• USD 1,7000 0,00% EUR 2,0193 0,00%
    • GBP 2,3709 0,00% RUB 0,0232 0,00%

Putin əraziləri güzəşt edəcəkmi? - Problemin həlli 2019-cu ilə qaldı

  • Dünya
  • 9 Yanvar 2018 13:16
  • 1 223 Baxış
Putin əraziləri güzəşt edəcəkmi? - Problemin həlli 2019-cu ilə qaldı

Tokio 2019-cu ilin mayında çoxillik ərazi mübahisəsində irəliləyişə nail olmaq ümidilə Rusiya prezidenti Vladimir Putini Yaponiyaya dəvət etmək imkanına baxır.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda Yaponiya hökumətindəki mənbələr bildirib.

Görünür, yaponlar Putinin 2018-ci ilin martında keçiriləcək seçkilərdə qələbə qazanacağına şübhə etmirlər. Putin sonuncu dəfə 2016-cı ilin dekabrında Yaponiyaya baş çəkib. Kuril adalarının (Moskva bu əraziləri Cənubi Kuril, Tokio isə Yaponiyanın şimalı adlandırır - red.) taleyi üzrə mübahisənin həlli baxımından səfər potensial dönüş anı kimi qiymətləndirilirdi, ancaq danışıqlar hansısa əhəmiyyətli dəyişikliklərə gətirib çıxarmayıb.

Yapon hökumətində mənbələrə görə, Tokio hesab edir ki, ərazi məsələsini Putinin hakimiyyətdə olduğu və ölkə daxilində sabitliyin təmin edildiyi bir vaxtda həll etmək lazımdır.

Putinin son səfərinin gedişatında liderlər mübahisəli adalarda birgə iqtisadi layihələrin həyata keçirilməsi haqqında danışıqlara başlamağa razılaşıblar.

Qeyd edək ki, Yaponiya 1855-ci il tarixli ticarət və sərhədlər barədə ikitərəfli traktatı əsas tutaraq, İturup, Kunaşir, Şikotan və Habomai adalarına iddia edir.

Rəsmi Tokio adaların qaytarılmasını Rusiya ilə sülh anlaşmasının bağlanmasının şərti olaraq qoyub. Rəsmi Moskva isə bildirir ki, Cənubi Kuril adaları II Dünya müharibəsinin nəticəsi olaraq SSRİ-nin tərkibinə daxil edilib və onların üzərində Rusiyanın suverenliyi heç bir şübhə doğurmur.

Rusiya prezidenti Vladimir Putin 2016-cı ilin dekabrında Yaponiyaya səfər öncəsi bu ölkənin “Nippon” televiziya şirkəti və “İomiuri” qəzetinə müsahibəsində Moskvanın Tokio ilə ərazi probleminin olmadığını deyib.

“Yaponiya hesab edir ki, onun Rusiya ilə ərazi problemləri var. Biz bu məsələdə danışmağa hazırıq. Yaponiyanın baş naziri Sindzo Abe dörd ada haqqında məsələni qoyur. Deməli, biz artıq 1956-cı il razılaşmasının çərçivələrindən çıxırıq. Bu, tamamilə başqa vəziyyətdir və başqa məsələnin qoyuluşudur”, - deyə Putin bildirb.

Vladimir Putin 2017-ci ilin iyununda Sankt-Peterburq beynəlxalq iqtisadi forumu çərçivəsində beynəlxalq informasiya agentliklərinin rəhbərləri ilə görüşündə isə maraqlı bir fikir səsləndirib. Onun sözlərinə görə, Kuril adaları Yaponiyaya verilsəydi, orada Amerika qoşunlarının yerləşdrilməsi imkanı yaranardı”.

Rusiya prezidenti qeyd edib ki, bu, “müqavilələr və imzalanmış protokollar”da əksini tapmışdı.

“Onları bizə göstərmirlər, amma biz bütovlükdə onların məzmununu bilirik. Mən indi detalları açıqlamayacağam, hərçənd bu detallar mənə məlumdur. Amma Amerika qoşunlarının bu ərazilərdə yerləşdirmə imkanı var”, - Putin deyib.

Adalarda keçirilən son ictimai sorğular isə maraqlı bir nəticə ortaya çıxarıb. Burada yaşayan rusların çoxu belə adaların Yaponiyaya verilməsini istəyirlər.

Rusiyanın keçmiş prezidenti Boris Yeltsin 1997-ci ildə adaların Yaponiyaya geri qaytarılmasına razılıq verib. İddialara görə, 1996-1997-ci illərdə Yaponiya baş naziri Hoşimotonun Moskva səfərində Yeltsin adaların qarşılığında Yaponiyadan 30 milyard dollar istəyib. Lakin Yaponiya tərəfi bu pulun çox olduğunu bildirib.

2000-ci ildə 3 günlük Yaponiya səfərində Vladimir Putin belə bir bəyanat verib: “Rusiya hökumətindən adaların Yaponiyaya veriləcəyinə dair bir söz belə eşitmisinizmi? Biz sadəcə danışıqlar aparırıq”.

Yaponiyanın keçmiş baş naziri İosiro Mori isə 2004-cü il martında Putinlə görüşündə Kuril adalarının Yaponiyaya qismən qaytarılması mövzusunda müəyyən anlaşma əldə etdiklərini açıqlayıb. Kuril adaları üzərindəki mübarizənin isə 2 səbəbinin olduğu qeyd edilir: siyasi və iqtisadi. Qarşılıqlı bəyanatlar və danışıqlar isə onu göstərir ki, bu problem hələ uzun müddət iki ölkə arasında həll olunmamış qalacaq. Baxmayaraq ki, 1956-ci ildə SSRİ adalardan ikisini Yaponiyaya vermək istəyib, amma bu cəhd ABŞ-ın təzyiqi nəticəsində uğursuzluqla nəticələnib. Bu təzyiqin səbəbi isə Yaponiya-Rusiya münasibətlərində ola biləcək yaxınlaşmaya maneçilik törətmək olub.

Ömər Dağlı

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR