Xidmətləri yaşından böyük olan adam: "Xəzər"i coşduran Murad Dadaşov
Bizi izləyin

Art

Xidmətləri yaşından böyük olan adam: "Xəzər"i coşduran Murad Dadaşov

Xidmətləri yaşından böyük olan adam: "Xəzər"i coşduran Murad Dadaşov

Bir ay əvvəl “axar.az” saytının 10 yaşını təbrikə gələnlər sırasında Murad Dadaşov da var idi. Tədbirin rəsmi hissəsində bütün qonaqlar kimi o da ürək sözlərini, təbriklərini dilə gətirdi. Mikrofonu əlinə alan kimi ilk cümləsi bu oldu: “Mən birinci növbədə axar.az saytının bütün əməkdaşlarını, bu saytda zərrə qədər də əməyi, xidməti olan bütün işçiləri təbrik edirəm. Çünki məhz sizin kimi sıravi işçilərin zəhməti sayəsində bu gün bu sayt oxunur, izlənilir, istinad mənbəyinə çevrilir”.

İstər-istəməz yerimdən bu cümlələri dedim: Bax budur əsl rəhbər! İşçiyə, onun əməyinə dəyər verən müdir məhz belə olmalıdır. Və elə o gün mən Murad Dadaşovu özüm üçün yenidən kəşf etmiş oldum. Bu gün Xalq artisti, tanınmış teleaparıcı, "M Group Production" şirkətinin və Xəzər TV-nin prezidenti Murad Dadaşov 45 yaşını qeyd edir.

Publika.az kollektivi olaraq dəyərli Murad bəyi biz də təbrik edirik.

45 yaş ömrün ən gözəl, müdrik çağıdır deyirlər. Geriyə baxanda o illəri xatırlamaq, yada salmaq üçün kifayət qədər tutarlı yaşdır.

Məktəbli “Bakılı oğlan”

Murad Dadaşov 1978-ci il, dekabrın 21-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. Atası Əli müəllim ixtisasca nəqliyyat işçisidir. Anası Tamilla xanım isə ixtisasca musiqiçidir. 1985-1995-ci illərdə Bakı şəhərindəki 160 saylı orta məktəbdə təhsil alıb. Hələ məktəbdə oxuduğu illərdən fərqlənməyi bacarıb Murad Dadaşov. "20-ci əsrin çempionları" titulunun sahiblərindən biri olan Muradın “Bakılı oğlanlar” ŞHK ilə tanışlığı də məhz məktəb illərinə təsadüf edib. 1993-cü ilin dekabrında peşəkar səhnəyə gəlib. 2000-ci ildə isə “Bakılı oğlanlar” komandası “20-ci əsrin çempionları” tituluna layiq görülüb. Bu möhtəşəm tituldan böyük bir pay Murad Dadaşovun qismətinə düşüb.

İqtisadiyyatdan psixologiyaya

Murad Dadaşov məktəbi bitirəndən sonra İqtisad Universitetinə hazırlaşıb. Atasl isə onun gələcəkdə ekoloq olmasını istəyib və deyib ki, bu çox perspektivli bir sahə olacaq, gəl sənədlərini ora ver. Müdriklik o vaxtdan Murad Dadaşovda özünü biruzə verib. Əvvəlcə öz istədiyi ixtisaları yazıb, sonda isə atasının də könlü xoş olsun deyə ekologiya fakultəsini yazıb. Taleyin işinə bax ki, elə təsadüfən gəlib ən son yazdığı fakultəyə də qəbul olub. Universitetə gedəndə məlum olub ki, sən demə bu heç ekologiya fakultəsi də deyilmiş, coğrafiya fakultəsi imiş. Müsahibələrinin birində o illəri xoş xatirlərlə belə xatırlayır:

“Mən də incəsənət adamı, hamı məni tanıyır, dostlarım hamısı hüquq fakultəsi, şərqşünaslıq, tarix, mən də gəlib düşmüşəm coğrafiya fakultəsinə. Korpuslarımız ayrı-ayrı idi, hər dəfə qaçıb gəlirdim dostlarımın yanına. Bir ili elə oxudum, başa düşdüm ki, bu sahədə irəliləyə bilmərəm və keçdim mənə həmişə yaxın olan psixologiya fakultəsinə. Fikirləşirdim ki, orada yazı-pozu işi az olacaq, nə bilim hesablamalar-filan olmayacaq, orada yalnız danışıqdı, danışığın da atasıyam mən”.

Beləcə, Murad Dadaşov 1996-2000-ci illərdə Bakı Dövlət Universitetinin "Sosial elmlər və psixologiya" fakültəsində təhsil alır.

Güclü rəhbər, peşəkar idarəçi olmaq üçün insan gərək ilk növbədə elə psixologiyanı gözəl bilsin axı. Bu baxımdan Murad Dadaşov 1:0 öndə gedir gələcək uğurların arxasınca.

"Bakılı oğlanlar" Şən və Hazırcavablar Klubunun hər çıxışı böyük marağa, saatlara davam edən gülüşlərlə səbəb olurdu. Ümummilli lider Heydər Əliyev Bakılı oğlanların hər çıxışını izləyər, elə ürəkdən gülərdiki. Konsertlərin birində Nazarbayevin gəliş səhnəsini izləyərkən Heydər Əliyev elə ürəkdən gülürdüki… Onunla hər görüş "göz yaşları içində gülüşlə" keçirdi. O görüşlərdə də iki nəfərin gülüşü başqalarından fərqlənirdi. Biri Heydər Əliyevin ürəkdən, gözləri yaşarana kimi gülməsi, digəri isə Murad Dadaşovun şaqraq, içdən gülməyi.

“M Group Production”

Televiziya məkanında ilk beynəlxalq layihələri Azərbaycan efir məkanına gətirən də elə məhz Murad Dadaşov olur. 2003-cü ilin fevralında sahibi olduğu MGP (M Group Production) şirkətini yaradıb. Elə həmin ildə şirkətin ilk layihəsi olan “Mərc şou”, 2005-ci ildə isə “Maşın” realiti şousu ilə bir ilkə imza atır. Hər iki layihə kifayət qədər sevilən, baxılan və haqqında ən çox danışılan və müzakirə edilənlərdən olur. Baxmayaraq ki, aradan uzun müddət keçib, bu gün də o şoular nə unudulur, nə də ki yaddan çıxır. Bax budur peşəkarlığın ilkin şərti.

Sevilən münsif

Murad Dadaşov müasir teleməkanda yayımlanan bir çox layihələrdə peşəkar ekspert və münsif qismində iştirak edərək yadda qalan simalardan biri olub. “Yeni Ulduz” musiqi yarışması, 2008-ci ildə Soçi şəhərində keçirilən “Beş ulduz. İntervidenie 2008” mahnı müsabiqəsi, “Böyük Səhnə” vokal şousu və 2015-ci ildə baş tutan “Özünü Tanıt” istedad müsabiqəsinin ən sevilən münsif üzvlərindən biri olub.

“Səndən hərəkət məndən bərəkət”

Bu həyatda ən böyük şüarı: “Səndən hərəkət məndən bərəkət” - məsəlidir. İnsan özünə qarşı tələbkar, iddialı olmalıdır. Övladlarına da hər zaman bu prinsipləri aşılayır. 3 oğul atası olan Murad Dadaşov onlara bu həyatda öz yolunuzu, öz yerinizi özünüz seçin deyir. Murad Dadaşovun övladı kimi deyil, bu dövlətin, bu torpağın layiqli vətəndaşı kimi.

Murad Dadaşov ölkənin ictimai-siysai, mədəni həyatında hər zaman yaxından iştirak edir. Elə bu səbəbdən də Prezident İlham Əliyevin sərəncamına əsasən 2014-cü ildə “Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə” Əməkdar artist, 2018-ci ildə isə Xalq artisti fəxri adına layiq görülüb.

"Xəzər"i coşduran adam

Xəzər qədər dərin insandır Murad Dadaşov. Yaxşı ki... ifadəsi ilə başlayan bütün gözəl cümlələri ona şamil etsək yanılmarıq. İşlədiyi komanda da sadəcə rəhbər deyil, elə o kollektivdən biri hesab edir özünü. Hər bir işçiyə xüsusi həssaslıqla yanaşan, zərrə qədər də olsa özündə işıq görən insanların üzünə hər zaman qapı açandır. Və nəinki "Xəzər"in qapılarını, ürəyinin qapısıda hər zaman hamıya açıq olan adamdır. Rəhbərlik etdiyi böyük bir televiziyada hər bir işçisinə xüsusi diqqət, qayğıyla yanaşan, hər birini şəxsən tanıyan, istər yaxşı istərsə də pis günlərində daima yanlarında olan, əlindən gəldiyi qədər hər bir kəsin arxasında dağ olmağı bacaran rəhbərdir Murad Dadaşov!

Gəlişi ilə "Xəzər"ə elə gözəl ənənələr gətirib ki.... Sənətə, sənətkara layiq olduğu qiyməti verməklə həm də çox gözəl bir ənənənin təməlini qoydu. Azərbaycan mədəniyyətinə, incəsənətinə xidmət edən hər bir sənətkarı ən özəl günündə diqqətindən kənarda tək qoymayan nadir rəhbərlərdəndir.

"Xəzər"i coşduran, yüksəkliklərdə dalğalandıran, elə ən böyük sevgini də məhz Xəzərdən alan, yaxşı adam, yaxşı dost, yaxşı rəhbər, gününüz mübarək olsun. Gələcəyə ürəyiniz istəyən kimi baxmaq üçün ən azı bir 45 ildə yaşayın. Yalnız özünüz üçün deyil, bu vətən, bu xalq və tükənmək bilməyən Xəzər üçün.

Cəmilə Hətəmxanova

Oxumağa davam et
Reklam
Reklam

Gündəm