Ukrayna və Rusiya “tranzit müharibəsi”nə başladı
Bizi izləyin

Dünya

Ukrayna və Rusiya “tranzit müharibəsi”nə başladı

Rusiya və Ukraynanın əraziləri üzrə yük maşınlarının tranziti ətrafında münaqişə dövlətlərarası xarakter alıb.

Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, Ukrayna hökuməti ölkə ərazisi ilə Rusiya qeydiyyatında olan yük maşınlarının hərəkətinin dayandırılmasına dair qərar qəbul edib.

Qərar Nazirlər Kabinetinin bu keçirilən müşavirəsində qəbul edilib. İnfrastruktur və Xarici İşlər Nazirlikləri qərarın icrası üzrə müvafiq ölçülər qəbul edəcək.

Dünən isə Rusiya hakimiyyəti Ukrayna qeydiyyatında olan böyük yük avtomobillərinin federasiya ərazisində hərəkətini dayandırıb. Bildirilib ki, bu tədbir Ukrayna ərazisində Rusiya yük maşınlarının qanunsuz olaraq əngəllənməsi ilə bağlı vəziyyət aradan qaldırılana qədər davam etdiriləcək.

Qeyd olunub ki, "bir qrup şəxs" fevralın 11-dən etibarən Ukrayna ərazisindən tranzit kimi istifadə edən Rusiya yük avtomobillərinin hərəkətinə qanunsuz olaraq mane olur. Rusiya Nəqliyyat Nazirliyi bəyan edib ki, Ukrayna yük maşınlarının hərəkətinin dayandırılması buna cavab tədbiridir. İdarənin məlumatına görə, Ukraynanın müxtəlif vilayətlərində Rusiyaya məxsus yüzdən çox yük maşını dayandırılıb, 500-dən çox yük maşını isə Avropa İttifaqı ölkələrindən Rusiyaya gəlmək üçün Ukrayna ərazisinə daxil ola bilmir.

Ukrayna ərazisindən tranzit kimi istifadə edən Rusiya yük avtomobillərinin hərəkətinə müdaxilələr Zakarpatye vilayətində başlayıb. Fevralın 13-də onlara Lvov və Jitomirsk vilayətlərinin sakinləri qoşulub.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, Rusiya Nəqliyyat Nazirliyi Ukraynada saxlanılan yük avtomobillərin buraxılması üçün bütün lazımı addımlar atır. Onun sözlərinə görə, əgər məsələni danışıqlar yolu ilə nizama salmaq mümkün olmasa, adekvat cavab addımları atılacaq.

“Infranews” tədqiqat agentliyinin başçısı Aleksey Bezborodov bildirib ki, Polşa və Ukrayna tərəfindən blokada mövcuddursa, Rusiya faktiki olaraq çarəsiz vəziyyətdədir. “Çünki Baltikyanı ölkələrdə bərə keçidləri vasitəsilə qiymətlər iki dəfə bahadır. Bundan sonra avtomobil nəqliyyatı ilə yükdaşımanın iqtisadi əhəmiyyəti yoxdur”, - o, deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm