Bu həbsxananı timsahlar mühafizə edəcək
Bizi izləyin

Dünya

Bu həbsxananı timsahlar mühafizə edəcək

İndoneziyanın Narkotiklərlə Mübarizə üzrə Milli İdarəsi ölüm cəzasına məhkum edilən narkotik alverçiləri üçün adada xüsusi həbsxana tikməyi təklif edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, yeni həbsxananın mühafizəçiləri timsahlar olacaq.

Məmurların fikrincə, timsahları insanlardan fərqli olaraq ələ almaq və ya məhbusları azadlığa buraxmaq üçün inandırmaq mümkün olmayacaq. Bir sözlə, Narkotiklərlə Mübarizə üzrə Milli İdarə yırtıcıların sadiqliyinə bel bağlayır. İdarənin başçısı Budi Vaseso bildirib ki, narkotik ticarəti və korrupsiya ilə mübarizənin effektiv metodu barədə layihə Ədliyyə Nazirliyinə təqdim edilib.

“Timsahları ələ almaq olmaz, timsahlara rüşvət verə bilməzsiniz. Yaxın vaxtlarda ölkənin müxtəlif hissələrində timsahların yetişdirilməsi üzrə fermalara baş çəkəcəm. Mən onlardan ən qaniçənləri seçəcəm. Biz həbsxananın ətrafında mümkün qədər daha çox timsah yerləşdirəcəyik”, - Vaseso söz verib.

Təklif hazırda Ədliyyə Nazirliyi tərəfindən araşdırılır. Həbsxananın hansı adada tikiləcəyi və onun açılışının tarixi haqqında konkret plan yoxdur.

İndoneziyada narkotik ticarətinə görə ən ağır cəzalar verilir. Başqa ölkələrin vətəndaşları olsa belə, insanlar narkotiklərlə ticarətə görə ölüm cəzasına məhkum edilir. Budi Vaseso bu yaxınlarda çıxışında bildirib ki, narkotik alverçiləri kütləvi qatillərdir və onlar əfv olunmağa layiq deyillər. Amma qanunların sərtliyinə baxmayaraq, ölkədə narkotik istehlakı günbəgün artır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm