Ordu şimala göndərildi: Ayılarla müharibə başladı
Bizi izləyin

Dünya

Ordu şimala göndərildi: Ayılarla müharibə başladı

Son zamanlar Yaponiyanın şimalında yerli sakinlərlə qonur və Himalay ayıları arasında rastlaşmalar getdikcə tez-tez baş verir və bəzən ölümlə nəticələnir.

Publika.az “ABC News”a istinadla xəbər verir ki, bu qarşılaşmalar qış yuxusu mövsümünə qədər, ayıların aktiv şəkildə qida axtarmağa başladığı bir vaxtda artıb.

Yerli sakinlər məktəblərin, qatar stansiyalarının, supermarketlərin və isti bulaqların yaxınlığında ayı görüblər.

Ətraf Mühit Nazirliyinin məlumatına görə, oktyabrın sonunadək Yaponiyada ayı hücumları nəticəsində 100-dən çox insan yaralanıb, onlardan 12-si ölüb.

Yaponiya hökuməti hesab edir ki, ölkədə ayıların ümumi sayı 54 min fərddən çoxdur.

Bunda görə də problemi həll etmək üçün prosesə ordu cəlb edilib. Akita prefekturası və Müdafiə Nazirliyi əsgərlərin yerləşdirilməsi ilə bağlı müqavilə imzalayıb. Əsgərlər yemək olan tələlər quracaq, yerli ovçuları müşayiət edəcək və ölü heyvanların atılmasına kömək edəcəklər. Rəsmilər onu da əlavə edib ki, əsgərlər ayı ovu ilə birbaşa məşğul olmayacaqlar.

Nazirlər Kabinetinin Baş Katibinin müavini Fumitoshi Sato deyib: "Ayılar hər gün bölgədəki yaşayış məntəqələrini zəbt edir və onların təsiri artır. Ayı probleminə cavab vermək təcili məsələdir".

Əməliyyat ən çox ayı qarşılaşmasının qeydə alındığı Kazuno şəhərinin meşəlik ərazisində başlayıb. Artıq əsgərlər meyvə bağlarında ayı tələləri qurublar.

Akita prefekturasında may ayından bəri ayılar 50-dən çox insana hücum edib, 4 nəfər ölüb. Mütəxəssislər hücumların əksəriyyətinin yaşayış məntəqələrində baş verdiyini bildirirlər.

Ötən həftə sonu Yuzava şəhərində meşədə göbələk yığan yaşlı qadın ölü tapılıb. Daha bir qadın isə oktyabrın sonlarında fermada işləyərkən ayının caynaqlarında ölüb. Bir neçə gün əvvəl qəzet çatdıran şəxs hücuma məruz qalıb və yaralanıb.

Noyabrın 5-də Akita şəhərinin sakini öz bağında yetişmiş xurma ilə yemək yeyən iki ayı görüb. Ayılar təxminən 30 dəqiqə yerli sakinin həyətində dolaşarkən qadın özünü evə qapadıb.

Xurma və ya şabalıd ağacları olan tərk edilmiş məhəllələr və əkin sahələri çox vaxt ayıları yaşayış məntəqələrinə cəlb edir. Mütəxəssislər deyirlər ki, ayılar yemək tapdıqları yerlərə təkrar-təkrar qayıdırlar.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm