"İmtahanda istifadə olunan hər bir tapşırıq bilik və bacarıqları yoxlamaq üçündür"
Bizi izləyin

Elm və təhsil

"İmtahanda istifadə olunan hər bir tapşırıq bilik və bacarıqları yoxlamaq üçündür"

Son günlər ictimaiyyət arasında müzakirə olunan buraxılış imtahanlarının məzmunu və mürəkkəblik dərəcəsi müzakirə olunur. Buraxılış imtahanlarında istifadə edilən bütün test tapşırıqları ümumtəhsil müəssisələrində qüvvədə olan dərsliklər əsasında hazırlanır və müvafiq fənlər üzrə təhsil proqramı – kurikulumun təlim nəticələrinə uyğun bilik və bacarıqları yoxlamağa xidmət edir.

Publika.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransında son günlər ictimaiyyət arasında müzakirə olunan buraxılış imtahanlarının məzmunu və mürəkkəblik dərəcəsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, imtahanda istifadə olunan hər bir tapşırıq bəlli standartlar üzrə bilik və bacarıqları yoxlamaq üçündür:

"Hər bir tapşırığın konkret olaraq hansı standartı yoxlamağa xidmət etdiyini də göstərə bilərik. Bəzən oxuyub-anlama bacarığını yoxlamaq üçün imtahanda istifadə olunan hansısa bir mətnin həcminin böyük olması, məzmununun çətin və ya proqramdan kənar olması ilə bağlı iddialar səsləndirilir. Bu il imtahanda istifadə olunan “Telekinez” lə bağlı mətn daha çox müzakirələrə səbəb olub. Halbuki həmin mətnin həcmi əvvəlcədən verilən imtahan modelindəki mətnlə, həmçinin daha əvvəl imtahanlarda istifadə olunan mətnlərin həcmi ilə eynidir. Səsləndirilən fikirlərdə mətnin məzmununun da 11-ci sinif şagirdləri üçün çətin olduğu bildirilir".

DİM sədri abituriyentlərin aşağı siniflərdə keçirilən mövzularda çətinlik çəkdiklərinə diqqət çəkib:

“4-cü sinif Azərbaycan dili dərsliyinin 226-cı səhifəsinə baxın. Görün telekinez haqqında nə qədər məlumat var. Təəssüf ki, insanlar 4-cü sinifdə verilən mövzuların 11-ci sinif şagirdi üçün çətinlik yaratdığını iddia edirlər. Ancaq builki məzunlar 2015-2016-cı tədris ilində həmin dərsi keçiblər və tanış olmalı idilər”.

Məleykə Abbaszadə bildirib ki, imtahan nəticələri elmi-statistik cəhətdən təhlil olunmadan onun mürəkkəblik səviyyəsi haqqında nəsə demək düzgün deyil:

"Dünən son 4 ilin göstəriciləri ictimaiyyətə təqdim olundu. Hamısı bir-birinə yaxındır. Builki nəticələri də yoxlama prosesi bitdikdən sonra elan edəcəyik. Bəzən imtahanların çətinliyi ilə bağlı ictimaiyyət nümayəndələri tərəfindən də ziddiyətli fikirlər eşidirik. Test sisteminin əzbərçiliyə səbəb olmasını vurğulayırlar. Ancaq müəyyən bacarıqları yoxlayan yazılı cavab tələb edən açıq tipli tapşırıqlardan istifadə olunanda çətindir deyirlər”.

Riyaziyyat fənninə aid suallarla bağlı səslənən fikirlərə münasibət bildirən M.Abbaszadə tapşırıqların iştirakçıların yazılı cavablarının statistik təhlili əsasında bir daha araşdırılacağını və yekun qərarı ekspert komissiyasının verəcəyini qeyd edib.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm