Digər
Xruşşovun ayaqqabısı, Qəddafinin çadırı, Trampın hədəsi... - BMT-də dünyanı silkələyən qalmaqallar

BMT Baş Assambleyasının builki sessiyası dünyanın ali orqanının 80 illik yubleyinə təsadüf etməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin də iştirak etdiyi BMT Baş Assambleyası həm 80-ci sessiyasını keçirir, həm də yubileyini qeyd edir.
Sessiya boyunca gözlər əsasən BMT tribunasına yönələcək. Çünki bu tribuna hər bir ölkə üçün öz mövqeyini təqdim etmək platformasıdır. Və ötən 80 il ərzində BMT tribunası təkcə qlobal problemlərin dilə gətirildiyi yox, həm də bir çox qalmaqallı çıxışların baş verdiyi kürsü olaraq yadda qalıb.
Publika.az 80 il ərzində Fidel Kastrodan tutmuş Trampa qədər BMT tribunasında edilən ən qalmaqallı çıxışları yada salır.
BMT tarixində ən uzun çıxış
1960-cı ilin 26 sentyabrında – Kubada inqilabın qələbəsindən cəmi 19 ay sonra Fidel Kastronun BMT Baş Assambleyasındakı çıxışı Ginnesin Rekordlar Kitabına düşüb.
“Uzun çıxışlarımla tanınsam da, narahat olmayın, qısa danışmaq üçün əlimdən gələni edəcəm” deyə sözə başlayan Kastro nə az, nə çox, düz 4 saat 29 dəqiqə danışıb. Bu, BMT tarixində ən uzun çıxış idi.
Xruşşovun məşhur ayaqqabısı
1960-cı ilin 13 oktyabrında SSRİ lideri Nikita Xruşşov BMT-də Filippin nümayəndəsinin Sovet İttifaqını Şərqi Avropa ölkələrini nəzarətdə saxlamaq və hüquqlarını əlindən almaq ittihamına qarşı sərt reaksiya verdi. Çıxış növbəsi Xruşşovda deyildi, lakin o, diqqəti özünə çəkmək üçün iki yumruğu ilə masanı döydü. Lakin bununla kifayətlənmədi, sağ ayağından ayaqqabısını çıxararaq, masanın üstünə vurmağa başladı.
Bu, təkcə BMT-nin deyil, tarix elminin də ən çox müzakirə etdiyi hadisələrdəndir. Xruşşovun ayaqqabısı ilə masanı döyməsi ətrafında mübahisələr hələ də davam edir. “Xruşşov: İnsan və onun dövrləri” kitabının müəllifi, tarixçi Uilyam Tubman hadisəsini təkzib edir. İddia edir ki, SSRİ lideri ayaqqabısını çıxararaq, hədə-qorxu ilə havada yellədi, lakin masanı döymədi. Bunun əksini deyənlər də var.
Bu hadisədən sonra BMT Baş Assalbmeyasını ziyarət edən turistlər ən çox bu sualı verir: “Xruşşov ayaqqabısı ilə hansı masanı döyüb?”.
Zeytun budağı və silah
Fələstin Azadlıq Təşkilatının (FAT) lideri Yasir Ərəfatın çıxışı BMT tarixində xüsusilə xatırlanır. 1974-cü ilin 13 noyabrında Ərəfat Qoşulmama Hərəkatının tələbi ilə Baş Assambleyada çıxış etməyə dəvət edildi. Lakin onun BMT-də olması FAT-ın sərt mübarizə üsulu baxımından, misal üçün, 1972-ci ildə Münhen Olimpiadasında idmançıların öldürülməsi və girov götürülməsi kimi, narahatlığa səbəb olmuşdu.
Ərəfat isə FAT-ın mübarizəsini müdafiə edərək, fələstinlilərin müstəqil dövlətinin yaradılması çağırışını etdi. O çıxışını “Bir əlimdə zeytun budağı, bir əlimdə azadlıq döyüşçüsünün silahını tuturam. Zeytun budağı əlimdən düşməsin” sözləri ilə bitirdi. Bu çıxışdan sonra FAT BMT-də müşahidəçi status qazandı və fələstinlilərin öz müqəddəratını təyinetmə hüququ tanındı.
“Şeytanın çıxış etdiyi tribuna”
Venesuelanın keçmiş prezidenti Uqo Çavesin 2006-cı ildə Baş Assambleyanın tribunasından etdiyi çıxış dünya mediasının bir nömrəli manşetinə çevrildi.
“Dünən şeytan burada idi, məndən danışmağımı istədikləri bu masada. Hələ də kükürd iyi gəlir”, Çavesin həmin vaxt ABŞ prezidenti olan Corc Buşa ünvanlanan bu sözləri rezonans yaratmışdı. Venesuela lideri çıxışında amerikalı yazar Noam Çomskinin “Hegemoniya və ya sağ qalma” kitabını nümayiş etdirərək, oxumağı tövsiyə etdi. Bu, Çomskinin kitabının “Amazon”da bestseller siyahısına düşməsinə səbəb olub.
Qəddafinin bədəvi çadırı və qlobal etirazı
Liviyanın devrilən və öldürülən prezidenti Müəmmar Qəddafi 1969-cu ildə hakimiyyətə gəlsə də, BMT Baş Assambleyasında ilk çıxışı 2009-cu ildə olub. 100 dəqiqəlik çıxışında Qəddafi ABŞ, həm də BMT-yə qarşı ağır ittihamlar irəli sürüb.
Liviya prezidenti onun hökumətini əl-Qaidə ilə müqayisə edən BMT Təhlükəsizlik Şurasına “Bura Təhlükəsizlik Şurası deyil, Terror Şurası adlandırılmalıdır” demişdi. ABŞ-ı da ittiham edən Qəddafi “donuz qripi” virusunun yaradılmasına görə məsuliyyətin Vaşinqtonun üzərinə düşdüyünü, Con Kennedinin öldürülməsi ilə bağlı rəsmi versiyaların isə “nağıl” olduğunu bildirmişdi.
Əsas diqqətçəkən məqamlardan biri də Qəddafinin Nyu-Yorkda oteldə deyil, şəhər kənarında Donald Trampa məxsus torpaq sahəsində qurdurduğu bədəvi çadırında qalması idi.
11 sentyabr qalmaqalı
İranın keçmiş prezidenti Mahmud Əhmədinejadın 2010-cu ildə BMT tribunasında çıxışı zamanı 11 sentyabr terror hücumunun ABŞ-ın özü tərəfindən törədildiyi iddiası böyük qalmaqala səbəb oldu. Əhmədinejad iddia edirdi ki, “ABŞ hökuməti iqtisadi tənəzzülün qarşısını almaq, Yaxın Şərqdəki mövqelərini gücləndirmək və İsraili xilas etmək üçün bu terror hücumunu törədib”.
Onun bu iddiasına etiraz olaraq, Avropa İttifaqının bütün üzv ölkələri, Kanada, Avstraliya, Yeni Zelandiya və Kosta-Rika daxil olmaqla 33 diplomatik missiyanın nümayəndələri zalı tərk etdi.
Trampın Kimi hədələməsi və inanılmaz “comeback”
ABŞ prezidenti Donald Trampın birinci hakimiyyəti dövründə (2016-2020) BMT Baş Assambleyasındakı çıxışı təəccüblə qarşılandı. Tramp 2017-ci il sessiyası zamanı çıxdığı BMT tribunasından Şimali Koreyanın nüvə proqramını sərt tənqid etdi və ölkəni “tam məhv etməklə” hədələdi.
“Yer üzünün heç bir xalqı bu cinayətkar qrupun nüvə silahı və raketlərlə silahlandığını görmək istəmir. ABŞ-ın gücü və səbri var, lakin özünü və müttəfiqlərini müdafiə etməyə məcbur olarsa, Şimali Koreyanı tamamilə məhv etməkdən başqa seçim qalmayacaq”, - Tramp bildirib.
Və qeyd edib ki, “raket adam”ın (Şimali Koreya lideri Kim Çen In) həm özü, həm də rejimi intihar missiyasıdır.
Onun çıxışı çox sərt qarşılanıb və beynəlxalq mediada geniş müzakirələrə səbəb olub. Çünki BMT Baş Assambleyasında “başqa bir xalqı, ölkəni tamamilə məhv etmək” məsələsi ilk dəfə dilə gətirilmişdi.
Lakin ABŞ prezidenti bu çıxışından iki il sonra BMT-də hədələdiyi Kim Çen Inla görüşdü, hətta onu “yaxşı oğlan” da adlandırdı.
Baş Assambleyanın yubiley sessiyasında BMT tribunası daha nələrə şahidlik edəcək, birlikdə görəcəyik.
Asif

-
Nida Xəbər 10:45
Əli Əsədov qərar imzaladı
-
ABŞ10:36
Kirkin qətlinin əsas motivi: Onlar ABŞ-da fəallaşırlar, son nöqtə qoyuldu
-
MDB09:52
Ukrayna Rusiyanın bu vilayətini qorxu altında saxlayır: Vəziyyət gərgindir
-
Magazin109:20
Nadir Qafarzadə: “Cəmiyyət pozğunluğu təbliğ edənləri alqışlayır”
-
ABŞ08:49
Trampın helikopterinə lazer tutdu, həbs edildi
-
Nəqliyyat08:24
15 yolda tıxac var - Siyahı
-
Sosial07:55
Laçına növbəti köç karvanı yola salındı
-
Qoroskop02:00
Günün ulduz falı: Maddi məsələlər gündəminizdə olacaq