Art
"Məni taparsınız şeirlərimdə" deyirdi: Kimdən küsdü cavanlığı?
Nə yaxşı qonşu olduq, bu dünyada
Ayrı-ayrı doğulduq bu dünyada,
Axır gəlib bir olduq, bu dünyada.
Ey həyat sən nə qəribəsən?
Həyatı olduğu kimi tərənnün edən Xalq şairi Cabir Novruzun bu gün anım günüdür.
Publik.az Cabir Novruz yaradıcılığından maraqlı məqamları təqdim edir.
Öz yolu, öz sözü, öz imzası, öz dünyası olan böyük Cabir Novruz. Hər şeri, hər misrası xüsusi bir məna yükü, ürək çırpıntısı, həzin duyğuları canlandırır sanki. Qəribədir, Cabir Novruzun şerlərini oxuduqca elə bilirsən ki, o misralarda səndən bir parça nə isə var. Sanki sən nəql etmisən, şair qələmə alıb, sanki illərdir ki tanışsan bu sətirlər ilə...
Sən elə bir vaxtda rast gəldin mənə,
Bu necə fəsildi, necə vaxt idi…
Sən elə bir vaxtda rast gəldin mənə,
Bu necə taleydi, necə bəxt idi…

1933-cü il martın 12-də Xızı rayonunun Upa kəndində anadan olan Cabir orta məktəbi bitirdikdən sonra, Bakı Pedaqoji Texnikomunda təhsil alıb. 1952-ci ildə indiki Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olan bu istedadlı, müxtəlif mövzulu şeirlərilə dövri mətbuatda müntəzəm çap olunan gənc bir il sonra Azərbaycan Yazıçılar İttifaqının tövsiyəsilə Moskvaya - M.Qorki adına Ədəbiyyat İnstitutuna göndərilib və həmin ali məktəbi bitirdikdən sonra Vətənə dönüb. 1958-ci ildə “Bakı” qəzetində ədəbi işçi kimi əmək fəaliyyətinə başlayan şair tezliklə ədəbi ictimaiyyət və rəhbərliyin diqqətini cəlb edib. 1967-ci ildə o, “Azərbaycan” ədəbi-bədii jurnalının redaktoru vəzifəsinə təyin olunub. 1970-1997-ci illərdə Azərbaycan Yazıçılar İttifaqı İdarə heyətinin katibi işləyib, 90-cı illərin əvvəllərində “Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktoru olub. 12 dekabr 2002-ci ildə 69 yaşında vəfat edib.
Azərbaycanı sevin, sevin Azərbaycanı,
Bu gün odlu sevgiyə onun ehtiyacı var…
Sevin odum, ocağım, evim Azərbaycanı,
İndiki dərdlərinə eşqimiz əlac olar…
"Yaxşılıqla məhv edirəm pislikləri", - deyib böyük şair. Yaxşılıq onun həyatının əsas qayəsi, yaşam eşqi idi. Elə bütün ömrünü də yaxşı işlərə həsr etdi, əl tutdu, həmişə hamının köməyinə çatmağı bacara bildi unudulmaz Cabir Novruz.
Yaxşılıqla məhv edirəm pislikləri,
Yaxşılıqla çox dərdləri sağaldıram.
Mənə durub bir yamanlıq edən kəsin,
Qabağına yüz yaxşılıq çıxardıram.
Şairin yaradıcılığında təbiilik ən müqəddəs bir duyğu kimi vəsf olunur. Onun poeziyasında yaxşılıq, pislik, mərdlik, qəhrəmanlıq, gənclik, qocalıq, zəriflik anlayışları təbii və olduğu kimi tərənnüm edilir.
Köksümü dünyaya çevirirəm mən,
Ürəyə bənzəyir, cahan deyirlər.
Bununçun sevirəm, sevinirəm mən,
Bununçun adıma insan deyirlər.

Cabir Novruzun “İnsan məhəbbəti”, “İllərin ömrü”, “Bizim əsr”, “Adi həqiqətlər”, “Həyat, sən nə qəribəsən”, “Taleyin töhfələri”, “Bir dünyam var”, “İnsan himnləri”, “Ömür keçir karvan kimi”, “Ulu dünya, heyfsən”, “Vətən əbədi qopuqdur”, “Özünü qoru, xalqım”, “İnsanı tanımaq olmur” və digər şeirləri və poemaları hər zaman eyni şövqlə, eyni istək və həvəslə oxunur.
Millət əzər-əzilər də,
Kaş millətdə ruh yaşasın.
Əyri qəddi düzələr də
Kaş millətdə ruh yaşasın.
Səmimi, cəsarətli və bir o qədər də təvəzökar, sadə, özünə hörmət etməyi bacaran, vicdanlı şəxsiyyət idi Cabir Novruz. Onun ən gözəl şerlərinə dillər əzbəri olan musiqilər bəstələnib. Duyan qəlb, düşünən ürək, sadəliklə səmimiyyət arasındakı məsafəni böyük insanlıqla fəth edə bilib, şair.
Ömrü çiçək qədər oldu,
Sevinc oldu, kədər oldu.
Neçin gəldi-gedər oldu,
Kimdən küsdü cavanlığım?..
Bu dünyadan bir Cabir Novruz köç edib getdi. Özü boyda bir dünyası qaldı geriyə.
Bir arzum var, ay adamlar, qoyun deyim,
Sağlığında qiymət verin insanlara,
Yaxşılara sağlığında yaxşı deyin,
Sağlığında yaman deyin yamanlara….
Cəmilə Hətəmxanova
-
Dünya10:06Amerikalı alim təsdiqlədi: Nuhun gəmisi oradadır
-
İdman09:42“Neftçi”nin bəyanatı AFFA-nı qorxuya saldı: Digər klublar da üsyana hazırlaşır?
-
Dünya09:30Tramp atəşkəsi uzatdı: İngiltərədə belə ələ saldılar
-
Sosial09:12Azərbaycanda internet bahalaşdı - Yeni qiymət
-
Magazin208:00Sezon finalının tarixi açıqlandı
-
Səhiyyə07:30Bu amil ürək tutması riskini ikiqat artırır
-
Region06:46Türkiyədə 9 nəfəri öldürən şagirdin anası həbs edildi - FOTO
-
Magazin206:16Məşhur aktyorun sevgilisi tamamilə çılpaq poza verdi - FOTO

















.png)




















