Art
“Qızılgülün sirri” sərgisi açıldı - Fotolar
Martın 14-də Heydər Əliyev Mərkəzində belaruslu heykəltaraş Andrey Ostaşovun “Qızılgülün sirri” (“The mystery of the rose”) sərgisinin açılışı olub.
Publika.az xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər.
Sərgidə müəllifin “Yuxulara səyahət”, “Pişik-qız və tısbağa rəqsi”, “Yelpik və albalı”, “Ürəklə qız”, “Günəşin uşaqları”, “Hind fili və kəpənəklər” kimi ilk dəfə məhz Bakıda tamaşaçı qarşısına çıxartdığı əsərləri də yer alıb.
Jurnalistlərə müsahibəsində heykəltaraş Andrey Ostaşov Bakıda açılan sərgisinin bəlkə də onun üçün ən böyüklərindən olduğunu dedi: “Burada 80-ə yaxın heykəl toplanılıb. Böyük məmnunluq hissi keçirirəm ki, işlərimi Azərbaycanda nümayiş etdirmək imkanım yaranıb. Ümid edirəm ki, ziyarətçilər bəyənəcəklər”.
Sərginin əsas mövzusunun insan duyğularına, qadın və kişi, daxili dünyanın gözəlliyinə həsr olunduğunu qeyd edən heykəltaraş məhz ona görə də sərginin “Qızılgülün sirri” adlandırdığı bildirib. “Qızılgül özünü qoruyan çiçəkdir, lakin içəridə incə bir canlıdır”, - deyə o, əlavə edib.
Tədbirin açılışında çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov Andrey Ostaşovun yaradıcılığı ilə təsadüfən qalereyalardan birində tanış olduğunu dedi: “Həqiqətən məni heyrətləndirən yeni əsərlər gördüm. Andrey və əziz kuratorumuz İrina xanıma belə gözəl bir sərgini həyata keçirə bildiyimiz üçün təşşəkürümü bildirirəm. Əminəm ki, hamı onu bəyənəcək”.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Xalq artisti Polad Bülbüloğlu Andrey Ostaşovun adının bütün dünyada kifayət qədər məşhur olduğunu bildirib: “Sərginin bu gözəl binada – Heydər Əliyev Mərkəzində keçirilməsi heykəltaraş üçün başqa bir mərhələdir. Mən sizə böyük uğurlar arzulayıram və hər il olmasa da, ən azı bir neçə ildən bir Bakıda öz sərgilərinizi təşkil edəsiniz və sənətinizlə bizi sevindirəsiniz”.
Heykəltaraşın həyat yoldaşı, sərginin kuratoru İrina Kolomenskaya sərgidə bu qədər sənətsevərlərin toplanması çox həyəcanverici hiss olduğunu deyərək Andrey Ostaşovun işlərinin Heydər Əliyev Mərkəzinin zallarında nümayiş olunması ideyasına görə minnətdarlığını bildirib.
1970-ci ildə Belarusda doğulan Andrey Ostaşovun rəssam kimi formalaşmasında Belarus, Rusiya və Avropa incəsənət məktəblərinin təsiri olub.
Onun əsərlərində gözəllik mütləqdir və o, artıq yox olmaqda olan estet-filosoflar nəslinə aid rəssamdır. Heykəltaraş yaradıcılığında Uzaq Şərq regionunun məişət əşyaları və tətbiqi sənətin, samuray və Teddi oyuncaq ayılarının, nağıl şahzadələrinin və şamanların təsvirləri ilə cəsarətlə oynayır.
Belarus Rəssamlar İttifaqının üzvü, 100-dən çox respublika və beynəlxalq sərginin iştirakçısı, incəsənət və memarlıq müsabiqələrinin laureatı olan Andrey Ostaşovun əsərləri Belarusun Milli İncəsənət Muzeyinin daimi ekspozisiyasında, Avropa və Asiyada şəxsi kolleksiyalarda saxlanılır.
Heykəltaraşın fərdi sərgiləri Monako, Paris, Pekin, Sankt-Peterburq, Tbilisi, Şanxay, Vyana və s. şəhərlərdə təşkil olunub.
Daş və bürünclə işləyən Andrey Ostaşov ilk növbədə forma və xətt yaradıcısı, tunc və daş işində mütəxəssis, səth və həcm yaradıcısıdır. Andrey Ostaşovun əsərlərini fərqləndirən amillərdən biri də miniatürluqdur. Bu isə memarın ustadlığını bir daha nümayiş etdirir.
Andrey Ostaşov yaradıcılıq materialları toplamaq məqsədilə dünyanın müxtəlif yerlərinə, xüsusilə də Asiya ölkələrinə çoxlu səyahət edir. Müəllifin xüsusi marağı isə insanın daxili aləmidir. Təsadüfi deyil ki, Bakı sərgisi də “Qızılgülün sirri” adlanır. Bu çiçək eyni anda zahiri gözəlliyi və mənəvi dərinliyi, əlçatmazlığı və əzəməti, gücü və həssaslığı ehtiva edir. “Qızılgülün sirri” hər kəs üçün fərqli və unikaldır. Heykəltaraş bizi yenidən bu dərin və gözəl səyahətə – öz daxili dünyamıza dəvət edərək eksponatlarının mənasını tapmağa və bu prosesin iştirakçısına çevrilməyə çağırır.









-
Hadisə17:26Mənsur İbrahimli vəfat etdi
-
Digər17:09Dünya İran müharibəsinə görə nələri itirdi? - Dəhşətli statistika
-
Yaxın Şərq16:10Hərbi Dəniz Qüvvələri rəqiblərə yeni məğlubiyyət yaşatmağa hazırdır - Xamenei
-
Nida Xəbər 16:00Mehriban Əliyeva Fələstinə həsr olunan tədbirdə iştirak etdi - Fotolar
-
Magazin215:09Məşhur aktrisa öldü
-
Sosial14:00Halal turizm modeli: Azərbaycan bu bazara necə girə bilər?
-
Sağlamlıq13:00Şəkərli diabeti olanlar balqabaq yeyə bilərlər? - Həkimdən məsləhət
-
Hadisə12:35Təhsil naziri mübahisəli epizoda paylaşımı ilə eyham vurdu - Foto









































