İŞİD-in ən böyük tədqiqat mərkəzi – terror buradan yayılır
Bizi izləyin

Dünya

İŞİD-in ən böyük tədqiqat mərkəzi – terror buradan yayılır

İraqın Mosul Universitetinin laboratoriyalarından istifadə İŞİD terrorçularına ölkə ərazisində terror aktlarını həyata keçirməyə imkan verib.

Publika.az xəbər verir ki, “Wall Street Journal” nəşrinə iraqlı general, partlayıcı maddələr üzrə hərbi mütəxəssis Hətəm Maqsusi bildirib.

Onun sözlərinə görə, Mosul Universitetinin laboratoriyalarından istifadə İŞİD-ə ölkə ərazisində terror aktları həyata keçirməyə imkan verməklə yanaşı, həm də döyüşçülərə partlayıcı maddələr üzrə təlim keçmək imkanı verib. General hesab edir ki, həmin döyüşçülər daha sonra öz ölkələrinə yola salınacaq və öz bacarıqlarını vətənlərində tətbiq edə biləcəklər.

Nəşr Amerika və İraq hərbi mənbələrinə istinadən bildirir ki, döyüşçülər universitetdə peroksid bombaları və “kamikadze kəmərləri” istehsal edirdilər. Onlardan isə Brüssel və Parisdəki terror aktlarında istifadə olunub. General Maqsusi qeyd edir ki, peroksid bombaları “İblisin resepti” adlanır, çünki onları aşkar etmək çox çətindir və bu partlayıcı maddələrdən istifadə çox zaman ölümcül nəticələrə gətirib çıxarır. Onun sözlərinə görə, Mosul Universiteti dünyada İŞİD-in ən yaxşı tədqiqat mərkəzidir.

Qəzet yazır ki, universitetin laboratoriyaları 2014-cü ildə Mosulun tutulmasından sonra İŞİD-in əsas qənimətlərindən biri olub. 2015-ci ilin martına onlarla mühəndis və alim təhsil müəssisəsinin laboratoriyalarında İŞİD üçün tədqiqat mərkəzi yaradıb.

“Wall Street Journal”ın məlumatına görə, martın 19-da universitetin binası aviazərbələrə məruz qalıb.

Qeyd edək ki, İrqanın ən böyük ikinci şəhəri olan Mosul 2014-cü ilin iyununda İraq ordusu tərəfindən döyüşsüz İŞİD-ə təhvil verilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm