Xoşbəxt olmağın SİRRİ TAPILDI: Bunu bilmək hər birimizi...
Bizi izləyin

Elm və təhsil

Xoşbəxt olmağın SİRRİ TAPILDI: Bunu bilmək hər birimizi...

Xoşbəxt olmağın sirrini tapmaq, uşaqlıqdan şüuraltında qalan qorxuları aradan qaldırmaq, bütün arzu və xəyalları gerçəkləşdirmək.

Bunların hamısı insanın öz əlindədir.

Bu sözlər Konsultasiya və inkişaf Mərkəzinin rəhbəri, bədən dili, natiqlik, özünüinkişaf motivasiya sahələri üzrə mütəxəssis, təlimçi David Poladovun Publika.az-a müsahibəsində əsas fikirlərdir.

Bəs bunları gerçəkləşdirmək üçün nə etməliyik? Cavabı müsahibəmizdə:

- David bəy, əvvəlcə rəhbəri olduğunuz Konsultasiya və inkişaf Mərkəzi barədə məlumat verərdiniz...

- Konsultasiya və İnkişaf Mərkəzinin məqsədi psixologiyanın tətbiqinin hər kəs tərəfindən qəbul olunması və bunun üçün psixoloqların yetişdirilməsidir. Hazırda özəl bir qurum kimi fəaliyyət göstərsək də, Ədliyyə Nazirliyinə İctimai Birlik kimi qeydiyyatdan keçmək üçün müraciət etmişik. Yarım ildir Konsultasiya və İnkişaf Mərkəzi olaraq fəaliyyət göstəririk, ondan əvvəl isə müvafiq ictimai birliklərdə psixoloji xidmət göstərmişik.

Bizim ən ideal obyektimiz SABAH qruplarının tələbələridir. İki ildir SABAH qruplarına psixoloqlar qəbul olur və artıq 45 savadlı və hazırlıqlı tələbəmiz var. Onlar bizim üçün psixoloq bazasıdır, bununla yanaşı Bakı Dövlət Universitetinin dosent, professor dərəcəsi olan psixoloqlarını da bu işə cəlb edirik.

Bakı Dövlət Universitetinin psixologiya fakültəsi yüksək səviyyəli psixoloq hazırlayır. Sadəcə orada Sovet dövrünün psixologiyaya yanaşma üsulundan istifadə edilir. Həmin yanaşmaya görə psixologiya yalnız nəzəriyyədə qalacaq elm sahəsidir.

- Sizin yanaşmanız necədir?

- Psixologiya böyük keçmiş və qısa tarixə malik, Aristotelin “Ruh haqqında traktatı”ndan başlayan bir elm sahəsidir. Biz psixikanın əsasını axtarırıq. Əslində bütün psixoloqlar buna can atır, lakin yanaşmalar fərqlidir.

Əkbər Bayramov, Əbdül Əlizadə dəyərli alimlərimiz tədqiqatlar aparıb, kitablar yazıblar. Lakin biz müasir psixologiyaya şüuraltını, qeyri-adi potensialı kəşf etmək istəyən sahə kimi yanaşmalıyıq. Biz psixologiyanı elə bir elm sahəsinə çevirmək istəyirik ki, ona Nobel mükafatı verilsin.

- Bu ideya sizdə necə yarandı?

- Psixologiya elə bir elm sahəsidir ki, bunu nəzəriyyə və kitablarla öyrənmək kifayət deyil, fərdi yanaşma əhəmiyyət daşıyır. Hazırda mən Bakı Dövlət Universitetinin SABAH qruplarında psixologiya ixtisası üzrə təhsil alıram. Bədən dili, natiqlik, manipulyasiya ilə bağlı məqamları Tbilisi və Krımda təlimlərdə öyrənmişəm.

Bizim fəaliyyətimizin məqsədi psixologiya məktəbi yaratmaqdır. Səmimi olaraq etiraf edirəm ki, ali təhsil müəssisələrində, Azərbaycan Milli Elmlər Akademiyası səviyyəsində bu məsələni qaldırmaq üçün yaşım yetərli deyil, eləcə də bunun üçün elmi dərəcəm yoxdur. Lakin mərkəz rəhbəri kimi istəklərimi həyata keçirə bilərəm. Biz “həqiqi psixologiya cərəyanı” yaratmağa çalışırıq. Psixologiyanın sadəcə nəzəriyyə olması, nitqi, təfəkkürü öyrənməsi kimi problemli yanaşmaları aradan qaldırmaq istəyirik. Faktiki surətdə psixologiya geniş elm sahəsidir və həyatın hər bir sahəsinə tətbiq edilməlidir. İdarələr, müəssisələr, ictimaiyyətdə hər bir pillədə psixologiyadan istifadə etməliyik. Hər hansı bir şirkətdə insan resursları departamentində işə qəbul edilənlərin psixikası dəyərləndirilməlidir. Faydalı iş əldə etmək istəyən şəxs ilk növbədə qarşısındakının psixologiyasını öyrənməlidir. Hər həftəsonu liderlik, bədən dili, manipulyasiya təlimləri veririk. Bu təlimlərdə iştirak edənlər qarşısındakının psixoloji durumunu anlaya bilir.

Tələbələrin yazılanları əzbərləməsi...

- Bir çox ali təhsil məktəbində psixologiya ixtisasına qəbul aparılır. Bu suala həm də bir tələbə kimi cavab verməyinizi istərdim. Universitetlərdə psixologiya ixtisasında təhsil alan tələbələr psixoloq kimi yetişə bilir?

- Tələbələr Bakı Dövlət Universitetində 4 il ərzində psixologiya üzrə təhsil alırlar. Lakin məzun olanda onların çoxu insana təsir metodlarını izah edə bilmir. Çünki tələbəyə nəzəriyyə, psixologiyanın tarixi öyrədilir. Düzdür, Bismarkın belə bir ifadəsi var ki, başqasının təcrübəsini öz üzərində tətbiq etmə. Bu prinsipə əsasən nəzəriyyəni öyrənmək vacibdir. Lakin yalnız bunu öyrənməklə psixologiyanı bilmərik. Dəyərli alimlərimiz Əkbər Bayramov, Əbdül Əlizadə, Bəxtiyar Əliyev psixologiya ilə bağlı gözəl nəzəriyyələr yaradıblar. Lakin onlar azı 30 ilin məhsullarıdır, onlar Sovet dövründə yazılıb və həmin dövr psixologiyaya mühit əlverişli deyildi. Ona görə bu gün Azərbaycanda monipulyasiya, bədən dili, natiqlik, insana təsir metodlarını öyrədən kurslar, təlimlər o qədər də çox deyil, ali məktəblərdə ümumiyyətlə tədris edilmir. Bundan başqa, mövcud təhsil sistemində abituriyentlər yalnız ali məktəbə qəbul olmağa köklənib. Ona görə də tələbələrin əksəriyyətinin dil bazası yoxdur. Bu gün Azərbaycan tələbələri arasında özünü dəyərləndirmə mexanizmi zəifdir.

SABAH qruplarında birinci kursdan fərqlənən tələbələr seçilir. Onlar daha həvəsləndirici üsulla tədrisə cəlb edilirlər. İnsan fərd olaraq dünyaya gəlir və şəxsə çevrilir. Bunun kökündə iki əsas prinsip var: fəaliyyət və ünsiyyət. Fəaliyyət məqsədyönlüdür. Əvvəlcə ünsiyyət qururuq, sonra məqsədə görə fəaliyyət göstəririk. Bunu bir insanın üzərinə köçürəndə onu şəxsiyyət kimi yetişdirmiş oluruq. Tələbələrin yazılanları əzbərləməsi yox, onu şəxsiyyət kimi yetişməsi universitetlərin əsas məqsədi olmalıdır. Azərbaycan dilində ali məktəblər üçün dərsliklərin sayı kifayət deyil. Buna görə də xarici dilləri bilmək vacibdir. SABAH qrupları tələbələrindən dil bazaları zəngin olanları seçib kitablar tərcümə edirik. Bu yaxınlarda Müşfiq Mustafayev, Bəxtiyar Əliyevin “Diqqət, hafizə” kitabı çap olundu.

İdeal olmaq çətin deyil...

- Bu gün istər orta, istərsə də ali məktəblərdə əzbərçiliyə daha çox yer verilir. Yalnız ali təhsil almaq, oxumaqla psixoloq olmaq mümkün deyil, bu iş sanki xüsusi bir istedad tələb edir. Necə düşünürsünüz, psixoloq olmaq üçün test sullarının çoxuna düzgün cavab vermək kifayətdirmi, yoxsa qəbul prosesində əlavə müsahibəyə ehtiyac var?

- Psixologiya ixtisasına sadəcə testlə seçim doğru deyil. Bu gün jurnalistika, eləcə də bir sıra ixtisaslara qəbulda müsahibə mərhələsi var. Hesab edirəm ki, psixologiyaya qəbul da bu müsahibə mərhələsi olmalıdır. Bir insan 4 il ərzində öyrəndikləri ilə fərdi yanaşmasını yarada bilər. Lakin yaratmağa meyillidirmi? Tələbə seçəndə bu suala cavab tapmalıyıq. Tələbə yaratmağa meyillidirsə, onu bu ixtisasda ideal psixoloq olaraq hazırlamalıyıq.

- Bayaq bütün iş yerlərində psixoloqa duyulan ehtiyacdan danışdınız. Hansı məqamlarda iş yerində psixoloqun olması mütləqdir?

- Psixologiya həm cəmiyyətdə, həm tibb və idarəetmədə, bir sözlə hər yerdə var. Bizim məqsədimiz psixoloqun cəmiyyətin hərəkətverici qüvvəsi olmasına imkan yaratmaqdır. Şirkət yaradanlar ilk olaraq mühasibi fikirləşməklə yanaşı, insan resursları şöbəsinə psixoloq qəbul etməyi də düşünməlidir. Təlimlərimizdə şirkət rəhbərləri də iştirak edir. İşçi seçimi ilə bağlı danışanda məlum olur ki, onlar əməkdaşı seçərkən üzbəüz müsahibədə bitirdiyi ali məktəb, xarici dil bilgiləri kimi suallar verir. Bu suallara cavab almaq üçün müsahibəyə ehtiyac yoxdur, çünki CV-də hamısı yazılır. Müsahibədə insanın bədən dili, situasiyaya, həyata, işə yanaşma tərzindən biz cəmiyyətimizi inkişaf etdirəcəyini müəyyən edə bilərik. Bu zaman tələbə də 4 il ərzində əzbərləmək yox, özünü inkişaf etdirməklə məşğul olar. Tələbə biləcək ki, o, ideal olmalıdır. İdeal olmaq isə çətin deyil. Hər kəs real məni ideal mənin səviyyəsinə çatdıra bilər. Bunun üçün psixologiya cəmiyyətə inteqrasiya etməlidir.

6 ayda əzbərləməklə dil öyrənibsə

- Şirkətlərin işə qəbul prosesində, eləcə də İnsan resursları şöbələrində psixoloqların olmaması hansı problemlərə yol açır?

- Bunun üçün üç təcrübə var - xarici şirkətlər, yerli özəl şirkətlər və dövlət qurumları. Xarici, eləcə də xaricə bağlı şirkətlərdə bu xidmət var. Dövlət qurumlarında istənilən kateqoriyada işə qəbulda bu problem yaşanır. Qurumlarda psixoloq ştatının olmaması işə qəbul edilən şəxsin əsas məqsədini ilk müsahibədən müəyyən etməklə çətinlik yaradır. Əməkdaş ingilis dilini bildiyini deyir, bu, yaxşı haldır. Lakin o dili iki il ərzində başqa faydalı işlərlə məşğul olaraq öyrənibsə, o bizə lazımdır. Yox, əgər sadəcə işə qəbul olmaq üçün 6 ayda əzbərləməklə dil öyrənibsə, həmin əməkdaşı işə qəbul etməməliyik.

İdarəetmədə psixologiyaya çox ehtiyac var. Məsələn, bir işə 100 min manat vəsait ayırmaq olar, lakin ora işini bilən, şəxsi keyfiyyəti yüksək olan əməkdaş cəlb etməsək işimiz uğursuz olacaq, hətta vəsaiti artırsaq belə. 10 min manat vəsait ayıraraq 5 güclü əməkdaşla yarım il ərzində, 100 min manatlıq işdə əldə etdiyimdən daha çox qazana bilərəm. Göründüyü kimi, əsas məsələ insan resursları ilə bağlıdır.

Həmin anda vaxtıdır

- Bunu müəyyən etmək üçün işdə psixoloqun olması mütləqdir?

- Təbii ki, mütləq deyil. Şirkət rəhbərləri bizim konsultasiyalarda bu yanaşmanı öyrənirlər. Məqsəd bütün sahələrə psixoloq, psixologiyanı yerləşdirməkdir. Bütün insanlar öz üzərində işləməyi bacarmalıdır. Bizim mərkəzin əsas məqsədi budur. Təəssüf ki, bu məsələyə doğru yanaşmırıq. Biz düşünürük ki, başqaları yaratsın biz inkişaf etdirək. Nə üçün biz Nobel mükafatı almayaq? Halbuki bizim kifayət qədər savadlı alimlərimiz var.

- Deyəsən, bizim cəmiyyətin əsas problemi öz üzərində işləməməkdir?

- Bəli. Özünüaktuallaşdırma tələbatının idarəetmədə istifadə edilməsi ilə bağlı monoqrafiya işləyirik. Bu mövzunu seçməkdə məqsədimiz psixologiyanın təkcə duyğu, hafizə, yaddaş, nitq, təfəkkürdən ibarət olmadığını göstərməkdir.

Tələbələrə monoqrafiya yazmaq təklif edəndə “mənə görə tezdir” ifadəsini işlədir. Bu təbəqələrarası təsirlə bağlıdır. Ona uşaqlıqda valideynləri tərəfindən deyilən “bacarmarsan” ifadəsi ilə bağlıdır. Əslində heç nə üçün heç zaman nə gec, nə də tezdir, həmin anda vaxtıdır.

- Bu yaxınlarda belə bir məlumat oxudum, 2030-cu ilə qədər dünya ölkələrində psixi problemlərin müalicəsində 16 trilyon xərclənəcək. Çünki bu problemdən əziyyət çəkənlərin sayı hər il bir az da artır. Səbəb nədir?

- Həmin insanların əsas problemi onlara psixikanın öyrədilməməsidir. Psixi problemlərin artmasının da kökündə insan psixikasının öyrədilməməsi durur.

- Deyirsiniz ki, bütün psixi problemləri yaşamağımızın səbəbi psixologiyanı bilməməyimizdir. Ayrı-ayrı fərdlər psixologiyanı necə öyrənsin? Hər kəs konsultasiya mərkəzinə getməlidirmi, yoxsa kitabdanmı oxumalıdırlar?

- Sualda “fərd” ifadəsini işlətdiniz. İnsan ilk növbədə fərd yox, şəxs olmalıdır. Hər kəs fərddən şəxsə keçidi öyrənməlidir. Bunu etməyən insanlar uğur qazanmır. Hər kəsin öz uğur modeli var və bunu hərə özü tapır. Bunun üçün fərd yox, şəxsiyyət olmağı bacarmaq lazımdır. Hər kəs şəxsi xüsusiyyətlərini formalaşdırmalıdır, insanlarda bu əsasən yeniyetməlik dövründə formalaşır. İnsan hər gün bir pillə artır. Hər birimiz genetik kodla dünyaya gəlirik və yeni şüur qatı yaradırıq. Hər kəs qarşısında ən böyük sual “Mən kiməm”dir. Bu sualın cavabını bilsək, hər bir problemdən qurtulacağıq.

Xoşbəxtliyin sirri

- Amma hələ də, bu prosesin haradan başlanması ilə bağlı sualıma cavab vermədiniz. Dediniz ki, psixologiya, şəxsi keyfiyyətlər yeniyetməliyə çatanda formalaşır. Bu yaşa çatan və hətta onların arasında olaraq bu yazını oxuyanlar da ola bilər. Nə etməlidirlər? Haradan başlasınlar?

- Özlərindən başlasınlar. İlk növbədə psixologiya ilə bağlı bir yazı oxusunlar, bir axşam gün ərzində etdiklərini düşünüb hansı məqsədə görə yaşadıqlarını analiz etsinlər. Bu, psixologiya deyil, həyat fəaliyyətinin təşkilidir. 50 yaşına qədər bir insan qeyd etdiyimiz məqamlara diqqət etməyə bilər. Lakin bu gündən başlasa belə, yenə özünü dəyişə bilər. Öz üzərimizdə işləməklə bizimlə bərabər həyatını davam etdirən insanlara da təsir edirik. İnsan xoşbəxtdirsə, hər şey edə bilər. Xoşbəxt olmaq üçün insanlar özlərinin yaratdığı məhdudiyyətləri aradan qaldırmalıdır. Hazırladığım monoqrafiyanın girişində uşaqlıqdan işlətdiyim bir birləşməni qeyd etmişəm. “Həyat xəyalların arzulara, arzuların istəklərə, istəklərin məqsədlərə, məqsədlərin həqiqətə çevrilməsinə sərf olunan zaman müddətidir”. Bizim üçün çevrilmənin tək hərəkətverici qüvvəsi inanmaqdır. İnanmaqla bir insan 50 yaşında belə işini tamamilə dəyişib başqa sahədə böyük uğurlar qazana bilər. Tələbələrə monoqrafiya yazmaq təklif edəndə “mənə görə tezdir” ifadəsini işlədir. Bu uşaqlıqda valideynləri tərəfindən deyilən “bacarmazsan” ifadəsi ilə bağlıdır.

- Biri zəngin olacağına inanırsa...

- Olacaq, mütləq olacaq. İnsan hər hansı problem yaşayacağını düşünürsə, demək ona uyğun yaşayır və yaşayacaq da. Heç kəs öz pisliyini istəməz. Lakin insanların beyni istehsal etdiyi həyatı yaşayır. İnsan olduğu kimi yaşamağı seçərək xoşbəxt ola bilər.

- Xoşbəxtliyin sirri...

- İnanmaq və xəyal qurmaqdır.

- Sadəcə inam və xəyal yetərlidirmi?

- Təbii ki, sadəcə bir məsələyə inanaraq, oturub çay içirsə, bir saat sonra yorulacaq. Çünki biz inana bilmək üçün işləməliyik. İnanmanın kökündə həm də hərəkət durur. Hər insan əmək bazarında özünü önə çıxaracaq kriteriyasını yaratmalıdır. Bunun üçün insanlar çoxlu kitab oxumalıdır. Cəmiyyətimizin 50 faizdən çoxu özünü düzgün təqdim edə bilsə, biz dünyanın ən inkişaf etmiş ölkələrindən olacağıq.

- Bu gün psixoloqların, eləcə də psixoloji mərkəzlərin sayı durmadan artır. Sonda istərdim ki, yaxşı psixoloqu necə seçə biləcəyimizə aydınlıq gətirərsiniz...

- Psixologiya biznes sahəsi deyil. Həmin mərkəzlərin çoxunun əsasnaməsini tapa bilmirik. Həmin psixoloqların müraciət edənləri necə qəbul etdiyi bəlli deyil. Əgər bir psixoloq ona müraciət edən şəxsə “Həyatındakı müəyyən məqamları özündən uzaqlaşdır”, - deyə məsləhət görürsə, bu, doğru yanaşma deyil. Seçimi qarşısındakı insanın özünə buraxan insanlara etibar etmək lazımdır.

Gülxar,

Foto: Elnur Muxtar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm