Rezidenturaya qəbulda yeni test tapşırıqları
Bizi izləyin

Elm və təhsil

Rezidenturaya qəbulda yeni test tapşırıqları

Rezidenturaya qəbul imtahanında yeni test tapşırıqları təqdim ediləcək.

Publika.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Rezidentura” xüsusi buraxılışının 1-ci sayının“Ön söz”nə yazdığı məqalədə qeyd edib.

M.Abbaszadə bildirib ki, 2017/2018-ci tədris ili üçün rezidenturaya ayrılmış 505 plan yerinə qəbul aparılıb:

“Plan yerləri 93,07% dolmuşdur: müalicə işi, pediatriya istiqaməti üzrə plan yerlərinin 4,76%-i və tibbi profilaktika istiqaməti üzrə 24,59%-i boş qalıb. Tibbi profilaktika istiqaməti üzrə imtahan verən namizədlər ixtisas seçimi zamanı “Yoluxucu xəstəliklər” ixtisasına üstünlük vermişlər, “Gigiyena” və “Epidemiologiya” ixtisasları üzrə ayrılan plan yerlərinin isə hamısı boş qalıb.

2017-ci ildə imtahanın birinci mərhələsinin – baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının nəticələrinə əsasən imtahanda iştirak etmiş 1077 namizəddən müsabiqə şərtini ödəmiş (40 və daha çox bal toplamış) 665 nəfəri (61.74%) ikinci mərhələyə buraxılmış, onlardan 655 nəfəri imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmişdir. 2016-cı illə müqayisədə 2017-ci ildə baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının nəticələrində müsbət dinamika müşahidə olunmuşdur. Belə ki, müsabiqə şərtini ödəmiş namizədlərin sayı 195 nəfər artmışdır ki, bunların da 162 nəfəri müalicə işi, pediatriya istiqaməti üzrə imtahan vermiş namizədlərdir. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında ən yüksək nəticə müalicə işi, pediatriya istiqaməti üzrə 83, stomatologiya istiqaməti üzrə 66, tibbi profilaktika istiqaməti üzrə 80 bal olub”.

M.Abbaszadə onu da əlavə edib ki, 2018/2019-cu tədris ili üçün rezidenturaya qəbul imtahanlarına hazırlıqla bağlı DİM-də sistemli şəkildə elmi-metodik və təşkilati işlər aparılır.

“ Artıq qəbul imtahanlarının məzmununa dair zəruri elmi-metodik materiallar – baza və ixtisas fənləri üzrə qəbul proqramları, ixtisas seçimi cədvəli, tövsiyələr və s. yenidən işlənib hazırlanmış, eləcə də test bankına yeni test tapşırıqları daxil edilmişdir. DİM rezidenturaya qəbul imtahanlarının məzmunu ilə yanaşı, qiymətləndirmə mexanizminin də təkmilləşdirilməsinə xüsusi diqqət yetirir. Qabaqcıl ölkələrin bu sahədəki təcrübəsi öyrənilir, nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq edilir, qəbul imtahanlarının nəticələrinin elmi-statistik təhlili aparılır, qarşıya çıxan problemlərin həlli üçün tədbirlər görülür. Namizədlərin imtahanlara müstəqil və daha səmərəli hazırlaşmalarına kömək üçün müxtəlif fənlər üzrə vəsaitlərin və test toplularının tərtibi və nəşri istiqamətində işlər davam etdirilir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm