Dünya
Çoxdan gözlənilən proqnoz açıqlandı: 2026-cı ildə dünyanı nələr gözləyir?
Hər ilin sonunda növbəti ilə dair proqnozlarını dərc edən “The Economist” jurnalı bu dəfə də ənənəsinə sadiq qalaraq 2026-cı ildə baş verə biləcək hadisələri əhatə edən yeni seriyasını yayımlayıb.
Publika.az xəbər verir ki, jurnal həmin dövrü təsvir etmək üçün “Trumpnado” (Trump qasırğası) adlandırdığı yeni termindən istifadə edib.
“Bu, ABŞ prezidenti Donald Trampın dünyasıdır, biz isə yalnız onun içindən keçməyə çalışırıq”, - jurnalın redaktoru Tom Standage bildirib.
Proqnoza görə, ABŞ yaranmasının 250-ci ildönümünə yaxınlaşarkən ölkədə siyasi qütbləşmə tarixdə görünməmiş səviyyəyə çatıb. Respublikaçılar və Demokratlar ölkənin keçmişi barədə tamamilə fərqli hekayələr təqdim edirlər. 2026-cı ilin noyabrında keçiriləcək ara seçkilər isə yalnız seçki qutusu uğrunda mübarizə olmayacaq, həm də ölkənin gələcək vizyonunun necə formalaşacağına yön verəcək.
Ekspertlər hesab edir ki, Demokratlar Nümayəndələr Palatasında üstünlük qazansalar belə, Trampın idarəetmə tərzi, tarif maneələri, sərt bəyanatlar və icra sərəncamlarının ardıcıl tətbiqi səngimədən davam edəcək.
![]()
Yeni bir Soyuq Müharibə, yoxsa siyasi qarşılıqlı razılaşma?
Bəzi analitiklər dünyanın ABŞ və Çinin rəhbərlik etdiyi iki qütb arasında şiddətli rəqabətə sürükləndiyini düşünür. Digərləri isə Trampın intuisiya yönümlü diplomatiyasının dünyanı ABŞ, Rusiya və Çin təsir dairələri arasında böləcəyini iddia edir. Lakin “The Economist” bu iki yanaşmanı öz proqnozları üçün kifayət qədər səthi hesab edir. Jurnalın qiymətləndirməsinə görə, Tramp geniş strateji planlardan çox ani mənfəət hesablamalarına və şəxsən apardığı danışıqlara üstünlük verir. Bu isə köhnə qaydalara əsaslanan qlobal nizamın sürətlə dağılmasına gətirib çıxaracaq. Onun yerini isə qısaömürlü, məqsədyönlü və çevik “könüllülər koalisiyaları” adlanan yeni ittifaqlar tutacaq.
Müharibə və sülh arasında incə bir duman pərdəsi
Proqnozlara əsasən, 2026-cı ildə dünya müharibə ilə sülh arasındakı sərhədin daha da bulanıqlaşacağı bir mərhələyə qədəm qoyacaq. Qəzzada atəşkəsin qorunacağı ehtimal olunur, lakin Ukrayna, Sudan və Myanmada münaqişələrin davam etməsi gözlənilir.
Rusiya və Çinin “boz zona” fəaliyyəti (açıq müharibə həddinə çatmayan, amma təzyiq və təxribat xarakteri daşıyan addımları - red) ABŞ-ın Baltik sahillərindən tutmuş Cənubi Çin dənizinədək bütün müttəfiqləri ilə əlaqələrini ciddi şəkildə sınayacaq. Gərginlik yalnız quruda və dənizdə deyil, həm də Arktikanın buzla örtülü zonasında, kosmik orbitdə, dəniz dibində və kiber məkanın qaranlıq sferasında artmaqda davam edəcək.

Avropa üçün zaman daralır
2026-cı il proqnozlarına görə, Avropa uzun illərdir rastlaşmadığı qədər ciddi bir sınaqla üz-üzə qalacaq. Qitə müdafiə xərclərini artırmalı, ABŞ-la strateji münasibətləri qoruyub saxlamalı, eyni zamanda iqtisadi artımı gücləndirməli və sürətlə böyüyən büdcə kəsirlərini cilovlamalıdır.
Sərt qənaət tədbirlərinin ifrat sağçı qüvvələri daha da gücləndirə biləcəyi ehtimalı Brüsseldə narahatlıq yaradır. Yaşıl transformasiya, azad ticarət və müdafiə investisiyalarını eyni vaxtda həyata keçirmək Avropanın imkanlarını həddindən artıq yükləyə bilər. “The Economist”in qiymətləndirməsinə görə, müdafiə xərclərinin artırılması müəyyən qədər iqtisadi artımı stimullaşdıra bilər, lakin bu, qitənin problemlərinə davamlı həll vəd etmir.
Çin xaos fonunda səssiz şəkildə güclənir
Deflyasiya, zəif iqtisadi dinamika və həddindən artıq istehsal kimi daxili struktur problemləri ilə mübarizə aparan Çin, buna baxmayaraq, Trampın “Öncə Amerika” siyasətinin yaratdığı geosiyasi boşluqdan istifadə etməyə hazırlaşır. Proqnozlara əsasən, Pekin xüsusilə qlobal cənub ölkələrində ticarət razılaşmalarını sürətləndirməyə çalışacaq və özünü “daha etibarlı və sabit tərəfdaş” kimi təqdim edəcək. Çinin əsas məqsədi münasibətləri münaqişə müstəvisindən uzaqlaşdırmaq və onları daha çox kommersiya çərçivəsinə yönəltməkdir.

Yeni FED sədri bazarların taleyini müəyyən edə bilər
Amerika iqtisadiyyatı Trampın tariflərinə gözləniləndən daha dayanıqlı reaksiya versə də, qlobal artıma təzyiqin güclənəcəyi proqnozlaşdırılır. Zəngin ölkələrin borc yükü kritik həddə yaxınlaşdığı bir vaxtda, may ayında Cerom Pauellin yerinə təyin olunacaq yeni FED sədrinin qlobal bazarların gələcəyində həlledici rol oynaya biləcəyi bildirilir. Əgər FED-in qərarları siyasi təsir altına düşərsə, qlobal maliyyə sistemi kəskin və dağıdıcı bir münaqişə ilə üzləşə bilər.
Süni intellektin təsiri necə olacaq?
ABŞ-da süni intellekt infrastrukturu üçün ayrılan böyük investisiyalar hələlik iqtisadiyyatın zəif nöqtələrini arxa plana keçirib. Lakin əsas sual süni intellektin növbəti mərhələdə hansı təsirləri yaradacağıdır. Dəmir yolu, elektrik enerjisi və internet kimi tarixi nümunələr göstərir ki, yeni texnologiyalar bəzən çökmə dövrlərini də özü ilə gətirir. Lakin bu, texnologiyanın məhvinə deyil, əksinə, dünyanı silkələyən iqtisadi qarışıqlığa yol açır.
“The Economist”ə görə, 2026-cı ildə süni intellektin xüsusilə orta təbəqə və universitet məzunlarına təsiri ən çox müzakirə edilən və cəmiyyətləri iki yerə bölən mövzulardan biri olacaq.

İqlimdə acı gerçəklər
Qlobal istiləşmənin 1,5 dərəcə ilə məhdudlaşdırılması artıq real görünmür. Trampın bərpa olunan enerji mənbələrinə maraq göstərməməsi də ümumi mənzərəni daha da ağırlaşdırır. Bununla belə, jurnal qeyd edir ki, emissiyalar artıq pik həddə çatıb və təmiz enerji texnologiyalarının, xüsusilə də qlobal cənubun inkişaf etməkdə olan ölkələrində yayılması davam edir. Proqnozlara görə, 2026-cı ildə diqqət mərkəzinə düşəcək sahələrdən biri geotermal enerji olacaq.
İdmanda sığınacaq axtaran dünya məyus ola bilər
İdmanın adətən siyasətdən qaçış imkanı yaratdığı düşünülür, lakin 2026-cı ildə bu belə olmaya bilər. ABŞ, Kanada və Meksikanın birgə təşkil edəcəyi Dünya Kuboku ölkələr arasındakı diplomatik gərginlik fonunda gözlənilən diqqəti cəlb etməyə bilər.
“The Economist” bildirir ki, Las-Veqasda keçiriləcək və dopinq istifadəsini leqallaşdıran “Enhanced Games” layihəsi idman dünyasının etik çərçivəsini tamamilə sarsıdacaq. Bu yarışlar bəziləri tərəfindən radikal təcrübə kimi qiymətləndiriləcək, digərləri isə bunu idman ruhunun tamamilə itirilməsi kimi dəyərləndirəcək.

Arıqlama dərmanlarında qlobal yenilik
Daha güclü və əlçatan həb formatlı arıqlama preparatlarının yaxın zamanda bazara çıxması gözlənilir. “The Economist”in proqnozuna görə, 2026-cı ilə qədər bu inkişaf təkcə səhiyyə sektorunda deyil, sosial həyat, sığorta sistemi və istehlakçı davranışlarında da ciddi dəyişikliklər yaradacaq.
Roza Şəfiyeva
-
İqtisadi gündəm13:04Orta aylıq əməkhaqqı 1087 manata çatıb
-
MDB11:55Zelenskinin dostunu Rusiya bu yola vadar edib: Kiyevdən sensasion iddia
-
Nida Xəbər 11:30Ramiz Mehdiyevlə bağlı gündəmi silkələyəcək ssenari - Yaxın günlərdə…
-
Dünya11:00Türkiyə şəhidləri ilə vidalaşır - VİDEO
-
Elm və təhsil10:18Ekspertdən sərt irad: “Təhsil çökür, onları şagird yox, maaş düşündürür"
-
Region09:48İrəvan silkələndi: Paşinyanın həyat yoldaşı “qanuni oğru”nun ailəsi ilə bir arada - FOTO
-
İdman09:30"Qarabağ"a daha bir şad xəbər: "Napoli"nin bombardiri sıradan çıxdı
-
ABŞ07:30Saxta peyğəmbər "şeytan" adlandırdığı qadını YANDIRDI











.jpg)











.jpg)







.jpg)




