Çavuşoğludan Rusiyaya: “Ankaranın səbri tükənir”
Bizi izləyin

Dünya

Çavuşoğludan Rusiyaya: “Ankaranın səbri tükənir”

“Orada bizim yalnız balıqçı gəmimiz var idi. Fikrimcə, Rusiya gəmisinin reaksiyası yersiz idi”.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu dekabrın 13-də Egey dənizində baş verən hadisəni şərh edərkən bildirib.

“Rusiya və Türkiyə sözsüz ki, əvvəlki münasibətlərini bərpa etməlidir. Amma bizim səbrimizin də sonu var. Rusiya ilə ikitərəfli münasibətlərdə Ankaranın səbri tükənir”, - türkiyəli nazir deyib.

Onun sözlərinə görə, Ankaranın İŞİD-in neft ticarətini qorumaq üçün Su-24 təyyarəsini vurduğunu iddia etməklə Rusiya artıq özünü axmaq vəziyyətə qoyub. Türkiyə xarici siyasət idarəsinin başçısı Rusiyanın Suriyadakı əməliyyatlarını da tənqid edib. Çavuşoğlu Rusiya aviasiyasının zərbələrinin yalnız 8 faizinin İŞİD-ə endirildiyini söyləyib. O, həmçinin bildirib ki, İŞİD-ə qalib gəlmək yalnız münaqişə zonasına hərbi kontingent göndərməklə mümkündür.

Qeyd edək ki, dünən Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayaraq bildirib ki, Egey dənizinin şimal hissəsindəki Lemnos adasının 22 kilometrliyində üzən Rusiyanın “Smetlivıy” xətt gəmisinin heyəti Türkiyənin hərbi gəmisi ilə toqquşmanın qarşısını alıb.

Qeyd olunub ki, gəminin növbətçi xidməti 1 kilometr aralıdan Türkiyə gəmisinin sağ tərəfdən onlara yaxınlaşdığını müşahidə edib. Gəmi heyətinin türk tərəfi ilə əlaqəyə çıxmaq cəhdləri baş tutmayıb. 600 metr məsafədə ruslar Türkiyə gəmisinə atəş açacaqları barədə xəbərdarlıq edib. Məhz bundan sonra Türkiyə gəmisi kursu dəyişdirib.

Türkiyənin Moskvadakı hərbi attaşesi təcili olaraq Rusiya Müdafiə Nazirliyinə çağırılıb.

Bu gün isə bənzər hadisə Qara dənizdə baş verib. Türkiyə bayrağı daşıyan ticarət gəmisi Qara dənizdəki rus hərbi gəmisindən edilən xəbərdarlıq atəşi ilə istiqamətini dəyişməyə məcbur olub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm