Vatikanın Azərbaycan maraqları...
Bizi izləyin

Dünya

Vatikanın Azərbaycan maraqları...

Vatikan kitabxanasında araşdırma aparmış Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzüli adına Əlyazmalar İnstitutunun tərcümə və informasiya şöbəsinin müdiri Fərid Ələkbərli Publika.Az-a müsahibə verib.


-Fərid bəy, ötən il Vatikan kitabxanasına səfəriniz baş tutdu. Deyəsən, bu, dövlətlərarası razılaşma müqaviləsindən sonra alındı...

- Bəli. Azərbaycan mədəni əməkdaşlıq sahəsində Vatikanla saziş bağlayıb. Azərbaycan hökuməti və Heydər Əliyev Fondu bu sahədə böyük işlər görür. Mənim Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə Vatikana səfərim bu çərçivədə baş tutdu.

-Vatikan kitabxanası haqqında ilk təəssüratlarınız necədir?

- Çox möhtəşəm kitabxanalardır. Orada işləmək üçün gözəl şərait, ən yeni avadanlıqlar var. Kitabxana əməkdaşları da çox diqqətlidirlər, tədqiqatçılara hər cür kömək edirlər.

-Məşhur və qədim kitabxanada sizi daha çox hansı sənədlər heyrətləndirdi?

- İki kitabxanada işlədim: Vatikan Apostol Kitabxanasında və Məxfi Arxivdə. Apostol kitabxanasında 60-dan çox orta əsr Azərbaycan əlyazmalarını tapdım. Onların surətlərini Bakıya gətirdim. Məxfi Arxivlərdə isə 700-dən çox sənəd araşdırıldı və nəticədə Azərbaycan tarixinə aid yüzlərlə sənəd aşkar olundu.

Onların arasında Qafqaz Albaniyasına aid 4 sənəd də var. Bu sənədlər italyan, latın, yunan, fransız, ərəb, fars, türk, monqol, erməni dillərindədir. Tədqiqatlar nəticəsində aşkar olunmuş əsərlər X-XX əsrləri, yəni Azərbaycan tarixinin minillik dövrünü əhatə edir. Sənədlər arasında orta əsr Azərbaycan hökmdarlarının - Elxani, Səfəvi, Əfşar, Qacarın Roma papaları ilə məxfi yazışmalarını əks etdirən məktublar əsas yer tutur.

Başqa sənədlər Vatıkan kilsəsinin Azərbaycanda apardığı dini fəaliyyət və təbliğatla bağlıdır. Ezamiyyət zamanı Məxfi Arxivlərin və Apopstol kitabxanasının, eləcə də Neapol Universitetinin əməkdaşları ilə görüşlər keçirildi və gələcək əməkdaşlığın yolları müzakirə edildi.

- Vatikandakı qədim əlyazmalarda və ölkəmizlə bağlı sənədlərdə, məktublarda Azərbaycanın keçmişi necə görünürdü?

-Məxfi Arxivin sənədlərində Azərbaycanın keçmişindən söhbət gedir. Roma papalarının Azərbaycan hökmdarlarına, Ağqoyunlulara, Səfəvilərə və başqalarına göndərdikləri məktublar, Azərbaycana göndərilmiş missionrerlərin hesabatları və sair sənədlər var. Burada Azərbaycan möhtəşəm və varlı ölkə kimi təsvir olunur.

Çox vaxt soruşurlar: “Ağqoyunluları, Səfəviləri Azərbaycan dövlətləri saymaq olarmı? Axı onlar orta əsr mənbələrində İran (Persia) kimi göstərilir?”. Tarixşünaslığımızda kifayət qədər araşdırılmayan məsələ “Azərbaycan dövləti” anlamının mahiyyəti və kriteriyalarıdır. Yəni, məsələn, orta əsrlərdə və qədimdə mövcud olmuş hansı dövlətlərə Azərbaycan dövləti demək olar, hansılarına yox?

Məsələnin mürəkkəbliyi ondan ibarətdir ki, rəsmi halda “Azərbaycan Cümhuriyyəti” adını daşıyan ilk dövlət 1918-ci ilin 28 may tarixində elan olunub, ondan əvvəl Azərbaycan ərazisində mövcud olmuş dövlətlər isə adətən başqa adlar daşıyıb – Manna, Midiya, Alban, Şirvan, Eldənizlər, Elxanlər, Səfəvilər...

Buna baxmayaraq, Azərbaycan ərazisində dövlətçiliyin qədim kökləri var. Bu və ya digər dövlətin “Azərbaycan” dövlətləri sırasına aid edilməsinin iki kriteriyasi ola bilər: ya bu dövlət hazırda “Azərbaycan” adlandırdığımız (Şimali və Cənubi Azərbaycan) tarixi-coğrafi ərazidə mövcud olsun, ya da bu dövlət sırf azəri türkləri tərəfindən yaradılsın və idarə edilsin.

Onu da qeyd etmək lazımdır ki, qədim yunan dövründən başlayaraq, avropalılar müasir İranın və Azərbaycanın müəyyən ərazisini “Persia” adlandırıblar. Bu sözü daha çox milli anlayış kimi deyil, sadəcə yer adı, coğrafi ad kimi istifadə ediblər.
Əslində isə avropalıların “Persia” adlandırdıqları ərazi XI əsrdən XX əsrə qədər türk, o cümlədən Azərbaycan türk sülalələri - Eldənizlər, Ağqoyunlular, Qaraqoyunlular, Səfəvilər, Əfşarlar, Qacarlar tərəfindən idarə olunurdu. Ona görə Avropalıların “Persia” adlandırdıqları Səfəvi dövləti müasir Azərbaycanın və müasir İranın müştərək siyası irsi sayıla bilər.

Ümumiyyətlə, Azərbaycan və İranın tarixi və mədəniyyəti bir-birinə o qədər sıx bağlıdır ki, İranın hansı yerdə qurtarıb Azərbaycanın harada başlamasını çox vaxt ayırd etmək çətindir. Bu gün “İran” və “Azərbaycan” adlandırılan ərazilər orta əsrlər zamanı avropalılar tərəfindən səhvən və ya bilərəkdən “Persia” adlandırılırdı. Əslində, onlar Azərbaycan türk sülalələri tərəfindən qurulmuş və türklər tərəfindən idarə olunmuş dövlətlər idi.

-Adını bilmədiyimiz alimlərimizin Vatikanda kitablarını gördüyünüzü demişdiz. Onlar haqqında məlumat verə bilərsizmi?

-Vatikan Apostol Kitabxanasında 400-dən çox qədim əlyazma əsəri tədqiqata cəlb olundu. Həmin kitabxanada orta əsr Azərbaycan müəlliflərinə məxsus 60 qədim əlyazma əsərləri aşkar edildi. Bunlar Azərbaycan (türk), fars, ərəb dillərində olan orta əsr əlyazma kitablarıdır.

Onların arasında həm məşhur Azərbaycan müəlliflərinin - Nizaminin, Füzulinin, Nəsiminin, Şəbüstərinin, Sührəvərdinin, həm də indiyə qədər məlum olmamış və yaxud az tanınmış orta əsr Azərbaycan müəlliflərinin əsərləri var: Əbdül-Məcid Şirvani. “Kitabi-Sihri”; Əbdül-Vəhhab Zəncani. Əhməd bin Məhəmməd əl-Hillinin ərəb qrammatikasına aid əsərinin şərhi; Cəlaləddin ət-Təbrizi. “Həvvas əl-əsma əl-Hüsna”; Əhməd bin Məhəmməd bin Əli Şirvani. “Nəfhatül-Yaman fi ma yazül bi-Zikrihi əş-Şəcən”; Əbül-Əbbas Əhməd bin Yusif əd-Diməşqi əl-Qaramani “Əhbar əd-Düval və Ətarül-üval”; İbrahim bin Əbdüssəlam əz-Zəncani əl-İmam əl-Müəzzəm. “Şərh ət-Təşrif əl-İzzi”; Əbu ət-Təna Mahmud bin Əhməd bin Mahmud bin Bəxtiyar əz-Zəncani; “Müxtəsərüs-Səhah fil-Lüğət” (“Tənqihüs-Səhah”); Məhəmməd bin Mahmud bin əl-Həci əş-Şirvani. Rəvzat əl-Ətrlian Yərtad əl-Əttar.

-Sizcə, Roma Papasını yurdumuzda ilgiləndirən nə idi ki, buralara elçilərini, missionerlər göndərirdi?

-Roma papaları öz elçilərini və missionerləri təkcə Azərbaycana yox, dünyanın hər yerinə göndərirdilər. Məqsəd katolik məzhəbini yaymaq, bu bu istiqamətdə iş aparmaq üçün yerli şəraiti öyrənmək idi.

Bundan başqa, Ağqoyunlu və Səfəvilərin Osmanlılarla müharibələri zamanı Vatikan Azərbaycan dövlətlərini və hökmdarlarını öz tərəfinə çəkməyə çalışırdı. İtaliya tacirlərinin İpək Yolunda yerləşən Azərbaycanla əməkdaşlıqda da böyük maraqları var idi. Ona görə də, səyyah və elçi adı ilə Azərbaycana gələn qərblilərin arasında təkçə Vatikan missionerləri deyil, Venesiya Respublikasının və Genuyanın nümayəndələri də olurdu.

Məşhur səyyah Marko Polo yazırdı ki, Azərbaycandan, xüsusən də Şirvandan, İtaliyaya külli miqdarda xam ipək və başqa mallar idxal olunurdu. Genuyalı və venesiyalı tacirlərin Azərbaycanda öz ticarət mərkəzləri var idi.

- Vatikan kitabxanasında aparılmış araşdırmalar və gətirilən sənədlər ölkəmizin taleyində hansı rolu oynayacaq?

-Kitabxanada çalışarkən orada 60-dan çox orta əsr Azərbaycan əlyazması aşkar edə bilmişəm. O əlyazmaların siyahısı tərtib olunub və Vatikan rəhbərliyinə “Azərbaycan əlyazmaları” adı ilə təqdim edilib. Bu əlyazmaların bəzilərinin bərpaya ehtiyacı vardı. Heydər Əliyev Fondu əlyazmaların bərpası üçün Vatikana xeyli vəsait köçürdü. Artıq kitabların restavrasiyası, bərpası sona çatır.

Müsbət hal odur ki, bundan əvvəl Vatikan bütün bu kitabları ərəb-fars-türk əlyazmaları kimi tanıyırdısa, bu gün “Azərbaycan əlyazmaları” kimi tanındı. Aşkarlanmış sənədlər Azərbaycan tarixinə yeni baxışı da ortaya qoyacaq.

Arzu Abdulla
Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm