Səhnədə Gülgün, həyatdan küskün: “Xalq düşməni”nin xalq tərəfindən sevilən qızı
Bizi izləyin

Art

Səhnədə Gülgün, həyatdan küskün: “Xalq düşməni”nin xalq tərəfindən sevilən qızı

"Mən sizləri çox sevirəm. Çox bağlıyam sizlərə. Əgər aylarla, illərlə kimisə görmürəmsə, onu bilin ki, həmişə fikrimdəsiniz, həmişə ürəyimdəsiniz. Çünki siz teatrla bağlı insansınız. Mən də teatram. Mən özüm yoxam, heçəm. Səsim Mərziyyənin səsi, nəfəsim Abbasın nəfəsidir.”

Həmişə deyirdi ki, mənim bu yerə gəlməyimə səbəb Allahın verdiyi istedad və öz zəhmətimdir. Bütün rejissorlar onunla işləmək istəyirdi. Amma nədənsə onun bacarığından kinoda az istifadə etdilər.

Xalq artisti, Şöhrət ordenli aktrisa Firəngiz Şərifova.

Publika.az xatırladır ki, sevilən aktrisa yaşasaydı, bu gün onun 100 yaşı tamam olacaqdı.

Görkəmli aktyoru, teatr və kino rejissoru, Xalq artisti Abbas Mirzə Şərifzadə və peşəkar aktrisa, SSRİ Xalq artist Mərziyə Davudovanın ailəsində dünyaya gəlib Firəngiz Şərifova. Səkkiz yaşında Azərbaycan dilli məktəbin birinci sinifinə gedib və növbəti ildə yenidən rus məktəbinin birinci sinifində oxumağa başlayıb. Paralel olaraq səkkiz il Bakı Xoreoqrafiya Məktəbində təhsil alıb. 1941-ci ildə ailələrinin yaxın dostu və xeyirxahı Üzeyir bəy Hacıbəylinin məsləhəti ilə Azərbaycan Dövlət Konservatoriyasının vokal fakültəsinə daxil olub. Beş il konservatoriya təhsili alıb və soprano səsinin peşəkarlıq yönündə formalaşmasına nail olub. Teatr səhnəsinə ilk dəfə elə səkkiz yaşında çıxıb. Cəfər Cabbarlının təkidi və atası Abbasmirzənin razılığı ilə "Oqtay Eloğlu"nda Sevər və bir az sonra "Sevil"də Gündüz rollarını özünəməxsus tərzdə canlandırıb.

Ancaq bu xoşbəxt günlərin ömrü uzun olmur. Atası 1937-ci ildə həbs edilərək “xalq düşməni” kimi güllələnir.

Maddi-mənəvi sıxıntılar içərisində böyüyən Firəngiz Şərifovanın teatr sevgisi daha da dərinləşir. 1947-ci ildə Firəngiz Şərifovanın təyinatı Azərbaycan Dövlət Musiqili Komediya Teatrına verilir. O, bu teatrın səhnəsində Gülçöhrə, Durna, Ulduz, Keto, Bayadera kimi bir-birindən fərqli obrazlara səhnə həyatı verir. Aktrisa daha sonra Akademik Milli Dram Teatrının səhnəsində fəaliyyətini davam etdirir. Bu sənət ocağında Həcər, Rəfiqə Rəhimli Ket, Erfila, Gülgün və bu kimi neçə-neçə rolları sevərək tamaşaçılara təqdim edir.

Firəngiz Şərifovanın kino yaradıcılığı da ən az teatrdakı qədər uğurlu və yaddaqalandır. İstedadlı aktrisa “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan “Qaraca qız”da Yasəmən, “Bir ailəlik bağ evi”ndə Ana, “Bayquş gələndə” filmində Nənə, “Qərib cinlər diyarında” ekran əsərində Tükəz, “Qətl günü”ndə Nənə obrazları ilə də sevilməyi bacarıb. “Bir ailəlik bağ evi” filmindəki Ana rolu psixoloji məna çalarlarına və emosional sənətkarlıq xüsusiyyətlərinə görə aktrisanın peşəkarlığının bariz nümunəsidir.

Firəngiz Şərifovanın Azərbaycan kinosunda həyat verdiyi surətlər psixoloji dərinliyi, səmimiliyi və inandırıcılığı ilə səciyyələnərək parlaq ekran obrazları kimi uğurlu tale yaşayıb. Aktrisanın müxtəlif televiziya tamaşalarında böyük sənətkarlıqla oynadığı rollar qiymətli sənət nümunələri kimi milli televiziyanın fondunda qorunur. Görkəmli sənətkarın altmış ildən artıq bir dövrü əhatə edən mənalı yaradıcılıq yolu gənc aktyorlar nəsli üçün bir sənət məktəbidir.

Sənətkar milli teatr və kino sənətinin inkişafında xidmətlərin görə “Əməkdar artist”, “Xalq artisti” fəxri adlarına, 2009-cu ildə “Şöhrət” ordeninə layiq görülüb. Prezidentin fərdi təqaüdçüsü olub.

Sənəti və nəcib xarakteri ilə qəlblərdə yaşayan aktrisa 20 fevral 2014-cü ildə, 90 yaşında vəfat edib.

Rəhmətə getməzdən əvvəl hər gün bir orqanı sıradan çıxırmış, xəstəliyi şiddətlənirmiş. Aktrisa son günlər başını qaldıra, uzana bilmirmiş. Çətin günlər yaşayan aktrisa son günlərində belə gümrah danışırdı: "Saçımı kəsin, üzümə düşür, bəzəyin, qəşəng görsənmirəm".

Nəvəsi - müğənni Eldar Qasımov müsahibələrinin birində deyir:

“Nənəm xəstə olanda deyirdi ki, mənə nə dərman, nə də yaşamaq üçün vasitələr lazımdır. Bu həyatda, bu bədəndə mən artıq öz missiyamı bitirmişəm. Mən sizə ordan kömək edə bilərəm. Oranın gücləri, burdan güclüdür”.

Cəmilə Hətəmxanova

Oxumağa davam et
Reklam
Reklam

Gündəm