgizin anası çantasından çoxlu kitablar çıxarır: “Bu kitabların hamısını qızım özü seçib”.
Balaca qız anasının çantadan çıxardığı kitabları tez əlinə alıb, onları qucaqlamağa başladı.
Sərgini gəzərkən birdən şair İlham Qəhrəmanı gördüm. Orta yaşlı bir qadın şairin kitablarına baxırdı. O isə şeirindən bir bənd söyləyirdi:
“Aşıq deyər qəribliyə salmayın,
Sevən ürək yara tərəf təpir hey.
Yardan qalma yaraları göynəyir,
Gah üfürür, gah da sudan səpir hey”.

İlham müəllim, necəsiniz? Burada vəziyyət necədir?
Şair sərgini çox yüksək səviyyədə olduğunu və bütün nəşriyyatların burada olduğunu diqqətə çatdırır.
“Gördüyünüz kimi, kim ki stendimə, kitabları düzdüyüm masaya yaxınlaşırsa yazdığım şeirlərdən bir bənd deyirəm. Hər kitabın öz oxucu və alıcısı var. Ötən gün Laçın məktəbindən 6-7 müəllim gəlmişdi. Həm söhbətləşdik, həm də bir qucaq kitab alıb, getdilər. Sərgidə bizim üçün yeni qapılar da açılır. Burada çox ölkənin nümayəndələri var. Elə onlardan biri olan Özbəkstanın kitab stendinə yaxınlaşmışdım. Kitablarıma çox maraq göstərdilər. Əlaqə yaratdıq, kitablarımla maraqlandılar. Bütün bu tanışlıqlar gələcəkdə əməkdaşlığa çevrilə bilər. Oxucularla görüş daim maraqlıdır. Hələ səni tanımıyan oxucularla görüş ən əlasıdır. 4 gündə 300 manatlıq kitab satmışam. Bu mənimçün çox yaxşıdır. Çünki mağazalara kitab vermirəm, sərf etmir, faizi çox götürürlər. Özümüz satanda isə faiz vermirik”.

Sərgidə müxtəlif yaşda və statusda olan insanlar var: yaşlı, cavan, subay, məktəbli, ailəli...
Addım-addım, heyranlıqla sərgini gəzirəm. Diqqətimi bir şey çəkdi. Sərgiyə gələn iştirakçılardan biri aldığı kitabları böyük həvəslə çantasına qoyurdu. Onun kitablara olan sevgisi açıq-aşkar idi. Elə diqqətimi çəkən də onun bu cəhəti oldu və ona yaxınlaşmağı əlimə düşən bir fürsət kimi dəyərləndirdim. Orta yaşlı bu şəxsin adı Rüstəm idi. Ondan sərgi haqqında soruşdum ab-hava necədir?
Rüstəm bəy köksünü ötürüb, ətrafa göz gəzdirdi. Oxucu sərgidən nəinki özünə, ailəsinə, balaca nəvələrinə belə kitab aldığını dedi:
“Belə sərgilərin olması olduqca müsbət haldır. Özümü yaxşı oxuculardan biri sayıram. Kitab bayramı mədəniyyətin, mənəviyyatın bayramıdır. Kitab içində insan da gözəlləşir. Artıq 3 gündür ki, gəlirəm. Hər gəlişimdə də xeyli kitab almışam. Kitabları almaqla yanaşı hədiyyə də verənlər oldu. İnsanların da bura axın etməsi olduqca sevindirici haldır. Bu da onu göstərir ki, kitaba sevgi ölməyib.

Millət oxuyur, oxumaq istəyir. Narazılıq edirlər ki, kitab oxuyan azdır. Bu doğru deyil, bu gün burada aydın şəkildə görünür ki, həqiqətən də oxucu var. Oxucunu da tərbiyyə etmək lazımdır. Oxucu olmaq da mədəniyyətdir. Bu gün buradan özümlə yanaşı nəvələrimə, ailəmə də kitab almışam. Bu mədəniyyəti onlara da aşılıyıram”.

Zalın ucu-bucağı görünmürdü. Nə az, nə çox, düz 11 ölkədən 30-dan çox xarici təşkilatın iştirak ediyi sərgi idi. İmzalar, gülüşlər, hədiyyələr havada uçurdu. Uzun növbəsi olan bir masa gördüm. Növbə o qədər uzun idi ki, yazıçını görə bilmirdim. Sözün açığı marağımı çox çəkdi.

Çünki sırada uşaqdan-böyüyə hər kəs var idi. Yavaş-yavaş addımladıqca həmin şəxsin Əməkdar artist Bəhram Bağırzadə olduğunu gördüm. Sıranın uzunluğunu nəzərə alıb, möhtəşəm sərginin digər hissələrini seyr etməyə çıxdım.
Elə oradan uzaqlaşarkən “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlunun gənclərlə hansısa kitab haqqında fikir mübadiləsi apardığını gördüm.
Şahbaz bəy xoş üzlə tələbələri yola saldı. Bu zaman onun da sərgi haqqında fikirlərini öyrəndim.

Şahbaz Xuduoğlu sərgidə keçmiş illərə nisbətən daha canlanma olduğunu diqqətə çatdırdı:
“Bürokratik ənəgllər yoxdur. Yeni nəşriyyatların, kitabların sayı artıb. Hər il daha güclü kitab sektoru ortaya çıxır. Avtobusların sərnişləri daşıması olduqca əladır. Ürək açmayan isə təşkilatların sərgidə iştirak etməməsidir. Daha çox məktəbliləri görürük, sevindirici haldır. Ümumiyyətlə, bu sərgini ölkədə olan ən yaxşı kitab sərgisi hesab edirəm”.
Sərginin bir tərəfində kitab təqdimatı, digər tərəfində isə məktəblilər şeir deyib, mahnı oxuyurdular. Aldığı kitabı maraqla səhifələyən də az deyildi. Öz nəşriyyatlarımızın qarşısında olan sıra eynilə qardaş ölkə, Türkiyənin də nəşriyyatlarının qarşısında var idi.

“Say” nəşrlər şirkətinin sahibi Çavlan Uçar ilk gündən burada olduğunu dedi:
“Gün içində 100 kitab satılır, bu da ortalama 1000 manat edir. Azərbaycanlıların türk kitablarına marağı çoxdur. Bu da türk mədəniyyətinə olan maraqdan irəli gəlir. Hazırda restorana və ya kafeyə getdikdə türkcə musiqilər eşidirsiniz. Eyni zamanda türk ədəbiyyatı zəngin və inkişaf etmiş bir ədəbiyyatdır. Azərbaycanlı qardaşlarımız da buna dəyər verir”.
Elə oradan bir az uzaqlaşmışdım gördüm ki, Bəhram bəyin masasının qarışısında bayaqkı izdiham səngiyib, adamlar azalıb. Yaxınlaşdım. Bəhram bəy, bayaq sərgi haqda fikirlərinizi öyrənməyə çalışmaq istədim, lakin sıra o qədər uzun idi ki...

Doğrudur, oxucularımla gözəl vaxt keçirirəm. Şəkil çəkdirən kim, imza istəyən kim... Əməkdar artist sərgini olduqca yüksək qiymətləndirdi:
“4 gündür ki, buradayıq, hər şey möhtəşəmdir. Hər gün bura insanla dolub, daşır. Naşirləri oxucuları ilə görüşdürən hər bir kəsə öz təşəkkürümü bildirirəm. Öz oxucularımı sevirəm. Ona görə ki, səhvlərimi deyirlər. Mən də səhvlərimi düzəldirəm, ondan sonra isə keyfiyyətli kitablar ortaya çıxır”.

Sərgi çərçivəsində uşaqlar və böyüklər üçün master klaslar, inklüzivlik və digər aktual mövzular üzrə kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, qiraət və musiqi saatları və kitab sənayesi sektorunun subyektləri arasında əməkdaşlıq platformaları təşkil edilirdi.

Yazıçı və kolleksiyaçı Dilqəm Əhməd keçən illə müqayisədə daha çox canlanma və iştirakçı olduğunu bildirib:
“Belə sərgilər təşkil olunduqda nəşriyyatlar daha çox hazırlaşır. Çalışırıq ki, sərgi üçün yeni kitablar nəşr edək. İlk iki gün həftə sonu olduğu üçün daha canlanma var idi. Son iki gündə isə məktəbliləri müşahidə edirik. Bu da çox sevindirci haldır. Uşağı hara aparırıqsa həyatı da o şəkildə davam edəcək. Bu baxımdan yaxşıdır ki, kitaba olan sevgini artırırıq. Kitab bayramıdır, xoş və gözəl gündür”.
Aysel Şahmar
FOTO: Elnur Muxtar
-
İdman14:42Neymarın başı dərddə: Tanınmış influenser onun hesabına niyə pul köçürüb? - FOTOLAR
-
Rəsmi xronika14:32Prezidentlərin geniş tərkibdə görüşü keçirildi - FOTO
-
Sosial13:18Qonşuda deputat tələb edir: 13-cü maaş və pensiya verilsin
-
MDB12:53Ermənistan Aİ-yə qoşulsa, aqibəti belə olacaq: Rusiyadan hədə dolu xəbərdarlıq
-
MDB12:40Putin-Zelenski görüşünə doğru: Kiyev Ankaradan xahiş edib ki...
-
İqtisadi gündəm12:20Azərbaycanın dövlət borcu açıqlandı
-
Sosial11:16Pərvin Quliyevaya yüksək vəzifə verildi
-
Dünya10:30ABŞ İslamabadda Tehrandan nə tələb edib? - İranın Tunisdəki səfiri hər şeyi açıqladı












.jpg)








.jpg)



















