Azərbaycanın 7 il məxfi saxlanılan əməliyyatı – Ermənistan hələ də şokdadır
Bizi izləyin

Nida Təhlil

Azərbaycanın 7 il məxfi saxlanılan əməliyyatı – Ermənistan hələ də şokdadır

Bakıda Vətən müharibəsinin 5-ci ildönümünə həsr olunmuş Zəfər paradının keçirildiyi vaxt 44 günlük müharibədə məğlub olan Ermənistanda siyasi gündəmi qarşılıqlı ittihamlar təşkil edir.

Keçmiş prezident Serj Sarkisyan bildirib ki, o, müharibənin ilk saatlarında hava hücumundan müdafiə (HHM) vasitələrinin yarısının necə itirildiyini anlamır.

Nikol Paşinyanda cavabında deyib ki, günah Sarkisyan da başda olmaqla keçmiş hakimiyyətdədir: “Aldığınız HHM sistemi dəmir-dümür yığını, sözün əsl mənasında metal tullantısı idi. Müttəfiqlər də bu sistemləri yeniləmək üçün etdiyimiz müraciətlərə cavab olaraq bizə “üç barmaq kombinasiyası” göstərirdilər”.

Keçmiş və indiki hakimiyyəti bir-birini ittiham etsə də, müharibənin ilk günlərində Ermənistanın HHM sistemlərinin yarısından çoxunun sıradan çıxmasının gerçək səbəbi Azərbaycan ordusunun dünyanın hərb tarixinə yenilik kimi düşən “Kukruznik əməliyyatı” idi.

Bu haqda daha öncə də yazmışıq: naviqasiya sistemləri ilə təchiz edilmiş və pilotsuz təyyarəyə çevirmiş “Kukruznik”lər aşağı hündürlükdə uçur, onları vuran Ermənistan hava hücumundan müdafiə sistemləri yerlərini bəlli edir və PUA-larla məhv edilirdilər. Müharibədən sonra məlum oldu ki, “Kukruznik” taktikası 2013-cü ildə hazırlanıb, 7 il məxfi saxlanılan bu taktika nəticəsində müharibənin ilk günündə Ermənistanın HHM vasitələrinin 60 faizi məhv edilib. Amerikalı mütəxəssislər bu taktikanı Vyetnam müharibəsində istifadə olunan “Yırtıcı Veals” (Wild Weasel) və ya “Ovçu-Qatil” (Hunter-Killer) konsepsiyalarına bənzədirlər.

Bunun necə baş verdiyini nəinki Sarkisyan, yaxud Ermənistan, bütün dünya anlamadı. Bu gün Azadlıq meydanında parad yürüşünə çıxan Zəfər ordusunun 44 günlük müharibədə həyata keçirdiyi əməliyyatlar dünyanın hərbi nəzəriyyələrini dəyişdirdi.

Şuşa əməliyyatı: yüngül silahlarla - bıçaq və tapança ilə silahlanmış hərbçilərin qayalara dırmaşaraq şəhəri azad etməsi hərbi mütəxəssislər tərəfindən müasir hərb elminin prinsiplərinin alt-üst edilməsi kimi qiymətləndirilir. Misal üçün, israilli jurnalist Pyotr Lyukimson yazırdı ki, “İsrail ordusu indiyə qədər bu əməliyyatın təfərrüatını bilmir. İsrail Müdafiə Nazirliyindəki yüksək rütbəli mənbə mənə belə dedi: “Şuşa aşağıdan yuxarıya doğru azad olundu və bu, müasir hərb elminin bütün prinsiplərinə ziddir”.

Aypara taktikası: bu, qədim türk hərbi taktikasının müasir hərbə transformasiya edilməsi, düşməni çəmbərə alaraq, məhv edilməsi ilə nəticələndi.

Dron müharibəsi: müharibədə PUA-ların uğurla tətbiqi ağır hərbi texnikaların işə yaramadığını ortaya çıxardı və hava hücumundan müdafiə strategiyasına yenidən baxmağı şərtləndirdi.

Amerikalı mütəxəssislər “Birləşmiş Ştatların ordusu Qarabağ müharibəsindən nə öyrənə bilər” istiqamətində araşdırmalar aparıb. Derek Valtonun (Derek Walton - ABŞ ordusunun aviasiya zabiti, C-sUAS strategiyasının müəllifi), Kendall Qomberin (Kendall Gomber - ABŞ ordusunun kəşfiyyat zabiti), Metyu Ceymson (Matthew Jamison - ABŞ Hərbi Hava Qüvvələrinin zabiti) və Nikol Tomasın (Nicole Thomas - ABŞ ordusunun mülki əməkdaşı, PUA-lara qarşı mübarizə idarəsində strategiya və siyasət şöbəsinin rəhbəri) Azərbaycan Ordusunun 44 günlük müharibə təcrübəsinə əsaslanaraq, ABŞ ordusu üçün hazırladıqları strategiyası bu kontekstdə xüsusilə əhəmiyyətlidir. Almaniya ordusu (Bundesver) da Azərbaycan Ordusunun müharibə təcrübəsini öyrənib. Almaniyanın Hərbi və Strateji Araşdırmalar İnstitutunun müasir müharibə və yeni texnologiyalar üzrə mütəxəssisi, polkovnik-leytenant Mixael Karl bildirirdi ki, Bundesver hazırda Azərbaycanın Qarabağda tətbiq etdiyi əməliyyat üsulları qarşısında müdafiəsiz vəziyyətdə qala bilər. Buna görə o, Almaniya ordusunun gələcək strategiyasını bu təcrübəyə əsasən müəyyən etməsini tövsiyə edib.

Azərbaycan 44 günlük müharibə ilə XXI əsrin hərb tarixinə öz damğasını vurub.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm