Art
39 ilə böyük VAQİFİ sığdıran dahi: Onun yaratdıqlarında Azərbaycan vardı
Ona Azərbaycanın cazının möcüzəsi, caz musiqisinin yaradıcısı, cazı dünyada tanıdan və sevdirən adam deyirlər. Uşaqlığı, yeniyetməliyi, gəncliyi Qala divarları ilə əhatə olunmuş orta əsrlər yadigarı olan nağılvari məkanda keçib. Qala divarlarından beş addım bu tərəfdə isə müasir şəhər qaynayırdı. Beləliklə, yetişdiyi mühitin balası kimi Vaqif həm kökə, keçmişə bağlı qaldı, həm də müasirliklə ayaqlaşa bildi. Elə bu xüsusiyyətinə görə o VAQİF olmağı bacardı.
Publika.az xəbər verir ki, bu gün Vaqif Mustafazadənin anım günüdür. 44 ildir ki, cismani olaraq bu həyatla sağollaşan musiqiçi haqqında ən maraqlı məqamları təqdim edirik.
Anası Zivər xanım Azərbaycanın ilk qadın pianoçularından biri, muğamlarımızın gözəl bilicisi olub. Balaca Vaqifdə musiqiyə həvəs və istək də elə anasından keçib. Atasının ölümündən sonra, anası Vaqifin tərbiyəsi ilə məşğul olmağa başlayıb. İlk dəfə 3 yaşı olarkən ağ-qara klavişlərlə tanışlığı başlayıb. Fortepianonun dilləri onu necə ovsunlayıbsa, son nəfəsinə kimi bu musiqi alətinə sadiq qalıb, ondan ayrılmayıb. Vaqif Mustafazadə Bakı Musiqi Kollecini bitirib. Sonra isə təhsilini Bakı Musiqi Akademiyasında davam etdirib. Beləcə, parlayıb onun musiqi dünyasındakı sönməyən ulduzu.

Hələ yeniyetməlik vaxtlarından Vaqif Amerika, Qərbi Avropada yayılmış məşhur "caz" musiqisinə böyük maraq göstərir. Bu janrı muğamla əlaqələndirməyə başlayır, onları müasir akkordlarla, caz üslubuna uyğun improvizasiya edir. Dövrün tələbinə uyğun olaraq musiqiyə qoyulan qadağalar sayəsində Vaqif Mustafazadə Tbilisiyə gedir, Gürcüstan Dövlət Filarmoniyasında «Qafqaz» caz-triosu yaradır. Vaqifin ifasını Vaxtanq Kikabidze bəyənir və onu “Orero” ansamblının rəhbərliyinə dəvət edir. Təpədən dırnağa kimi istedad olan Vaqif “Tbilisi-78” caz festivalında iştirak etməklə ən yaxşı pianoçu adına layiq görülür. O festivaldan sonra Vaqifi bütün dünyada məşhurlaşır. Azərbaycanın o vaxtkı mədəniyyət naziri Rauf Hacıyev xəbər göndərir ki, Vaqif ölkəsinə qayıdıb, burada sənətini davam etdirməli, Azərbaycanı təmsil etməlidir.
Vaqif Mustafazadə 1971-ci ildə “Sevil” vokal-instrumental ansamblını yaradır. Qrup üçün təqdim etdiyi mahnıların harmoniyasını dəyişir, köhnə mahnıları təzə üslubda səsləndirməyə başlayır. “Sevil” ansamblı dünyanın bir çox ölkələrində konsert proqramları ilə çıxış edir. Onların hər uğuru Vaqif Mustafazadə əziyyətinin, özünü bütünlüklə musiqiyə həsr etməsinin sayəsində qazanılır. Baxmayarq ki, “Sevil”in ömrü 6 il olur. Bu illər ərzində ansamblın televiziya, radio və səhnələrdə yüzlərlə konserti baş tutur. Və bu 6 il bir ömrə bəs edəcək sənət nümunələri bəxş edir.
1977-ci ildə Vaqif “Muğam” caz üçlüyü yaradır. Vaqif Mustafazadə Azərbaycan caz musiqisi üçün əlindən gələni edir. Əbəs yerə onu improvizələr ustadı adlandırmırlar ki.
Onun sənəti kimi, özü də fərqli idi. Gur qıvrım saçlar, uzun bığlar, dərin mənalı gözlər....
Bir dəfə Vaqif Mustafazadədən soruşublar:
- O bığla necə yemək yeyirsiniz?
Vaqif Mustafazadə bığına sığal çəkib divardan asılmış Karl Marksın şəklini göstərir:
- O necə yeyirdi, mən də elə...
Bax belə fərqli idi Vaqif Mustafazadə.
Vaqifin yaratdıqlarında Azərbaycan vardı, amma bunların heç biri yalnız Azərbaycanınkı, azərbaycanlınınkı deyildi. Qərblə Şərqin musiqisi və zövqü onun ruhuna körpəliyindən çökmüşdü. Onun musiqilərində Qərb dünyasının duyum tərzi, səliqəsi, ruhu həmişə öz çəkisini və yerini qoruyub saxlamağı bacara bilib. Vaqifin sənəti ilə dünya Şərqi də, Azərbaycanı da, muğamı da, cazı da tam fərqli bir rəngdə duyub sevə bildi.

Çox erkən vidalaşdı bu həyatla. Cəmi 39 yaş... Bir insan ömrünün ən çiçəklən, gözəl dövrü. Vaqif kiçik ömrünə böyük VAQİF ömrünü sığışdıra bildi. Bu da onun özünəməxsusluğu, fərqliliyi və təkrarsızlığı idi. İstər insan, istərsə də musiqiçi kimi. Özü getdi, geriyə bütün varlığı, ən azı Vaqif kimi musiqi ilə yoğurulan iki qızı - Lalə və Əzizə qaldı. Hansı ki, hər iki qızının adı bu gün dünyanın ən tanınmış musiqiçiləri sırasında çəkilir. Vaqif Mustafazədənin qızları kimi. Bir də, bütün dünyada eyni həvəs, eyni sevgi, eyni heyranlıqla dinlənilən, bənzərsiz improvizələri ilə qəlbləri fəth edən Vaqif musiqiləri qaldı. Vaqif Mustafazadə möcüzələri.
Cəmilə Hətəmxanova
-
Magazin208:00Sezon finalının tarixi açıqlandı
-
Səhiyyə07:30Bu amil ürək tutması riskini ikiqat artırır
-
Region06:46Türkiyədə 9 nəfəri öldürən şagirdin anası həbs edildi - FOTO
-
Magazin206:16Məşhur aktyorun sevgilisi tamamilə çılpaq poza verdi - FOTO
-
Sosial03:43Sənəd dəyişdirildi, evlər satıldı - VİDEO
-
Region01:41SEPAH komandanından körfəz ölkələrinə XƏBƏRDARLIQ
-
Magazin100:15Rəqsanənin qızıları arasında nə baş verir?
-
Qoroskop00:00Günün ULDUZ FALI - Artıq nəyi istədiyinizi bilirsiniz

























.jpg)










