Obama Quantanamo həbsxanası üçün təklif verdi - DETALLAR
Bizi izləyin

Dünya

Obama Quantanamo həbsxanası üçün təklif verdi - DETALLAR

ABŞ prezidenti Barak Obama Kubadakı Quantanamo hərbi bazasında yerləşən həbsxananın bağlanması üzrə yeni təklifləri təqdim edib.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, Obama Konqresi növbəti dəfə həbsxananı bağlamağa çağırıb.

Obama hələ 2007-ci ildə prezidentliyə namizəd kimi həbsxananı bağlayacağına söz verib. Lakin o, iki dönəm prezident olmasına baxmayaraq, Quantanamo hələ də fəaliyyət göstərir. ABŞ prezidentinin sözlərinə görə, Quantanamonu bir problem olaraq ölkənin növbəti prezidentinə miras qoymaq istəmir.

“İllər boyunca aydın idi ki, Quantanamo bizim milli təhlükəsizlik maraqlarımıza cavab vermir”, - Obama deyib.

Onun sözlərinə görə, həbsxananın saxlanılması ABŞ-a ildə 400 milyon dollara başa gəlir.

Dövlət başçısı təxminən 35 məhbusun xaricə, qalan hissəsinin isə ABŞ ərazisinə köçürülməsini təklif edib. Hazırda həbsxanada 91 məhbus var. Planın ən çətin hissəsi məhbusların ABŞ-a köçürülməsidir.

“Biz Birləşmiş Ştatlarda təhlükəsiz yeri tapmaq üçün Konqreslə müzakirələri davam etdirəcəyik”, - prezident söyləyib.

O, etiraf edib ki, plan Konqresdə müxtəlif çağırışlarla qarşılaşacaq. Obama hesab edib ki, məhbuslar ABŞ ərazisində yerləşdirilərsə, bundan ölkənin təhlükəsizliyi zərər çəkməyəcək.

Konqresin hər iki palatasına nəzarət edən respublikaçılar demokrat Obamanın təklifini hələ şərh etməyiblər. Ancaq gözlənilir ki, respublikaçılar Obamaya seçicilərə verdiyi əsas vədi yerinə yetirməyə mane olmağa cəhd edəcək.

Quantanamo həbsxanası 2002-ci ildən işləyir. Burada məhbusların maksimal sayı 800 nəfər təşkil edib. Onlardan ən azı 7 məhbus ölüb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm