"İstək" niyə İSTƏKLƏRİ doğrultmadı? - Ekspert RƏYLƏRİ
Bizi izləyin

Elm və təhsil

"İstək" niyə İSTƏKLƏRİ doğrultmadı? - Ekspert RƏYLƏRİ

Ötən gün ölkəmizdə fəaliyyət göstərən “İstək" liseyi fəaliyyətini dayandırıb.

Publika.az xəbər verir ki, lisey təsisçisinin şəxsi istəyi ilə bağlı işinə son qoyub.

Bu barədə liseyin təsisçisi Təhsil Nazirliyinə müraciət yollayıb. Müraciətdə təhsil müəssisəsinin fəaliyyətinin dayandırılmasının səbəbləri qeyd olunub və “İstək” liseyində çalışan pedaqoji heyətin digər təhsil müəssisələrində işlə təmin edilməsi və şagirdlərin təhsillərinin digər ümumi təhsil müəssisələrində davam etdirməsinə köməklik göstərilməsi məsələləri əksini tapıb.

İstək liseyinin fəaliyyətini dayandırması, ilk növbədə, maliyyə problemləri ilə əlaqələndirilib. Bildirilib ki, liseyin yerləşdiyi binanın icarə haqqı kifayət yüksək məbləğ olub və liseyə azalan tələbat müəssisənin ümumdaxili tələbatını ödəməyib.

Təhsil eksperti Kamran Əsədovun bildirdiyinə görə, liseyə son illər ərzində tələb olunan sayda şagirdlər toplanmayıb:

“Son illər liseyin fəaliyyətində zəifləmə müşahidə olunub. “İstək” liseyi ölkəmizdə fəaliyyət göstərən üçüncü bahalı lisey idi: təhsil haqqı 7 min manatdan 11 min manatadək dəyişirdi. Bu da müraciət edənlərin sayına kəskin şəkildə təsir göstərirdi. Məndə olan məlumata görə, son 1 həftəyə qədər lisey qəbulla bağlı reklam kampaniyası aparıb və xeyli şagird qəbulu həyata keçirib. Onlar ən azı 7 min manata qədər pul ödəyiblər. Təəssüf ki, lisey bağlanandan sonra həmin valideynlərin pulunun qaytarılması ilə bağlı proses aparılmır”.

İllər əvvəl ümumi təhsil sistemində yüksək keyfiyyəti, yeni tədris metodologiyalarının və innovasiyaların tətbiqi sahəsində öncül yerlərdən birini tutan bu məktəblərdə son dövrlərdə təhsilin səviyyəsi nisbətən zəifləyib. Əgər 3-4 il öncə beynəlxalq fənn olimpiadalarında ölkəmizə medallar gətirən məktəblər sırasında “İstək” liseyi ön sıralarda yer alırdısa, bu gün bu tendensiya rəqabətli təhsil bazarında fəaliyyət göstərən digər məktəblərin xeyrinə dəyişib.

Təhsil eskperti Etibar Əliyev də bu faktı təsdiq edib və bildirib ki, liseyin fəaliyyətinin bu yöndə davam etdirilməsi üçün göstərdiyi nəticələr ürəkaçan səviyyədə deyil:

“İstənilən təhsil müəsissəsinin bağlanması yalnız akkreditasiya nəticəsində həyata keçirilməlidir. Yəni, proses təhsilin keyfiyyətinin qiymətləndirilməsindən sonra baş tutmalıdır. Özəl liseylərin yaranması və fəaliyyəti vaxtilə orta təhsildə rəqabət mühitinin formalaşdırılmasına xidmət edən layihə olub. Təhsilin keyfiyyətinə görə bu prosesdə türk liseyləri önə çıxıb. “İstək” liseyi də vaxtilə fəaliyyətinə xitam verilmiş türk liseyinin yerində yaradılmışdı. Həmişə Təhsil Nazirliyinin təqdimatlarında, Dövlət İmtahan Mərkəzinin arayışlarında bu liseyin yaxşı nəticələrinin şahidi olmuşam. Lakin son vaxtlar liseyin fəaliyyətində zəifləmə müşahidə olunub ki, bu da onun bağlanması ilə nəticələnib".

Bütün bunlarla yanaşı, “İstək” liseyinin vaxtilə ölkəmizdə fəaliyyət göstərən və FETÖ terror təşkilatının rəhbəri Fətullah Gülənin şirkətlər şəbəkəsindən biri olan “Çağ Öyrətim” ilə bağlarının olması, onun yerində yaradılan müəssisə olması ictimai yaddaşda özünə möhkəm yer tutduğuna görə liseyə qarşı ictimai inamsızlıq yaranıb.

Politoloq Elçin Mirzəbəyli bildirir ki, “Çağ Öyrətim” şirkətinin vaxtilə Azərbaycanda fəaliyyət göstərməsinin yeganə səbəbi rəhbər şəxslərin qardaş Türkiyəni təmsil etməsi olub və “İstək” liseyi də bu şirkətləri yerində tərtib edildiyi üçün Türkiyədə çevriliş cəhdindən sonra liseyin əhali arasında nüfuzu aşağı düşüb:

“Yəni, konkret olaraq Azərbaycanda Fətullah Gülən və onun tərəfdarlarının hər hansı formada ölkəmizin daxili proseslərinə təsir imkanlarından söhbət belə gedə bilməzdi. Eynilə də Azərbaycanın onlara xüsusi münasibəti yox idi. Ortada yalnız Türkiyə faktoru var idi. Ölkəmiz qardaşı ilə münasibətlərinə önəm verdiyi üçün Türkiyədən gələn iş adamlarına da, digər şəxslərə də həmişə qucaq açıb və dəstək verməyə çalışıb. Şübhəsiz ki, Türkiyədə FETÖ terror təşkilatı hakimiyyətə zərbə vurmaq niyyəti güdürdüsə, Azərbaycan tərəfindən adekvat cavab gecikə bilməzdi. Buna görə də şirkət Azərbaycandan köçürüldü.

İndiki vəziyyətdə “İstək” liseyinin Fətullah Gülənlə hər hansı formada əlaqəsi yox idi. Ancaq baş verən hadisələr bu liseyin də nüfuzuna təsir etdi, ciddi zərbə vurdu. Buna görə də ictimaiyyətin bu müəssisəyə olan münasibəti dəyişdi və valideynlər artıq “İstək” liseyinə üz tutmadılar. Getdikcə tələbatda azalma baş verdi. Beləliklə, lisey maliyyə baxımından problemlərlə üz-üzə qaldı. Əhali də başladı Azərbaycanla bağlı olan, onun milli maraqlarını müdafiə edən dövlət və özəl müəssisələrə üz tutmağa. Yekun olaraq, burada hər hansı siyasi motivdən söhbət gedə bilməz”.

Liseyin maliyyə baxımından problemlər yaşaması onun nüfuzuna təsir edən amillər səbəbindən olub. Liseyin fəaliyyət proqramına şübhə ilə yanaşan valideynlər müəssisənin xidmətindən imtina edib, övladlarını həmin liseyə yazdırmaq istəyənlər isə bu niyyətlərindən daşınıblar. Bəziləri isə kifayət qədər yüksək olan və getdikcə artan təhsil haqqı səbəbindən övladlarını həmin liseydən çıxarıblar.

Millət vəkili Aqil Abbas məsələnin bu istiqaməti ilə bağlı danışarkən bildirib ki, özəl təhsil müəssisələrində təhsil haqqı çox bahadır və buna görə artıq əhali “İstək” kimi liseylərin xidmətindən imtina edir:

“Liseyin bağlanılmasına əsas səbəb kimi sırf maliyyə çatışmazlığı göstərilir. Heç kimə sirr deyil ki, özəl təhsil müəssisələrində - həm ali, həm də orta məktəblərdə təhsil haqqı kifayət qədər yüksək məbləğdə olur. Lakin bir müddət sonra təhsil haqqını ödəmək mümkünsüz hala gəlir. Fikrimcə, bunun haqqında ciddi düşünmək lazımdır. Düşünürəm ki, ümumiyyətlə, təhsil pulsuz olmalıdır. Çünki bir ölkənin inkişafı, millətin gələcəyi üçün yaxşı təhsil hamıya bərabərhüquqlu şəkildə əlçatan olmalıdır. Azərbaycan kimi imkanlı, varlı, kifayət qədər inkişaf etmiş bir ölkə bunun öhdəsindən gələ bilər".

Ancaq biz demokratik ölkədə yaşayırıq. Təbii ki, imkanı olan özəl universitet də, məktəb də aça bilər. Bu, bizim üçün sadəcə sevindirici haldır. Lakin bir şeyə diqqət etmək lazımdır ki, o müəssisələrdə təhsil haqları mənim, sizin, bütün xalqın büdcəsinə uyğun olmalıdır”.

Qeyd edək ki, liseyin fəaliyyətini dayandırması ilə bağlı Təhsil Nazirliyi tərəfindən İşçi qrup yaradılıb və Bakı şəhərində yerləşən bəzi ümumi təhsil müəssisələrinin direktorları da həmin İşçi qrupa daxil edilib. Təhsil Nazirliyi “İstək” liseyinin şagirdlərinin onların valideynlərinin seçiminə uyğun olaraq istənilən dövlət məktəblərində yerləşdirməyə hazırdır. “İstək” liseyində çalışan müəllimlər isə kifayət qədər hazırlıqlı olduqlarından öz fəaliyyətlərini dövlət və ya özəl ümumi təhsil müəssisələrində davam etdirə bilərlər.

“İstək” liseyinin fəaliyyətini dayandırmasi ilə bağlı yaranmış məsələlərin həllinə Təhsil Nazirliyinin operativ reaksiyası Azərbaycanda dövlət tərəfindən təhsilə, şagird və müəllimlərin maraqları və mənafeyinə diqqətin və qayğının prioritet sahələrdən biri olduğunu növbəti dəfə nümayiş etdirmiş oldu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm